İnsanlara hürriyət, millətlərə istiqlal!

Çörçill Bakını bombalamaq istəyirdi, Hitler isə quru yolu ilə gəlirdi – Qafqaz uğrunda 1941-ci ilin ölüm-dirim savaşı

İkinci Dünya müharibəsi illərində Qafqaz və xüsusilə Bakı nefti böyük güclərin strateji planlarının mərkəzində dayanırdı.

Musavat.com xəbər verir ki, bəzi tarixi mənbələrdə bu hadisələr, Çörçillin Bakını bombalamaq planı, Hitlerin Qafqaz və Bakı neftinə doğru irəliləyişi, eləcə də SSRİ və Böyük Britaniyanın İrana qoşun yeritməsi barədə geniş materiallar yer alıb.

Müharibənin başlanğıcında İran formal olaraq neytral mövqe tuturdu. Ölkəyə həmin dövrdə şah Rza Pəhləvi rəhbərlik edirdi.

Bununla belə, İran iqtisadi və siyasi baxımdan nasist Almaniyası və onun müttəfiqləri ilə sıx əlaqələr saxlayır, Böyük Britaniya və SSRİ-ni əsas geosiyasi rəqibləri hesab edirdi.

Müharibədən əvvəlki illərdə xarici, əsasən də Almaniya şirkətləri Fars körfəzi sahillərini Tehranla birləşdirən Transiran dəmir yolunun tikintisində iştirak etmişdilər. İranda Almaniyanın “Mauser 98k” tüfənginin Çexiya variantını, pulemyotları və sutkada 20 minədək patron istehsal edə bilən zavodlar fəaliyyət göstərirdi. Ölkədə 2 mindən çox almandan ibarət kifayət qədər böyük və yaxşı təşkilatlanmış icma da yaşayırdı.

1939-cu ildə Avropada müharibənin başlaması və Aralıq dənizində normal ticarətin faktiki dayanması İranı SSRİ ilə ticarət və gəmiçilik haqqında müqavilə bağlamağa sövq etdi. 10 mart 1940-cı ildə imzalanmış sənəd hər iki ölkənin ərazisindən malların sərbəst tranzitini nəzərdə tuturdu. Tehran əvvəlcə bu marşrutdan mallarını əsas iqtisadi tərəfdaşı Almaniyaya çatdırmaq üçün istifadə etməyi düşünürdü. Lakin SSRİ yüklərin əks istiqamətdə də tranzitinə imkan verən müddəanın müqaviləyə daxil edilməsinə nail olmuşdu.

1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə hücumundan sonra vəziyyət tamamilə dəyişdi. Tarixi materiallarda qeyd olunur ki, Böyük Britaniyanın baş naziri Uinston Çörçill bundan bir qədər əvvəl Bakının bombalanmasını planlaşdırırdı. Lakin Almaniyanın SSRİ-yə hücum etdiyi gün Çörçill artıq Sovet İttifaqını Hitlerə qarşı müharibədə dəstəkləyəcəyini elan etdi.

İyunun 28-də SSRİ xarici ticarət xalq komissarı Anastas Mikoyan Britaniya səfiri Stafford Krippslə Transiran dəmir yolu vasitəsilə hərbi yüklərin daşınmasını müzakirə etdi. Marşrutun praktiki hazırlanmasına iyulun ortalarında başlanıldı, ilk eşelon isə avqustun 14-də yola salındı.

Lakin İran rəhbərliyinin Almaniyaya meyilli siyasəti və ölkədəki böyük alman icması Moskva və Londonu narahat edirdi. Müttəfiqlər həmin icmanın daxilində Almaniya kəşfiyyat şəbəkəsinin fəaliyyət göstərə biləcəyindən ehtiyatlanırdılar.

1941-ci il iyulun sonlarından SSRİ və Böyük Britaniya İrandan ölkədəki Almaniya vətəndaşlarının beşdə dördünün çıxarılmasını bir neçə dəfə tələb etdi. Şah müəyyən şərtlərlə bununla razılaşsa da, proses müttəfiqləri qane etmədi.

1941-ci il avqustun 25-nə keçən gecə İranın Moskvadakı səfiri Məhəmməd Saed təcili şəkildə Kremlə çağırıldı. Saat 03:30 radələrində SSRİ xarici işlər xalq komissarı Vyaçeslav Molotov ona nota təqdim etdi. Moskva bildirdi ki, İran alman vətəndaşlarının çıxarılması ilə bağlı tələbləri yerinə yetirmədiyi üçün SSRİ ölkəyə qoşun yeritmək qərarı verib.

SSRİ bunun hüquqi əsası kimi 1921-ci il Sovet–Fars müqaviləsinə istinad edirdi. Müqavilə müəyyən şərtlərdə, üçüncü ölkələrin İran ərazisini Rusiyaya qarşı hərbi fəaliyyət bazasına çevirməsi təhlükəsi yaranacağı halda sovet qoşunlarının İrana daxil olmasına imkan verirdi.

25 avqust 1941-ci ildə SSRİ və Böyük Britaniya qoşunları İran ərazisinə daxil oldu. “Razılıq” kod adlı birgə sovet-britaniya əməliyyatı başladı.

İran ordusu təşkilatlanmış müqavimət göstərə bilmədi. İki gündən sonra ölkənin hərbi-siyasi rəhbərliyi hərbçilərə kazarmalara qayıtmaq əmri verdi. Britaniya tərəfinin ölən və yaralananlarının sayı 64 nəfər, SSRİ-nin itkisi təxminən 50 ölü və 1000-dək yaralı oldu. İran tərəfi isə təxminən 1000 nəfər itirdi.

Əməliyyatdan sonra İranın mühüm avtomobil və dəmir yolları SSRİ və Böyük Britaniyanın nəzarətinə keçdi. Rza şah taxtdan imtina etdi və hakimiyyət oğlu Məhəmməd Rza Pəhləviyə keçdi.

1942-ci ilin yanvarında SSRİ, Böyük Britaniya və İran üçtərəfli müttəfiqlik müqaviləsi imzaladılar. Moskva və London İranın ərazi bütövlüyünə, suverenliyinə və siyasi müstəqilliyinə hörmət etməyi, Almaniyanın və ya başqa dövlətin təcavüzü zamanı İranı müdafiə etməyi öhdələrinə götürdülər.

SSRİ üçün İran təkcə tranzit ölkəsi deyildi. 1941–1942-ci illərin qışında sovet ordusunda ciddi silah çatışmazlığı yarandığından Dövlət Müdafiə Komitəsi İrandan 100 min “Mauser” tüfəngi, 800 əl pulemyotu, 400 “Maksim” dəzgahlı pulemyotu və 8 milyon patron alınması barədə qərar verdi.

Alınan silahlar əsasən Şimali Qafqaz Hərbi Dairəsinə göndərilirdi. Burada formalaşdırılan hərbi hissələr bir neçə ay sonra Maykop, Qroznı və Bakı neft yataqlarına doğru irəliləyən Almaniya qoşunlarının qarşısını almaq üçün döyüşlərə qatılacaqdılar.

23 yanvar 1943-cü ildə SSRİ İran hökuməti ilə əlavə 60 min “Mauser” tüfəngi, 42 milyon patron və 30 min Şpagin tapança-pulemyotunun (PPŞ) istehsalı və tədarükü barədə yeni müqavilə bağladı.

İranın SSRİ üçün əsas strateji əhəmiyyəti isə lend-liz yüklərinin daşındığı “Fars dəhlizi” ilə bağlı idi. Müharibə illərində İran üzərindən SSRİ-yə ümumilikdə 5 milyon ton yük daşındı. Bunun 3,7 milyon tonu müxtəlif idxal yükləri, 765,8 min tonu təxminən 184 min yük avtomobili, 634,5 min tonu isə Abadandakı nəhəng neft emalı zavodundan göndərilən yanacaq idi.

Dəhliz Fars körfəzi sahillərindəki Xürrəmşəhr, Bəndər-Şahpur, Buşehr və Tanum limanlarından başlayır, daha sonra Tehran, Qəzvin, Xəzər limanları və SSRİ sərhədinə doğru uzanırdı. Transiran dəmir yolu dəhlizdəki yüklərin 68 faizini daşıyırdı, qalan hissə avtomobillərlə çatdırılırdı.

SSRİ də İranın şimalındakı nəqliyyat infrastrukturunun genişləndirilməsinə böyük vəsait xərclədi. Astara–Pəhləvi arasında 154 kilometrlik, Pəhləvi–Deh-Tangelitəpə arasında 49 kilometrlik yollar tikildi. 1943-cü ildə Qəzvin–Pəhləvi və Təbriz–Culfa yolları əsaslı təmir edildi.

“Fars dəhlizi” 1945-ci ilin ikinci yarısında fəaliyyətini dayandırdı. 9 may 1946-cı ildə SSRİ 1942-ci il üçtərəfli müqaviləsindən irəli gələn öhdəliklər çərçivəsində qoşunlarını İran ərazisindən çıxardı.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Sentyabr 2026

02 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR