Onlayn ictimai-siyasi qəzet
O gün saytımızda Sinqapur vətəndaşlarının 192 ölkəyə və əraziyə vizasız səyahət edə bilməsi barədə bir xəbər vardı. Oxuculara yaman maraqlı gəlib.
Dünya xəritəsində nöqtə boyda görünən Sinqapurun pasportunun belə hörmətli olması təəccüblü görünə bilər, amma həmin siyahıda ikinci yeri bölüşdürən Yaponiya, Cənubi Koreya və Birləşmiş Ərəb Əmirliklərinin nailiyyəti təsadüfi deyil. Bu ölkələrin pasport daşıyan vətəndaşları 188 ölkə və əraziyə vizasız gedə bilirlər.
Dünyada isə 200 civarında dövlət var. Həmin 200 dövlətin yalnız 72-si bizim vətəndaşlardan viza tələb etmir. Onlar da qonşu ölkələr, “keçmiş SSRİ qardaşlarI”, Afrika ölkələridir. Bir də Mikroneziya kimi ölkələr var ki, bizə “çamadanınızı götürün, minin təyyarəyə, gəlin” rejimi tətbiq edir. Sadəcə, biz öncə gərək Mikroneziyanın harada, hansı qitədə, hansı böyük ölkənin yan-yörəsində yerləşdiyini öyrənək. Azıb gedərik Yeni Kaledoniyaya-filana, 2-3 min adanın arasında kərəvəngə qalarıq.
Əslində çoxumuz istərdik ki, heç olmasa 140 ölkəyə, xüsusilə də Avropa ölkələrinə vizasız gedə biləydik. Amma o ölkələr bizə bu yaxşılığı etmirlər, qorxurlar ki, mərakeşlilər İspaniyanın anklavına cumduqları kimi, biz də onların ölkələrinə daraşarıq, əlüstü pasportlarımızı da itirərik və qalarıq dağılan Almaniyada, pozğunxana Fransada, nə bilim, o biri İbnəlandda-zadda.
Biz özümüz isə bir xeyli ölkədən viza tələb etmirik, deyirik, qoy gəlsinlər, turizm sektorumuza töhfə versinlər, ölkəmizə avro və dollar gətirsinlər ki, valyuta ehtiyatımız artsın.
Di gəl, son iki ildə umduğumuz effekti ala bilmirik – xarici turistlər ölkədən qaçaq düşüb, ta kütləvi şəkildə gəlmirlər. Bir ara ölkəmizə yaman dadanmışdılar.
Avropaya buraxılmayan rusların xeylisinin güzarı buralara düşürdü. Araya təyyarə-Qroznı-Aktau hadisəsi düşdü, sonra Yekaterinburq-diaspora-qətl-həbs olayları oldu. Bizdə də bir qrup şərəşur, haker-maker rus içəri salınıb qaz yerişi yeridiləndə şimaldan gələn turistlərin sayı minimuma endi.
Ərəblərin ayağını isə özümüz kəsdik. Adlarına söz çıxartdıq ki, guya bura lotuluğa gəlirlər. Amma əksəri arvadlarıyla, uşaqlarıyla gəlirdi. Bir də görürdün, bahalı otelin qabağında bir yekə maşın dayandı, içindən bir kişi, 3-4 zövcə, 7-8 uşaq düşdü və dallarınca 20 çamadanı endirdilər.
Hərçənd özlərini yaxşı aparmayanlar da vardı, hörmətsizlik edirdilər, küçədə anqırışırdılar, şıllaq atırdılar, bar-barlıq edir, bar-bar sülənirdilər, dillərini dinc qoymurdular. Bu isə aborigen xalqda qıcıq doğururdu. Yadınızdadırsa, nadinclik edənlərdən 3-4-nü tutub basmışdılar içəri, bilmirəm əfv edib buraxıblar, yoxsa hələ də içəridədirlər.
Amma hindistanlı turistlərin ölkəmizdən üz döndərməsi beynəlxalq vəziyyətə görə oldu. Keçən ilin yayında Pakistanla Hindistanın arası növbəti dəfə dəydi, bir-birinə raket atdılar və o raketlərdən bir neçəsi də bizim turizm sektoruna dəydi. Belə oldu ki, biz əhdə vəfadarlıq elədik, dedik, Pakistan qardaşdır. Bu söz Modigilin qulağına çatdı, onlar da əvvəlcə “Ermənistan qardaşdır” dedilər, sonra öz turizm şirkətlərinə əmr etdilər ki, ölkəmizə turist göndərməsinlər. Tramp araya tez girsəydi və Hindistanla Pakistanı tez barışdırsaydı, biz ortaya mövqe qoymazdıq və varlı induslar yenə 150-150, 200-200 gələrək toylarını Bakıda, Şəkidə edərdilər.
Sərhəddə quru yollar açıq olanda iranlı turistlər Bakıya çox axışırdılar. İki o qədər də bizdən İrana, müalicəyə, müayinəyə gedən olurdu. Orada onlara nə dərmanı verirdilərsə, yaxşılaşırdılar, qayıdıb gəlir, 3-4 aydan sonra bir də gedirdilər. Bir növ, türkün sözü, tiryaki olmuşdular. And içənlər vardı ki, ortada tiryək söhbəti də var. Bir də deyirdilər, turist adıyla İrandan ölkəmizə çoxlu kəşfiyyatçı gəlir, gəlib burda iş aparırlar. Hər nəydisə, o kanalın zibili çıxdı, ara kəsildi. İndi əlac təyyarəyə qalıb, o da həm ucuz deyil, həm də bəzən hava məkanı bağlanır.
Başqa ölkələrin turistləri isə sırf bizim otelçilərin, iaşəçilərin, taksiçilərin tamahkarlığı üzündən ölkədən perik düşüblər. 4-5 il öncə bunun anonsunu verirdik, yazırdıq ki, iaşə, ticarət, xidmət sahəsində çalışanlarımız turistlərə kələk gəlməsinlər, onları soymasınlar, elə etsinlər ki, onlar bu ölkəyə bir də, həm də daha böyük heyətlə gəlsinlər. Kimə deyirsən? Bizimkilər turist görəndə özlərini meşə talasında quzu görmüş ac canavar kimi aparırdılar. Quzu demişkən, 12-14 kiloluq toğlunun kababına görə turist qrupundan bir cöngənin (1800 manat) pulunu alan restorator olmuşdu.
Nəticə budur: gəlmirlər. Burdan gedənlər ölkəmizi necə vəsf ediblərsə, səyahət etməyi xoşlayan avropalılar başımızın üstündən uçub Özbəkistana, Qazaxıstana, Qırğızıstana gedirlər. Allahdan, oralar onsuz da səyahəti avropalılardan da çox sevən çinlilərə yaxındır, ona görə də otelləri turistlərlə dolub-daşır.
Biz isə hər şeyi sıfırdan başlamalıyıq – vizalardan, “Vizzair”dən və sairdən.
10 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ