Onlayn ictimai-siyasi qəzet
Bu gün Xalq artisti İlhamə Quliyevanın vəfatından 10 il ötür. O, 2016-cı il fevralın 25-də səhər saatlarında qəfil şəkildə dünyasını dəyişib. Fevralın 26-da isə İkinci Fəxri Xiyabanda anası Tükəzban İsmayılova və ögey atası Həbibulla Bayramovun yanında torpağa tapşırılıb. Musavat.com mərhum müğənninin bir zamanlar mətbuat katibi olmuş Mehriban Hüseynova ilə söhbətləşib.
-Mehriban xanım, ilk olaraq, sizdən başlayaq, hazırda harada çalışırsınız.
-“TürkAz İnformasiya Ajansı”, “3 Nokta TV” və “BTV Xeber”in ictimaiyyətlə əlaqələr şöbəsinin müdiriyəm. Hazırda Azərbaycandayam və böyük bir layihələrimiz var. Yaxın vaxtlarda Türkiyəyə qayıdacağam, çünki əsas işlərim oradadır.
-Bu gün İlhamə Quliyevanın ölüm günüdür, ancaq onu aktyor Sərxan Kərəmoğludan başqa heç kim yada salmadı. Fikrinizcə, o, sağlığında sənət adamları içərisində hörmət qazana bilməmişdi?
-İlhamə xanımı yada salmaq lazım idi. Yəqin ki, zamanında hansısa səhvlərinə görə yada salınmayıb. Mən buna görə təəssüf edirəm. İlhamə xanımın Allah günahlarını bağışlasın. Elə bir səhvlər var ki, onu bağışlamaq olmur.
-Artıq illər keçib, İlhamə Quliyevaya halallıq verirsinizmi?
-Mən onunla işə başlayarkən iş qadını idim. Onunla yaşadığım problemdən sonra hər şeyimi itirdim və sıfırdan başlamalı oldum. Evimi satıb böyük biznes qurmuşdum. Başıma gələn hadisələrdən sonra biznesim bitdi. İlhamə xanım Türkiyədə əməliyyat olunanda mən də onunla birgə getmişdim. O zaman əlimdə olan 10 min dollar pulu onun kassasına qoyduq ki, gələndə geri götürüm. Çünki həyat yoldaşım da rayonda idi və böyük biznes üzərində çalışırdı. İstəmədim ki, pulu evdə saxlayım. Nəticədə 10 min dollar pulum batdı, hətta maşınım da oğurlandı. Bunları bağışlamaq olarmı?
-Yeri gəlmişkən, baxmayaraq ki, bir çox sənətçilər İlhamə xanımdan qorxub çəkinirdi, ancaq onun yaxın qohumu olan müğənni Əli Mirəliyev həmişə sizi müdafiə edirdi.
-Əli Mirəliyevlə biz yaxın dostuq. Mən təcridxanadan azad olunanda məni evinə qonaq çağırdı, cibimə pul qoydu. Onu da deyim ki, məni müdafiə edən tək Əli müəllim deyildi, həmkarlarım, Aygün Kazımova başda olmaqla tanınmış müğənnilər dayaq oldular. Bunların hamısı mənə güc verdi. Halallığa gəldikdə isə mən hər şeyimi itirdim və bu günə kimi əziyyət çəkirəm. Halallığı necə verim, öz haqqımı ala bilmədim və mənim haqqıma girdilər.
-İlhamə xanımın Türkiyədə əməliyyat olunduğunu dediniz. Hansı xəstəliyinə görə?
-Ayağından damar çıxarılıb, ürəyinə birləşdirilmişdi. Şəkər və təzyiqdən də əziyyət çəkirdi. Eyni zamanda ayağında estetik əməliyyat etdirmişdi. Bu da ona ayrı bir problem yaradırdı, ayağında çürümə gedirdi. Buna görə də Türkiyədə 3 ağır əməliyyat keçirdi. Ona stress, əsəb keçirmək olmazdı. Biz Türkiyədən qayıdandan sonra isə hamıya məlum olan olaylar yaşandı.Biz İlhamə xanımla dost idik. Çox yaxşı münasibətimiz var idi. Dəfələrlə əli Mirəliyevlə mənim evimdə də olmuşdular. Buna baxmayaraq, məlum qalmaqallı hadisə zamanı İlhamə xanım mənə bıçaq da atmışdı. Bütün bunlara qanuni şəkildə baxıldı və araşdırıldı. O özü də cinayət daşıyırdı. Təəssüflər olsun ki, dünyasını dəyişdi və İlhamə xanım cəzasını ala bilmədi.Ən böyük problem idi ki, 9 ay ərzində məni müstəntiq heç kimlə üzləşdirmədi. Bəlkə də sanksiya dövründə üzləşmə aparılsaydı, İlhamə xanım həqiqəti bilərdi.
-Siz azadlığa çıxanda İlhamə Quliyeva həyatda olmasa da, sizi şərləyib dediyiniz digərləri sağ idi. Məsələn, onun oğulluğu Orxan. Onunla görüşdünüzmü?
-Mənə qurulan bu oyunda əli olan hər kəs öz cəzasını Allah tərəfindən aldı. Orxanla sonra görüşdük və o səhv etdiyini etiraf etdi. Məhkəmədə də bildirdi ki, qərəzli olub. İlhamə Quliyevanın mənim adıma olan nömrəsi var idi. Mən onu Orxanın adına keçirdim. Dedim , Orxan mən ayağa qalxdım, amma sən bu hadisədə daha çox şey itirdin, amma itirməyə bilərdin. Eşitmişəm ki, Orxan ölüb. Ondan xəbər yoxdur.
-Azadlığa çıxandan sonra İlhamə xanımın məzarına getdiniz?
-Efirə çəkiliş lazım idi. Telekanalın xahişi ilə bir dəfə getmişəm. İlhamə xanım duyğusal və özünü xoşbəxt hiss etməyən bir qadın idi. Allah günahlarını bağışlasın və Allah rəhmət etsin.
Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.
Şahanə Rəhimli
Musavat.com
04 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ