Onlayn ictimai-siyasi qəzet
Yaxud Cərcis peyğəmbərin lenti
Az qalmışdı Putin SSRİ-ni İmişlinin Göbəktala kəndi istiqamətində bərpa eləsin, vətənpərvər jurnalistlərimiz nifrətəlayiq hadisənin önünü kəsdilər. Allaha şükür. Bir neçə yazarımız Bəhrəmtəpə kanalı tərəfdə imperiya süngüsünə sinə gərərək özünü suya atmışdır. Qaradonlu kəndinin yanında bir jurnalist "Georgi lenti" ilə icra nümayəndəsini asmışdır. İmişlinin ağır seyidlərindən şair Şəhriyar del Gerani SSRİ-nin bərpası münasibətilə “26 İmişli komissarı” poeması yazmağa başlamışdır.
Bütün hallarda, xalqımız gərək bu “rus-sovet-Georgi” temalarında ağır oturub, batman gəlsin, çünki bir az qəliz mövzulardır. “Çox da şey eləmək” olmaz. Axı biz SSRİ-yə hansısa rəsmi qiymət verməmişik. Mən belə bir şey görməmişəm. Bəlkə siz görmüsünüz, o zaman sözüm yoxdur.
Yeri gəlmişkən, “Georgi lenti”nin əleyhinə çıxan yoldaşların çoxu bəlkə də xəbərsizdir ki, zati-aliləri Müqəddəs Georgi... Azərbaycanda dəfn olunubdur. Özü də İmişlinin düz burnunun ucunda, Beyləqan rayonunda! Orada Peyğəmbər adlı qəbiristanlıq vardır, ərazisində məhz Cərcis peyğəmbərin dəfn olunduğu iddia edilir, bu Cərcis müəllim isə Georgi adının müsəlmanlaşdırılmış formasıdır. Georgius-Cərcis şəklində. (İosif-Yusif, İona-Yunus, Avraam-İbrahim, İeşua-İsa Qəmbər olan kimi).
Kişinin Qafqazda böyük hörməti olubdur, Gürcüstanın adı da Georgidən törəmədir. Maraqlıdır ki, xristianlıqda Georginin ilanla, əjdaha ilə döyüşməsi mifi vardır, bu mif Gürcüstanın və Moskvanın gerblərində əksini tapıb (ruslar da hesab edir ki, Georgi müəllim şəhərin himayədarıdır, olsun, etiraz etmirik). Beyləqandakı Cərcis peyğəmbər pirində isə tavandan ilanabənzər bir zəncir sallanır, insanlar, özəlliklə zənən xeylaqları əhd edib, arzu tutub həmin zəncirə yaylıq atırlar. Əgər yaylıq zəncirdən asılı qalsa - bu mistik prosesə “zəncir yaylığı tutdu” adı qoyulub - deməli, arzu həyata keçəcəkdir. Məndə olan etibarlı informasiyaya görə, İmişlidəki müstəqillik düşmənləri SSRİ bayrağını pirə aparıb zəncirə atıblar. Görünür, müstəmləkə rejimini bərpa etmək istəyirlər. Bizə yeni Meydan hərəkatı lazımdır. Düzdür, Əbülfəz bəy aramızda yoxdur, bizi vaxtsız yetim qoyub gedibdir, lakin Nemət müəllim, Ramiz Mehdiyev və sairə xalq hərəkatının liderləri, maşallah, sağdır. Lazım gəlsə, üsyan bayrağımızı öndə daşıyarlar.
Beyləqandakı həmin pir respublikamızın digər bölgələrində də məşhurdur. İnsanlar avtobus, marşrut, qatar, dəvə karvanı, "KamAZ" və sairə texniki vasitələr tutaraq vaxtaşırı piri ziyarətə gedirlər. Şəxsən mən buna müsbət yanaşıram. Dünyada hərənin bir piri vardır. Allah bilir axırda hansı düz çıxacaq, niyə indidən bu yolların hansınısa qapadaq? Ancaq bir dəfə, haradasa 10-15 il qabaq olardı, Bakıdan bir dəstə zənən xeylağı avtobus tutub Cərcis peyğəmbəri ziyarətə getmişdi, qayıdanda maşın aşdı, bəziləri hətta Ərdoğan demişkən, “tələf oldular”. O zaman mən əlaqədar orqanlarla maraqlandım, dedilər ki, pirin kəramətinə, işləməyinə şübhə ola bilməz, avariyanın səbəbi isə arzuların həddən artıq şişirdilmiş olması üzündəndir. Məsələn, Əhmədlidən Gülbəs xanım niyyət tutubmuş ki, qızı Yetər ərə getsin, 3 oğlu olsun, oğulların toyu Şərurlu İsfəndiyarın “Hollivud” restoranında keçirilsin və nəhayət toyda Gülbəs xala ayaqyalın oynasın. Təsəvvür elə. Bu qədər geniş zolaqlı arzular, bu cür sütunsuz niyyət paketi olarmı? Nə üçün piri gücə salırsan? Axırda da qəza törənir. Bəlkə Yetərin ərə getməyində dayanmaq lazım idi. Növbəti arzular da növbəti ziyarət və nəzirlər zamanı olsun. Yoxsa bizim camaat qəribədir, dilənçiyə 20 qəpik verirlər, hesab edirlər cənnətə qəbz aldılar. Buralarda olun. Heç Moskva şəhəri də birdən-birə tikilməyib.
İndi söz əlaqədar təşkilatlarındır. Yazın görüm sizin SSRİ haqda fikirləriniz necədir.
24 Iyul 2026
23 Iyul 2026
22 Iyul 2026
21 Iyul 2026
20 Iyul 2026
19 Iyul 2026
17 Iyul 2026
16 Iyul 2026
15 Iyul 2026
13 Iyul 2026
12 Iyul 2026
10 Iyul 2026
09 Iyul 2026
08 Iyul 2026
06 Iyul 2026
05 Iyul 2026
03 Iyul 2026
02 Iyul 2026
01 Iyul 2026
29 Iyun 2026
25 Iyun 2026
24 Iyun 2026
23 Iyun 2026
22 Iyun 2026
21 Iyun 2026
19 Iyun 2026
18 Iyun 2026
17 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ