İnsanlara hürriyət, millətlərə istiqlal!

İsveçrəli seçicilər daha sərt neytrallığı rədd edirlər

Sentyabrın 27-də İsveçrədə daha sərt müəyyən edilmiş neytrallıqla bağlı referendum keçirilib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, hökumətin məlumatına görə, seçicilərin 70,15%-i təklifin əleyhinə, 29,85%-i isə lehinə səs verib. Seçkilərdə iştirak edənlərin sayı 47,06% olub.

Təşəbbüsdə "əbədi və silahlı" neytrallığın elan edilməsi, İsveçrənin ölkəyə hücum və ya hücum təhdidi halları istisna olmaqla, hərbi və ya müdafiə ittifaqlarına qoşulmasına və ya onlarla əməkdaşlıq etməsinə qadağa qoyulması tələb olunurdu. Bundan əlavə, ölkə BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmədikcə müharibə aparan dövlətlərə qarşı sanksiyalar tətbiq edə bilməzdi.

Təşəbbüsü sağçı İsveçrə Xalq Partiyası (SVP) maliyyələşdirib. Hökumət və əsas siyasi partiyalar təklifə qarşı çıxıblar.

"Bu nəticə neytrallığa qarşı səsvermə deyil. İsveçrə dünən neytral idi, bu gün də neytraldır və gələcəkdə də neytral qalacaq", - deyə xarici işlər naziri İqnazio Kassi səsvermədən sonra keçirilən mətbuat konfransında bildirib.

"Mövcud neytrallıq modeli öz effektivliyini sübut edib", - deyə o əlavə edib.

Səsvermədən əvvəl televiziya debatları zamanı Kassi qeyd edib ki, "neytrallıq həmişə müəyyən dərəcədə çevikliklə tətbiq olunub". O əlavə edib ki, İsveçrə "bizə sülh şəraitində yaşamağa imkan verən beynəlxalq qaydaların pozulmasına göz yummayacaq".

İsveçrə 1815-ci ildə özünü neytral ölkə elan edib və bu status onun konstitusiyasında təsbit olunub. Lakin, “Röyters” agentliyinin məlumatına görə, hökumət tərəfindən neytrallığın tətbiqi üçün konkret prosedurlar açıqlanmayıb.

2026-cı ilin iyun ayında İsveçrə ölkə əhalisinin sayını 10 milyonla məhdudlaşdırmaqla bağlı referendum keçirib. Seçicilərin təxminən 55%-i SVP təşəbbüsünün əleyhinə səs verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR