Onlayn ictimai-siyasi qəzet
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov öz açıqlamaları ilə Avropanın gündəmindədir. Qərbdə onun Qromıkonun “layiqli varisi” olduğunu daha aydın başa düşürlər.
**
Son 100 ildə Rusiyanın (SSRİ-nin) Xarici İşlər Nazirliyinə 13 şəxs rəhbərlik edib.
Yuxarıdakı cümlədə Rusiya və SSRİ-nin eyni dövlət hesab edilməsi təsadüfi deyil. Birincisi, sovet dönəmində Qərbdə SSRİ-ni (ingiliscədə USSR) daha çox Rossia adlandırıblar və yerdə qalan 14 “müttəfiq respublika”nı onun ilhaq edilmiş müstəmləkəsi hesab ediblər. İkincisi, Rusiya SSRİ-nin varisi olduğunu rəsmən təsdiqləyib. Yəni SSRİ və Rusiya Federasiyası şəklini və adını dəyişmiş eyni dövlətdir.
Son 100 ildə Rusiyanın xarici siyasət idarəsinə rəhbərlik etmiş “baş diplomat”lar aşağıdakılardır: Georgi Çiçerin (1923–1930), Maksim Litvinov (1930–1939), Vyaçeslav Molotov (1939–1949, 1953–1956), Andrey Vışinski (1949–1953), Dmitri Şepilov (1956–1957), Andrey Qromıko (1957–1985), Eduard Şevardnadze (1985–1991), Aleksandr Bessmertnıx (1991), Boris Pankin (1991), Andrey Kozırev (1990–1996), Yevgeni Primakov (1996–1998), İqor İvanov (1998–2004), Sergey Lavrov (2004–hazırda).
XİN rəhbəri postunda ən uzun müddət (28 il) oturan şəxs Andrey Qromıko olub. ABŞ və Avropa dövlətlərinin siyasi kuluarlarında və mediasında ləqəbi “Mister No” olan bu şəxs “sovet diplomatiyasının patriarxı” sayılır.
“Siyasi uzunömürlülüyə” görə ikinci yerdə hazırkı nazir Sergey Lavrovdur. O, artıq 22 ildir ki, Rusiyanın baş diplomatıdır . Onun barəsində sonda söz açarıq.
Georgi Çiçerin yeni formalaşmış SSRİ-nin, daha dəqiq desək, “qırmızı rus imperiyası”nın ilk xarici işləri naziri olaraq dövləti dünyada tanınmasında, aparıcı dövlətlərlə diplomatik əlaqələr qurulmasında böyük rol oynayıb. 1920-1930-cu illər arasında dünyada Rusiyaya münasibət müasir dövrdəki İŞİD-ə olan münasibət kimi olub. Çiçerin yavaş-yavaş SSRİ-nin “terrorçu dövlət” imicini dəyişib.

Sonra Georgi Çiçerini həmin postda əvəz edən Maksim Litvinov (əsl adı - Meer-Genox Moiseyeviç Vallax) da gənc ittifaqın ümdə maraqlarını, mənafeyini xüsusi səy və canfəşanlıqla qoruyub. Nazir vəzifəsindən çıxdıqdan sonra o, SSRİ-nin ABŞ-dəki səfiri olub.

Yuxarıda adı çəkilən nazirlər arasında ən nüfuzlusu, şübhəsiz ki, Vyaçeslav Molotovdur. Stalinin sağ əli olan bu şəxs həmin vəzifəni iki dəfə (1939–1949, 1953–1956) tutub. Stalinlə 10 il işləyən Molotov Xruşovla 3 il işləyib, daha sonra onunla fikir ayrılığına malik olduğu üçün vəzifəsindən kənarlaşdırılıb və dövlət nəzarəti naziri təyin edilib. Bir il sonra Molotov Kaqanoviç və Malenkovla birlikdə Xruşovu devirmək istəyəndə, həmin postdan da götürülüb və Monqolustana səfir göndərilib. Molotov da Qərb ölkələri üçün “çətin adam” sayılıb. Şübhəsiz ki, onun “kənək qoz” olması Stalindən qaynaqlanıb. Yoxsa Molotov adi həyatda sərt və ambisiyalı biri olmayıb.

Molotovun həm xələfi, həm də sələfi olan Andrey Vışinski Rusiya/SSRİ XİN-inə gəlmiş-getmiş ən odioz fiqur olub. O, baş prokuror olaraq Stalin repressiyasının ən qanlı personası kimi fəaliyyət göstərib. Vışinskinin imzası ilə minlərlə adam güllələnib, on minlərlə adam ağır cəzalara məhkum edilib.
Yeri gəlmişkən, Vışinskinin və Litvinovun yolları ölkəmizin paytaxtından keçib. Litvinov 5 il Bakıda yaşayıb, hərbi xidmətdə olub, Vışinski isə ümumiyyətlə, Bakıda böyüyüb, 1883-cü ildən 1900-cü ilə qədər burada təhsil alıb. O, Kiyev universitetinin hüquq fakültəsində iki il oxuduqdan sonra Bakıya qayıdıb, menşeviklərə qoşulub, həbs olunaraq Bayıl türməsinə salınıb və orada Stalinlə tanış olub. Yəni Vışinskinin sonradan baş prokuror və xarici işlər naziri olmasında əsas rolu Bakıdakı fəaliyyəti oynayıb.

Dmitri Şepilov XİN rəhbəri postunda cəmi iki ol oturub və Molotov- Kaqanoviç – Malenkov qruplaşmasının güdazına gedib. Onu bu qiyamçı qrupa qoşulmaqda ittiham ediblər.
Stalinin dövründə ABŞ, BMT və Britaniyada səfir olan Andrey Qrımoko sonradan Xruşov, Brejnev, Andropov və Çernenkonun faktiki ölkə rəhbəri olduqları dövrdə XİN rəhbəri postunda işləyib, Qorbaovun dövründə 3 ay bu posta qalandan sonra, 1985-ci ilin iyulundan 1988-ci ilin oktyabrına qədər isə de-yure SSRİ-nin rəhbəri (SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri kimi) olub. Qromıko karyerası boyunca xarici həmkarlarına çox problemlər yaşadıb, mahiyyətindən asıl olmayaraq, onların əksər təşəbbüslərini bloklayıb, kompromiss nə olduğunu bilməyib, “Mister No” ləqəbini də ona görə alıb.

SSRİ-nin sonuncu XİN rəhbəri Eduard Şevardnadzeni isə Qərbdə əsasən “Mister Yes” kimi xatırlayırlar. Amvrosiyeviç bu vəzifədə olduğu müddətdə ABŞ və Avropaya edilən bir çox güzəştlərin müəllifi olub. Təbii ki, onun üzüyolalığı da rəhbəri Mixail Qorbaçovdan qaynaqlanırdı. Bu ikili Şərqi Avropadakı kommunist rejimlərinin süquta uğramasında, “Berlin divarı”nın sökülməsi və iki alman dövlətinin (AFR və ADR) birləşməsində mühüm rol oynayıb. SSRİ dağılan ərəfədə XİN-in yerində yaradılmış Xarici Əlaqələr Nazirlyinin (14 noyabr-26 dekabr 1991-ci il) də ilk və son rəhbəri Eduard Şevardnadze olub.
Bessmertnıx SSRİ-nin dağılan vaxtına düşdüyü üçün nazir kürsüsündə qısa müddət oturub. O, 1991-ci ilin yanvarından avqustuna, “QKÇP” qiyamına qədər XİN rəhbəri postunu tutub, qiyama qoşulmayıb, amma ona qarşı da çıxmayıb, “xəstəyəm” deyib və işə gəlməyib. Qiyam ram ediləndən sonra Qorbaçov onu faktiki olaraq vəzifəsindən kənarlaşdırıb və yerinə Pankini təyin edib. Pankin bu vəzifəni noyabra qədər icra edib. (Hazırda onun 95 yaşı var).

Rusiya Federasiyasının ilk xarici işlər naziri Andrey Kozırev Şevardnadze kimi Qərb dövlətləri qarşısında daima güzəştli mövqe tutan biri olub. Hətta o daha da irəli gedərək bir çox hallarda Qərbpərəst mövqe sərgiləyib.

Yolu Bakıdan keçmiş XİN rəhbərlərindən biri də Yevgeni Primakovdur. 1990-cı ilin yanvarında baş verən faciəvi hadisələr zamanı Kremlin Bakıda ən səlahiyyətli nümayəndəsi məhz Primakov olub və 20 Yanvar qırğınının əsas məsuliyyət daşıyıcısı odur. O, nə xarici işlər naziri kimi uğurlu fəaliyyət göstərib, nə də sonradan təyin olunduğu baş nazir postunda səmərəli işləyə bilib. Primakov sırf sovet kadrı olaraq SSRİ xiffəti çəkən biri olub, Yeltsinin yerinə dövlət başçısı postuna keçmək istəyib və bu intriqada uduzub.
1998-ci ildən 2004-cü ilə qədər XİN rəhbəri olmuş İqor İvanovun kim olduğunu bu gün Rusiyada 100 adamdan soruşsaq, yəqin ki, 1-2 nəfərdən başqa onu tanıyan olmaz. Çünki o, boz fiqur olub və yadda qalan fəaliyyəti olmayıb.

Ancaq Sergey Lavrov “Rusiya diplomatiyasının ikinci patriarxı” adlandırılmağa layiqdir. Bu günlərdə o, “Mister No” olduğunu yenidən təsdiqləyib.
S.Lavrov srağagün “Vesti” informasiya xidmətinə müsahibəsində Moskvanın yalnız “uzunmüddətli, etibarlı və davamlı nizamlama” əldə edildikdən sonra hərbi əməliyyatları dayandıra biləcəyini bildirib.
O, getdikcə daha çox siyasi dairələrdən müharibəni dayandırmaq çağırışları aldıqlarını bildirərək, mövcud təmas xəttində dayanmağın Rusiya üçün qəbuledilməz olduğunu, “indi dayansaq, nasizmə qalib gəlmiş babalarımızın qəhrəmanlığının üzərindən xətt çəkmiş olarıq” deyib.
Tipik “Mister No” ritorikası.
Rusiya nasizm üzərində qələbədə böyük rol oymayan 3 respublikadan biri olan Ukraynanı darmadağın etməklə yanaşı, özü də qırx arşın quyunun dibinə düşməkdədir, ölkə yanacaq qıtlığı yaşayır, mərhumiyyətlər içindədir, onun xarici siyasət idarəsinin rəhbəri isə “babaların şücaəti”ndən danışır.
Bir zamanlar Qromıko da belə danışır, hərbi eskalasiya tərəfdarı olduğunu göstərir, danışıqlar masasındakı tərəf-müqabillərinə qarşı güzəştsiz mövqe tuturdu. Onun və ona rəhbərlik edənlərin siyasəti SSRİ-nin süqutu ilə nəticələndi. Lavrov da sanki ölkəsinin süquta doğru irəlilədiyini görmür.
Araz Altaylı, Musavat.com
25 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ