İnsanlara hürriyət, millətlərə istiqlal!

Oğrularımız da qardaşdır

Bir oxucumuz İstanbula gedib, ordan küçədən şəkillər yollamışdı. Səkidə park edilən avtomobillər, səkinin içində basdırılan dirək və ağaclar... Deyir bunları görəndə Bakı yadıma düşdü, doğrudan da biz “bir millət – iki dövlət”ik.

Əhvalatdan xəbərim olduğunu yazdım, türk jurnalistlər vaxtaşırı bu urbanizasiya problemlərindən bəhs edirlər. Lakin vəziyyət dəyişmir. Elə şeylər var ki, onların dəyişməsi mümkün deyil.

Təsadüfən bugünlərdə qardaş Türkiyə ilə oxşarlıqlarımız lap artmaqdadır. Məsələn, bizdə hər yeri, xüsusilə Abşeron yarımadasını çəyirtkə basıb. Hətta arada çəyirtkələr özləri üçün pullu çimərlik təşkil etmişdilər. (Bizdə neçə ildir belədir: dənizi cürbəcür həşəratlar ələ keçirir...). İndi oxşar heyvanların İstanbulda da peyda olduğunu xəbər verirlər. Deyirlər nəhəng çəyirtkələr evlərə girir. Açığı, o qədər nəhəng deyidilər, mən son vaxtlar bunlardan da böyüklərini qapı-bacadan təpikləyib qovmuşam. Hazırda biri mənimlə yanaşı əyləşib yazıya baxır.

Ünlü rok manıslarından Haluk Ləvəntin həbsi isə bir qədər gözləmədiyim hadisəydi. Çünki bunun “Elfida” mahnısını bəyənirdim. Yəqin daha dinləmərəm, mənim üçün “insanın sənəti vacibdir, şəxsiyyət önəm daşımır” səfsəfəsi qəbulolunmazdır, şərəfsiz və alçaq adam ağzıyla quş tutsa da gözümdə yüksəlməz.

Haluk müəllim xeyriyyə fondu qurub, milyonlarla dollar vəsaiti əkişdirməkdə suçlanır. Doğrudur, hələ məhkəmə qərarı yoxdur, ancaq adamı yaxından tanıyanlar deyir şübhə etməyin, əvvəllər də oğru olub, dələduz olub, həbsdə yatıb. Yəni, təsqirsizlik prezumpsiyası prinsipi Haluk müəllimlə, onun həyatı, bioqrafiyasıyla qəti uyuşmur.

Bir tərəfdən, şanlı türk xalqının dələduza xeyriyyə fondu həvalə etməsi tragikomediyanın zirvəsidir. Elə bil canavarı sürüyə baş çoban qoyursan, tülküyə toyuq ferması tapşırırsan, canım sənə desin, Ramiz müəllim korrupsiya komissiyasının sədri təyin edilir... Digər tərəfdən, Əbülfəz bəy demişkən, “İsveçrədən xalq gətirmək olmur”, nə varsa budur.

Ümumiyyətlə, mən həmişə buna diqqət eləmişəm: həm Türkiyədə, həm Azərbaycanda kim pafosla, hay-həşirlə, qışqıra-qışqıra xalqdan, ona xidmət eləməyin şərəfindən-zaddan qırıldadıbsa axırda oğru çıxıb, fırıldaqçı çıxıb, öz partiya və qrupuna xəyanət edib. Rus yazıçısı Saltıkov-Şedrinin adına çıxılan bir aforizmdə deyilən kimi: “Əgər kimsə Rusiyada vətənpərvərlikdən yüksək səslə danışmağa başlayıbsa, deməli oğurluq gedir”.

Ancaq mövzumuz Türkiyə-Azərbaycan paralelləridirsə, oxucular haqlı olaraq soruşar: bizdə Haluk Ləvəntin oxşarı kimdir? Doğrudur, tam oxşarı hazırda ağlıma gəlmir, bizim dələduz manısların ən bərkgedəni 500 min, 1 milyon manatlar ələ keçiriblər, Haluk Ləvənt isə ilkin olaraq 21 milyon dolları əkişdirməkdə suçlanır. Lakin dərindən nəzər salanda bizdə balaca-balaca “halukləvəntlər” çəyirtkə sürüsü kimidir.

Sadəcə, biz onları birbaşa yox, dolayısı ilə yemləyirik, könüllü olaraq fırıldaqçılara pul veririk. Onlar gəlib toy-nişan mərasimlərimizdə oxuyur, torba ilə pulumuzu fonoqram musiqisi üçün qapazlayırlar. Xalq, əməkdar artist adları alıb efirlərdən çıxmır, bizə düzgünlük, halallıq, mərhəmət barədə nağıllar oxuyurlar, heç birimiz də soruşmuruq ki, bu dəyirmanın suyu hardan gəlir.

Sonda dəyərli həmkarım Məğrub bəyin öz kəndlərindən yazıb göndərdiyi, düzgünlük haqda maraqlı əhvalat: “Bizim kənddə Qorxmaz adlı şəxs var, duzlu-məzəli sözləriylə tanınır. Bir gün kəndin mollası Ağacanı Bakıya, din xadimlərinin sertifikasiyasına çağırırlar. Qorxmaz deyir ki, kaş Ağacan imtahandan keçsin. Camaat təəccüblənir: “Sən ona həmişə söz atır, lağa qoyurdun, indi nə olub?” Qorxmaz deyir: “Onun yerinə kim gəlsə, ölülərimizi çıxarıb təzədən basdırmalı olacağıq, Ağacan heç birini düz basdırmayıb”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR