İnsanlara hürriyət, millətlərə istiqlal!

Aktrisa səhhətindən danışdı: “İki dəfə ölüb-dirildim, ağrıdan gözümdən yaş gəlirdi”

Əməkdar artist, aktrisa Hicran Nəsirova səhhəti ilə bağlı son vəziyyəti açıqlayıb.

Musavat.com
-a danışan sənətçi keçdiyi şüa terapiyalarının orqanizminə ağır təsir etdiyini bildirib. O, müalicə səbəbindən ciddi ağrılar yaşadığını və hazırda şüa terapiyasından imtina etdiyini deyib.

“Şüa terapiyaları mənim evimi yıxdı, orqanizmimi pis günə qoydu. İki-üç gün idi ki, ayağa qalxa bilmirdim. Bədənim ağrıyırdı. Metastaz verib, digər orqanlara da yayılıb. Həkimlərə dedim ki, mənə başqa müalicə yazın, artıq şüa terapiyalarına dözə bilmirəm. İki-üç gün idi, elə bilirdim ki, məni ət maşınından keçirirlər. O qədər bədənim ağrıyırdı”, - deyə Hicran Nəsirova bildirib.

Əməkdar artist hazırda bəzi ağrılarının nisbətən azaldığını qeyd edib: “Bu gün bir az qolum yaxşıdır. Ayağım ağrıyır, düzdür, amma dözüləsidir, küt ağrıdır. Neçə gündür gözümdən ağrıdan yaş gəlir. Orqanizmim müalicələrə müsbət reaksiya vermədi. Dəfələrlə şüa terapiyalarını dəyişdik. İki dəfə ölüb-dirildim”.

Sənətçi hazırda əsa ilə hərəkət etdiyini də bildirib. Onun sözlərinə görə, bir müddət tətbiq edilən ağıllı iynələr də səhhətinə mənfi təsir göstərib: “İndi əsa ilə gəzirəm. Neçə ay mənə o ağıllı iynələri elədilər. Həkimlərə dedim, mənə pis təsir edir. Axırda xəstəxanada ürəyim gedəndə ağılları başlarına gəldi”.

Hicran Nəsirova səhhəti ilə əlaqədar hələlik teatrda tam fəaliyyətə başlaya bilmədiyini deyib. O, yaxın günlərdə teatra baş çəkməyi planlaşdırdığını, lakin səhnədə işləməsinin hazırda mümkün olmadığını bildirib: “İki gündür başlamışam. Sabah teatra gedib bir baş çəkmək istəyirəm. Amma onsuz da işləyə bilməyəcəyəm. Ayaq üstə çox qala bilmirəm. Tez-tez uzanmalıyam ki, dəyişiklik olsun”.

Əməkdar artist sümük ağrılarının da vəziyyətini çətinləşdirdiyini vurğulayıb: “Bu saat sümüyüm elə vəziyyətdədir ki, durduğum yerdə sına bilər. Çox pis vəziyyətdədir. Ona görə hamı deyir ki, gəz. Nə gəzmək? Mən gəzəndə ağrıdan ölürəm”.

Şahanə Rəhimli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2026

03 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR