Onlayn ictimai-siyasi qəzet
S nəsli başqadır, düşüncə etibarilə X, Y və Z nəslindən çox fərqlənir.
“S nəsli” deyərkən, siqma-filan nəsli nəzərdə tutulmur, “sovet nəsli”ndən bəhs edilir – yəni sovet dövründə dünyaya gəlmiş, ən azı 10-15 il o dönəmdə yaşamış insanlar.
“S nəsli” mühafizəkardır, özünün tabuları, ehkamları, düşüncə tərzi, bəzən də kəskin təsbitləri var. Demək olmaz ki, “S nəsli” çox vaxt haqlıdır və ya haqsızdır, gerçək budur ki, tükənməkdə olan nəsildir və öz mənfi-müsbətləri var.
Məsələn, dünən əməkdaşımız parkda sorğu keçirib, müxtəlif yaşlı adamlardan övladı doğulan kişilərin 14 günlük ödənişli məzuniyyətə çıxması ideyasına münasibət soruşub, fərqli cavablar alıb. Şərti adını “S nəsli” qoyduğum 50+ yaşlı insanlar deyib ki, bu, düzgün söhbət deyil, mentalitetimizə ziddir, kişinin kişi işi var, qadının qadın işi.
Düzdür, sorğuya fərqli cavab verənlər arasında “olsun, lazımdır, vacibdir” deyənlər də olub. Amma mövzuya tənqidi yanaşanların mövqeyi heyrətamizdir. Sanki kişilər övladları dünyaya gələndə 14 gün evdə, xanımlarının yanında olsalar, onlara kömək etsələr, kişilik əldən gedər.
Yaxşı, bu necə olur, kəhildəyə-kəhildəyə döl kampaniyasında iştirak edəndə yaxşıdır, prosesin meyvəsi dünyaya gələndə zahı qadının, qığıldayan körpənin qulluğunda durmaq yamandır? Böylə ədalət varmı?
Dinəndə də “mentalitet” deyirlər. Mentalitet odur ki, səhər evdən çıx, axşam gəl, pultu götür, uzan divanda, səfeh-səfeh verilişlərə, ya da furbola bax, vəssalam? Evin xanımına nəsə bir kömək etmək avtomatik olaraq mentalitetə zidd olur?
Hələ onu da deyirlər ki, “Azərbaycan kişisi atalıq məzuniyyəti götürməz”. Qəti götürməz. Götürməməlidir. Götürsə, biabırçılıq olar. Dünya birliyi nə deyər? O tərəfə çönüb gülər.
Bu nəyə oxşayır? Bu, ona oxşayır ki, Yaponiyada kimsə yeri gəldi, gəlmədi, desin ki, belə yerdə yapon kişisi xarakiri edər. Adətdəndir. Mentalitetdə var axı. Dədələrin irsinə sadiq olmaq lazımdır. Yapon məmur mediada haqsız tənqid olunub? Başqa yol yoxdur, tantosunu (yapon xəncəri) çəkməli, öz qarnına soxmalıdır, yuxarı-aşağı, sağa-sola, al, sənə xarakiri. Qoy onu haqsız tənqid edən jurnalistlər vicdan əzabı çəksinlər.
Nə işdirsə, son dövrlər Yaponiyada xarakiri eləmirlər, mentalitetə dönük çıxıblar. Amma orda da mühafizəkar day-daylar var, telekanallara müsahibə verəndə deyirlər, indiki cavanlar zay olub gedib, dədə-babalarımızın gül kimi adət-ənənələri vardı.
Xəbəriniz varmı ki, İran kimi mühafizəkar ölkədə qadınların paltar sıxıb asmaq adəti yoxdur? Bu işi yalnız kişilər görür. Qadınlar paltarları maşında yuyurlar, sıxıb-asmaq mərhələsi çatanda kişilər səbəti qoltuğuna vurub, dama, eyvana çıxır, işi icra edirlər. Görənlər and içir ki, hər tərəfdə belədir. Hətta paltar sərməyən kişiyə pis baxırlar, Söylü bacı demişkən, ta o kişi çayçıya çıxa bilməz.
Amma bizdə, Allah eləməsin, hansısa kişini paltar sərən yerdə görsünlər. Həyatı qaralar. Adamın salamını dodaqucu alarlar, sayıb dəvətnamə verməzlər, dalınca danışarlar, nə bilim, daha nə edərlər.
Belə baxanda eyni millətdir, mentaliteti-filanı eynidir, amma paltar sıxıb-sərmək məsələsində nə qədər fərqli düşüncələrə malikdirlər.
Təcrübə göstərir ki, köhnə dövrlərin adət-ənənələrini yaşatmaq mümkün, əslində heç düzgün də deyil. Sovet nəslinin dövründə Bakıda avtomobil sürən qadın yox idi, olsa da 1-2 nəfərdən artıq olmazdı. Amma indi minlərlə qadın şəhərin küçələrində telefonla danışa-danışa, mesaj yaza-yaza, makiyaj edə-edə maşın sürür. Mentalitetə qalsa, onlar yola buraxılmamalı idilər. Necə ki bəzi başqa mühafizəkar ölkələrdə qadınlara maşın sürmək yasaqdır.
Ona görə də müasir həyatın tələbləri ilə ayaq uzatmaq lazımdır. İndiki cütlüklər ata-ana, qayınana-qayınata, qardaş-qayın, baldız kimi birinci dərəcəli qohumlardan əlahiddə, muxtar şəkildə yaşayırlar. Övlad dünyaya gətirəndə yanlarında mütləq kimsə olmalı, onlara 7\24 qulluq etməlidir. Bu, ər olmayacaqsa, kim olacaq?
P.S. Lap axırda dəli şeytan pıçıldayır ki, “S nəsli” də çox döşünə döyməsin, çoxu arvada “komandir” deyirdi.
04 Iyun 2026
02 Iyun 2026
30 May 2026
22 May 2026
20 May 2026
18 May 2026
16 May 2026
14 May 2026
12 May 2026
09 May 2026
07 May 2026
05 May 2026
03 May 2026
01 May 2026
30 Aprel 2026
28 Aprel 2026
25 Aprel 2026
23 Aprel 2026
21 Aprel 2026
19 Aprel 2026
16 Aprel 2026
14 Aprel 2026
12 Aprel 2026
10 Aprel 2026
07 Aprel 2026
05 Aprel 2026
02 Aprel 2026
31 Mart 2026
28 Mart 2026
26 Mart 2026
ŞƏRHLƏRŞƏRH YAZ