Onlayn ictimai-siyasi qəzet
Çağdaş folklorumuzun suallarından biri vaxtilə “Van Damm döyər, yoxsa Brus Li” idi. Onun axırı necə oldu, yadımda deyil, ancaq sualın bir alt variantı da var idi: “Çak Norris döyər, yoxsa Çekki Çan?”. Hazırda Cekki müəllim Bakıda səfərdə, Norris isə o biri dünyada olduğu üçün, məncə, ən azı bu variantın qalibi məlumdur.
Bəli, Cekki Çan qaynar avqust ayında hansısa filmini çəkmək üçün Bakıya varid olmuşdur, hazırda bütün sənətkarlarımız, aktyorlar, rejissorlar, kino işçiləri onunla selfi-melfi çəkdirib səhifələrə qoyurlar. Nəticədə milli kinomuz inkişaf edir. Hətta Cekki müəllim kaş 2 avqust kino günündə gələydi. O zaman açıqlama vermək olardı ki, məhz Azərbaycan kinosunun uzaq diyarlara yayılan şöhrəti sayəsində Cekki Çan Bakıya təşrif buyurmuşdur.
Haşiyə çıxaraq mütləq qeyd etməliyəm, məncə, Çekki Çanın Azərbaycan sevgisində buradan qaynar xəbərləri izləməsinin mühüm rolu olmuşdur. Çünki haçan xəbər lentini açsan, orda bir-birinə şıllaq atan sürücü və sərnişinləri, toyda süpürləşənləri, xınayaxdıda yaxalaşanları, yasda bıçaqlaşanları və sairə önəmli yoldaşları müşahidə edərsən. Azərbaycan xalqı çox davakar xalqdır, istənilən karateisti-filanı ağzını cırıb yola sala bilərik. Cekki Çan da əsasən davalı filmlər ustası olduğundan deyib, gedim görüm burdan hansı ustalıq öyrənirəm.
Haşiyədən haşiyə çıxmaq olmasın, digər kino sənətkarı Kristofer Nolanın “Odissey” filmi bu saat dünyada səs çıxarmaqdadır. Ancaq Nolan nolardı bunu çəkməmiş bizdən məsləhət alsaydı? Çünki bizim “Kitabi Dədə Qorqud” dastanı, onun Beyrəyin əhvalatı olan boyu eynilə Homerin “Odissey”idir. Beyrəyin yad diyardan qayıtmağı, toya dəli-dilənçi sifətində girməyi, ox atması-filan... O cümlədən, dastandakı Təpəgöz “Odissey”dəki Polifem-dir. Əgər Nolan “Odissey”in ssenarisini Anar müəllimlə birgə yazsaydı, orda mütləq Tural və Günel obrazları əks edilərdi. Son epizodda isə Odissey Təpəgözü kotana qoşub Sabirabadda pambıq əkərdi.
Burada sevimli şairim Səməd Qaraçöpün unudulmaz bir şeirindən sitatın dəmi gəlmişdir, buyurun, oxuyun, “ləzzət alın”:
“Bu yaz Oğuz torpağında
Qaratikanlar sıx bitdi, qarağaclar seyrək.
Yalıncığı niyə öldürmədin, Beyrək?!”
Qayıdaq mövzumuza, mövzu isə budur ki, Cekki Çan rejissor Vaqif Mustafayevlə ssenarist Eldəniz Quliyevin davasında araya girsə kimi döyərdi? Gələn dəfə Bakıda kino çəkilişləri üçün hansı ünlü dünya sənətkarı gəlməlidir? Ki, milli kinomuz daha da inkişaf etsin?
Əlimizdən nə gəlir, gözümüzün qurdunu bu yolla öldürürük. Məsələn, ədəbiyyatımızı Biləcəridən o tərəfdə tanıyan olmasa da, mən bir dəfə Heminqueyin romanında “Azərbaycan” sözünü oxuyanda qürur hissi keçirmişdim. Bəlkə vaxtında yüngülvari dirəşsək adam “Bazardüzü qarları” əsəri yazar, sonra təpəsinə güllə sıxardı.
Yaxud, SSRİ dağılanda kimsə qurdalayıb tapmışdı ki, ayə, sən demə, sovetlərin kosmosa uçuş üzrə dövlət komissiyasının sədri həmyerlimiz Kərim Kərimov olmuşdur. Kərim müəllim putyovkanın üstünü yazmasa heç kopoyoğlu göyə uça bilməzmiş. Böyük fəxr idi, bundan xeyli orqazm keçirdik, lakin axırda yüngülvari qanqaraçılıq oldu, Kərim müəllim Qarabağ temasında bizə dəstək-zad vermədi, çünki evdə övrəti ərməni millətindən idi. Nəticədə o boyda general bizim üçün “fıs” çıxdı.
Nəsə, arada sülh mövzusu qabardığı məqamda belə palan içi tökmək məqsədəuyğun deyil. Sözgəlişi, qələbədən sonra 6 il boş keçdi, müharibədən alababat film çəkmədik, indən belə necə çəkək ki, barışığa mane olmasın?
İndi söz əlaqədar Çekki Çanındır.
P.S. Bəzi elmi mənbələrə görə, Çekki Canın əsl soyadı Can-dır və onun ulu babası Şəkinin Dəhnə kəndindən köçmüşdür.
16 Avqust 2026
15 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ