İnsanlara hürriyət, millətlərə istiqlal!

Quru-quru çay içən utanmazlar

Kim deyir ki, biz pul qazanmağı bacarmırıq? Kim iddia edir ki, Azərbaycanda çörək aslanın ağzındadır və onu əldə etmək üçün ölüm-dirim mübarizəsinə girməlisən? Razılaşmıram və təkcə son bir neçə gündə gördüyüm bir neçə nümunə düşünməyə əsas verir ki, məşhur məsəldə deyildiyi kimi. uşaqlar da yetişib, şərait də.

Turizm mövsümüdür, Allah heç qoymasa. Havalar isti, imkanı çatan xarici ölkələrdə, nisbətən zəif imkanlılar ölkə içində, kasıblar da çayxanada, parkda, bulvarda. Birincilərlə işim yox, çünki onlar heç bir şərt daxilində özlərini aldadılmış, üzr istəyirəm, loxlanmış hesab etmirlər. Çünki onların böyük əksəriyyəti brend, marka, səviyyə deyə-deyə onsuz da onlara sırınan hər şeylə qeyd-şərtsiz razılaşırlar. 3 manatlıq malı 100 manata alanda belə “zato”, “bu, firmadı e” deyib, özlərinə təsəlli arqumenti yarada bilirlər.

Mən ümidi hər yerdən üzülüb regionlara və Bakıdakı məkanlara üz tutanlardan danışacam. Məlum, “nə olursa olsun, təki ölkədən çıxım” eşqi ilə tutuşanlar da qatarla Tiflisə səyahət edib, “xərçənglərin harada qışladığını” öyrəndilər artıq. Zarafat deyil, adam bilet alıb Tiflisə gedir, geri qayıda bilmir. Hoqqaya bax. Ölkədəki turizm şirkətləri isə “Şok fürsət” başlığı ilə Tiflisdən Bakıya qatar bileti təqdim edirlər. Bu niyə matah oldu axı? Defisitdi bəyəm? Bizim uşaqlığımızdakı talonlu ət-yağ növbəsidir? Üstəgəl, Tiflisə gedəndə gürcü turizmi də səni gözlədiyin kimi qarşılamır. Qiymətlər kəllə-çarxda, xidmət bərbad səviyyədə, kiçik şəhər, basabas...

Ölkədaxili turizm isə başdan-başa ürək xəstəliyidir. Nisbətən səviyyəli otellərin günlük qiyməti 200-300 manatdan başlanır. Bəzi otellərdə 3 gün qalıb, gündə 2 dəfə yemək 1000 manata başa gəlir. Daha əlverişli tətil regionlarda ev kirayələməkdir. Onun da hovuzlusu-hovuzsuzu, A Frame-kənd evi olanı var. 4-5 günlük ev kirayəsi də minimum 1000 manatdır. Çünki hovuzlu evlər, xüsusən də iyul-avqust aylarında 200-250 manatdan başlanır. Hamı bir şəkildə haqqın yolunu tapıb: maklerin internetə qoyduğu evlə realdakı ev arasında yerlə göy qədər fərq var. Hovuz çirkli, ev isti, həyət vəd edildiyindən daha kiçik və sair və ilaxır. Bilmirsən, ildə bir dəfə əldə etdiyin bu məzuniyyəti həmin evin sahibi ilə marketinq, insan hüquqları, istehlakçı haqları ilə bağlı mühazirəyə həsr edəsən, yoxsa başını aşağı salıb, taleyinlə razılaşasan?
Bunlara bir qədər dözmək olar bəlkə də. Amma siz bilirdizmi, artıq paytaxtımızın, eləcə də ölkəmizin bəzi rayonlarında “quru-quru” çay içmək qadağandır. Gedib çay istəyirsən, deyirlər, əvvəlcə, yemək ye, sonra çay. İzah edirsən ki, toxam, yemirəm, yenicə yemişəm... Deyir, onda yaxşı yol. Çayı da nəbadə sadə içmək istəyəsən, dar ağacından asarlar səni. Ən pis halda, bir qab mürəbbəyə 15, bir balaça çaynik çaya da 10 manat ödətdirməmiş səni buraxmırlar. Yemək yeyəndə də eyni cəhənnəm. Hesabın 10 faizini servis haqqı ödəyirsən, ofisiantı sən dolandırırsan. Şou haqqı, servis haqqı, masa haqqı – yanlış anlamayın, bu, and deyil, real ödənişdir. Adamlar çekə yer haqqı deyə 10 manat da əlavə edirlər. Soruşursan ki, ağsaqqal, salamatçılıqdı? Mən səndən bu yeməkləri alıb, dizimin üstündə yeməliydim? Bisetkaya görə məndən niyə pul alırsan? Başlayır dil tökməyə ki, mən müdirin quluyam. Nə deyibsə, onu edirəm...

Maya dəyərindən 5 yox, 8-10 dəfə baha qiymətə sənə yemək gətirirlər. Adi misal: arıq bir kənd toyuğunun maya dəyəri maksimum 8 manatdırsa, onu sıradan bir restoranda 35-40 manata yeyə bilirsən. Nə insaf var, nə mürvət. Bir də başqa hoqqaları var: tərəvəz buketi. 2 xiyar, 2 pomidor, 1 bibər, iki keşniş bərabərdir 10 manat.

Bəziləri də var, kampaniya, ucuzluq adı ilə göz çıxarır. Məsələn, elan verir ki, 4 nəfərlik kabab seti 30 manatdır. Setin içində növbənöv kabablar var, üstəlik də 4 nəfərlik – şəklini də çəkib qoyur. Lənət sənə, kor şeytan. Mal ətinin kilosunu 19-20 manata, qoyun ətini 22-23 manata aldığımız bu günlərdə 4 nəfərə nə ətindən kabab verirlər ki, sonda hesab 30 manat olur? Bunlar adambaşına 1 tikə yeməyəcəklərsə, təqdim olunan setdəki kabab hansı heyvanın ətindən hazırlanıb? Leşxanadan gətirilib, yoxsa dondurulmuş monqol ətindənmi?

Guya kofeşoplarda vəziyyət bundan yaxşıdır? Son illər xüsusən də şəhərin mərkəzində bir-birinin bəhsinə o qədər kofeşop açılıb ki... Amma 3-4 nəfərlik ailə gedib, adama bir kapuçino, latte, amerikano.... içmək istəsə, minimum 30 manat ödəyəcək. İtaliyada, Almaniyada 1-2 avroya böyük qabda kofe içə bildiyin halda Bakıdakı kofeşoplarda məhsulun içinə qızıl tozu qatırlar sanki. Nəticədə yenə aldanır, yenə aldanırıq.

Bayaq da oxuyuram ki, Ağcabədi rayonu Şahsevən Təzəkənd kəndində insident 1 nəfərin inzibati qaydada həbs olunması ilə nəticələnib. səbəb 1992-ci il təvəllüdlü kənd sakininin ümumi istifadə üçün nəzərdə tutulan yolu bağlaması olub. Həmin şəxs evinin ön hissəsindən kənd camaatının öz mal-qaralarını aparıb-gətirməsinin onun ailəsinin narahatlığına səbəb olduğunu bildirib və bu şikayətlə kənd icra nümayəndəliyinə müraciət edib, lakin onun xahişi nəzərə alınmayıb.
Bundan sonra 34 yaşlı gənc yolu bağlamaq qərarına gəlib. Bundan sonra onun qanunsuz hərəkəti ilə bağlı polisə müraciət olunub.
Xuliqanlıq əməli törədən şəxs spirtli içkinin təsiri altında kənd sakinlərini, eləcə də Ağcabədinin icra başçısı Rafil Hüseynovu təhqir edib. Polisin qanuni tələbinə məhəl qoymayan şəxs barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Ağcabədi Rayon Məhkəməsinin qərarna əsasən, o, 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Dəlixanadı vallah, biz burdan basa-basa kəndə gedib, "A Frame" evin gecəsinə 200 manat ödəyirik ki, bəs kənd havası alaq, inək-qoyun görək, dağların sərinliyini bədənimizdə hiss edək. Təzəkənddəki gənc də deyir ki, bəs evimin ön hissəsindən niyə mal-qara keçir. Buna görə camaatı, icra başçısını təhqir edir.

Yaxşı, bəs mənim yuxarıda yazdıqlarım bizim təhqir olunmamız sayılmır? Camaatı belə aldatmaqla, dələduzluq etməklə sahibkarlar xuliqanlığa yol vermirlər? Bəs niyə onlar barədə protokol tərtib olunmur, 8 gün demirəm, heç olmasa 8 saat həbs cəzası verilmir?

Söyüşdürsə, biz daha çox söyülürük... Öz aramızdı, deyəsən ağ eləmişik. Quru-quru çay içmək istəyirik, utanmaz kimi...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR