Onlayn ictimai-siyasi qəzet
Ukraynanın əhalisini 2022-ci ildən əvvəlki səviyyəyə qaytarmaq üçün hər qadının orta hesabla səkkiz uşaq dünyaya gətirməsi lazımdır.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə Kiyevdəki Perinatal Mərkəzin direktoru Dmitri Qovseyev bəyan edib.
Qovseyevin sözlərinə görə, bu absurd rəqəm ölkənin üzləşdiyi demoqrafik böhranın dəhşətli miqyasını göstərir. Bununla belə, ekspert belə bir doğum səviyyəsini özünün də real hesab etmədiyini vurğulayıb. Onun fikrincə, əhalinin bərpası yalnız doğumların artmasından deyil, xaricə gedən ukraynalıların ölkəyə qayıtmasından asılı olacaq.
Ölkədə doğum göstəricilərində artıq fəlakətli geriləmə müşahidə olunur. Əvvəllər Kiyevdəki dövlət doğum evlərində ildə 33 minədək doğuş qeydə alınırdısa, 2025-2026-cı illərdə bu göstərici təxminən 20 minə qədər düşüb.
Qovseyev hesab edir ki, hərbi əməliyyatlar başa çatdıqdan sonra xaricə pənah aparan ailələrin bir hissəsi Ukraynaya qayıdacaq. Lakin o, bütün ukraynalıların geri dönəcəyinə ümid etməyin qeyri-real olduğunu da etiraf edib. Xüsusilə ailə qurmaq və uşaq sahibi olmaq potensialına malik gənc nəslin geri qayıtması kritik əhəmiyyət daşıyır.
Bununla yanaşı, doğum səviyyəsini artırmaq üçün yalnız maddi ödənişlərin kifayət etmədiyi vurğulanır. Hazırda insanların uşaq sahibi olmaq qərarında əsas amil təhlükəsizlikdir. Bundan sonra isə iş imkanları və normal həyat üçün lazımi şərait gəlir.
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ