İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ziyafət, iki qəbz - “Çıtır tavuk salatası”nın fiyatı

Ana dilimizin qeyd olunduğu gün üç həmkarımız “Kaddeh”restoranına varid olublar ki, bir qismət çörək yesinlər.

Onlardan birinin - Könül Ayparanın yazdığına görə, 3 banka kola, bir albalılı pomidor, bir sezar salatı, iki porsiya kartof qızartması, iki porsiya da qızardılmış toyuq sifariş ediblər. Musiqi də varmış. Əvvəlcə bir müğənni oxuyub, sonra di-cey qonaqları feyziyab edib. Lap axırda ziyafətin hesabı gəlib: 150 manat! Şok!

Əlbəttə, həmkarlarımız oliqarxiya kastasından və ya “papanın gül balaları” sinfindən olsaydılar, dinməz-söyləməz şəkildə pullarını ödəyib gedərdilər. Amma bunlar jurnalistdirlər, quşqulanıblar ki, haqq-hesab düz deyil – istehlakçı hüquqları, qiymətin əsassız şəkildə şişirdilməsi-filan.

Mübahisə yaranıb. Amma restoratorlar dirəşiblər. Məlum olub ki, müştərilər başqa vaxt haqlı ola bilərlər, amma hesabı ödəmək məsələsində həmişə haqsızdırlar və qəbzdə nə yazılıbsa, ödəməlidirlər.

Məsələ böyüyüb, hesablaşma uzanıb. Ortaya çıxıb ki, jurnalistlərə təqdim edilmiş fakturada yemədikləri, içmədikləri təamlar da qeyd olunub və hesab yuvarlaqlaşdırılıb. Polemika dərinləşəndən sonra hadisə yerinə restoranın sahibi Hakkı bəy də gəlib və həqqaniyyət tərəfdarı çıxıb. Jurnalistlərin xudmani ziyafətinin hesabı təzədən çəkilib və ortaya yeni rəqəm çıxıb: 100 manat.

Yəni bir az demaqoqluq edirsən və 100 manat qabağa düşürsən. Sakit durdunsa, ətrafdakılara kübar biri kimi görünmək istədinsə, 50 manatını qapazlayırlar, durub gedirsən.

Bəs görək, jurnalist xanımlar eyni ziyafəti özlərinə evlərində versəydilər, xərci nə qədər çıxardı?

Mütəxəssislər deyir ki, bu halda onların külli xərci 20 manata çıxmazdı. İki toyuq 12 manat, yerdə qalanı da kola-mola, pomidor-filan. İmperator Yuli Sezarın sevdiyi salatın maliyyəti də olsun 2 manat. Heç nə.

Amma təbii ki, könül (eləcə də Könül Aypara) istəyir ki, hərdən yeməyini musiqili ortamda, ictimai yerdə yesin, bir az dincəlsin.

Kimin ağlına gələr ki, qrilinin bütövü 8-9 manat olan toyuğun bir porsiyalıq naqitsi “Kadeh”də 40 manatdan hesablanacaq.

kaddde.JPG (64 KB)

İndi ortada iki qəbz var – birində hesab 149 manat 60 qəpikdir, o birində 100 manat 10 qəpik.

Soyğun cəhdi göz önündədir. 200-300 qramlıq kartofdan əmələ gələn “potates kızartması”na 20 kilo kartofun pulunu tələb ediblər. Artıq öz əməklərinə necə yüksək dəyər verirlərsə...

“Çıtır tavuk salatası”nın da nimçəsi 40 manatmış. Ona görə də “polnaya summa” o qədər böyük çıxıb.

Yeri gəlmişkən, ana dilimizin saflığının qorunmasına dair minlərlə status yazıldığı, nitqlər irad edildiyi gün restorandan verilən hər iki qəbzin yuxarı hissəsi Anadolu türkcəsindədir, aşağı hissəsi Ryazan ruscasında. Bəs dilimizi qorumalıydıq axı.

Axırı “həppi end”lə bitmiş bu qovğa-mərəkədə o da aydın olub ki, hesab “kart to kart” yolu ilə ödənilməliymiş. Bu isə vergidən yayınmaq cəhdidir. Ona görə də jurnalistin postuna şərh yazmış bəzi demaqoq dostlar Dövlət Vergi Xidmətini söhbətə kurs (taq) eləmişdilər. Hesabla bu gün vergi müfəttişləri “Kadeh”ə qonaq gedərək iki porsiya “çıtır tavuk salatası” sifariş etməli, iki şüşə kola içməli və axırda “polnaya summa”nın necə formalaşdırıldığı barədə sorğu-sual etməlidirlər. Bir də deməlidirlər ki, bəs o “sınmış qab” nə deməkdir, müştəri qab sındırmayıbsa, qəbzə niyə “SINMIŞ QAB EKSTRA – 5 MANAT” yazılıb.

Məsələnin başqa tərəfi isə odur ki, bəziləri belə soyğunçuları müdafiə etmək üçün yazırlar ki, lüksün, komfortun, delkatesin qiyməti dünyanın hər yerində bahadır. Siz öz əziz canınız, qulaqbatırıcı musiqinin guruldadığı məkanda nə komfort, nə lüks? “Çıtır tavuk” nə vaxtdan delikates oldu? Broyler toyuğudur də. Bir az baxımlı ev itlərinin qabağına qoyursan, iyləyirlər, amma yemirlər. Delikatesmiş.

İndi kimsə jurnalistləri qınayacaq ki, elə yerlərdə nə işləri var. Bu, müəyyən mənada haqlı iraddır. Gerçəkdən o cür qiymətlərin şişkin olduğu yerləri öncədən tanımaq lazımdır.

Adı çəkilən restorandan biri də yeni bulvardadır (eyni şəbəkədir) yaxındır, tez-tez onun qarşısından keçib dəniz sahilinə gedirik. İki-üç il əvvəl axşamüstü bir rəfiqlə “Kaddeh”in önündən keçərkən təklif etdim ki, istəyirsə, dönək, bir qısmat çörəh yeyək. Amma o, “Kaddeh”in preyskurantını bilirmiş, dedi, bir öynə yeməyə aşağısı 100 manatımızı alacaqlar, o pula “Cəbrayıl” kafesində, 7 adama antrekot qonaqlığı vermək olar.

Düzdür, “Cəbrayıl”da canlı musiqi və di-cey yoxdur, amma “Kaddeh”də də Tarkan canlı oxumur. Yeri gəlmişkən, o restoranda ən çox çalınan, səslənən musiqi nömrəsi “Delalım”dır. Onda görürsən, səs ətrafa yayılır:

“Diyarbekir yoluna le, Diyarbekir yoluna,
Toydum düştüm toruna le, Toydum düştüm toruna,
Bu sevdalar boşuna le, bu sevdalar boşuna…
Delalım, Delalım, Delalım, Delalım, Delalım…”


Bəli, gərək tora düşməyəsən, dürüstlük, vicdanlı iaşə xidmət aramaq sevdası boşunadır.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR