İnsanlara hürriyət, millətlərə istiqlal!

1930-dan 2026-cı ilə Dünya Çempionatının izi ilə - Müharibələr, əfsanələr, göz yaşları və zəfərlər...

Pelenin parladığı, Maradonanın sehr yaratdığı, Ronaldonun geri döndüyü, Messinin zirvəyə qalxdığı 22 mundialın unudulmaz hekayəsi

Dünyada elə hadisələr var ki, onlar sadəcə idman yarışı deyil. Olimpiya oyunları, kosmosa ilk uçuş, Berlin divarının dağılması kimi hadisələr bəşəriyyətin yaddaşında xüsusi yer tutur. FIFA Dünya Çempionatı da məhz bu silsilədəndir. 1930-cu ildə Uruqvayda cəmi 13 komandanın iştirakı ilə başlayan bu möhtəşəm futbol macərası bu gün milyardlarla insanın izlədiyi qlobal fenomenə çevrilib. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi mundial artıq futbol tarixinin ən böyük turniri olacaq. İlk dəfə 48 komanda iştirak edəcək, 104 oyun keçiriləcək. Bu isə Dünya Çempionatının yeni mərhələyə qədəm qoyduğunu göstərir.

TZmmdgdgSZPrkT7U0OO3BYrDYExKSQI6SfCW1RnC_1200.jpg (223 KB)

Dünya çempionatlarının tarixi barədə danışaq.

İlk dünya çempionatı 1930-cu ildə Uruqvayda təşkil olunub. Cəmi 13 komanda iştirak edib. Finalda Uruqvay Argentinanı 4:2 məğlub edərək tarixdə ilk dünya çempionu olub. Bu turnir futbolun qlobal gücə çevriləcəyinin ilk siqnalı idi.

1934-cü ildə İtaliya yarışa ev sahibliyi etdi. Futbolun Avropaya köçü ilə ilk dəfə seçmə mərhələ tətbiq edildi. Mussolininin İtaliyasında keçirilən mundial siyasi çalarları ilə də yadda qaldı. Finalda İtaliya Çexoslovakiyanı məğlub etdi və ilk titulunu qazandı.

Sayca üçüncü mundial 1938-ci ildə Fransada təşkil olundu. II Dünya müharibəsindən əvvəlki son mundialda İtaliya ardıcıl ikinci dəfə dünya çempionu oldu. Vittorio Pozzonun komandası bu nailiyyətlə ilk dəfə titulu qoruyan kollektiv kimi tarixə düşdü. Bir il sonra isə dünya II Dünya müharibəsinə sürükləndi.

İTAL.png (470 KB)

1942 və 1946-cı illərdə müharibənin qurbanı olan mundiallar keçirilmədi. O vaxtlar futbol susdu, silahlar danışdı.

Ən nəhayət, 1950-ci ildə Braziliyanın ev sahibliyi ilə turnir keçirildi və bu, tarixə "Marakanaso faciəsi" kimi düşdü. Bir sözlə, dünya çempionatı 12 illik fasilədən sonra geri döndü. Tarixdə ilk dəfə final oyunu keçirilmədi. Son qrup mərhələsinin həlledici matçında Uruqvay Braziliyanı "Marakana"da 2:1 məğlub etdi. Bu hadisə Braziliya futbolunun ən böyük faciəsi kimi tarixə düşdü...

1954-cü ildə İsveçrənin ev sahibliyində həm də alman möcüzəsi baş verdi. Qərbi Almaniya favorit Macarıstanı finalda 3:2 məğlub etdi. Bu qələbə "Bern möcüzəsi" adı ilə futbol tarixinin ən böyük sensasiyalarından biri sayılır.

Bundan dörd il sonra İsveç yarışı keçirir və Kral Pele doğulur... 17 yaşlı Pele dünya səhnəsinə çıxdı. Braziliya ilk dünya çempionluğunu qazandı. Futbol yeni əfsanəsini tapdı.

Pele.jpg (131 KB)

1962-ci ildə bu məsuliyyəti Çili daşıyır. O vaxt Braziliya hegemonluğu davam edir. Pele zədələnsə də, Qarrinça komandanı zirvəyə daşıdı. Braziliya ardıcıl ikinci dəfə kuboku qazandı.

1966-cı ildə isə futbol evə qayıdır. İngiltərə yeganə dünya çempionluğunu qazandı. Finalda Qərbi Almaniya 4:2 hesabı ilə məğlub edildi. Ceff Herst finalda het-trik edən yeganə futbolçu olaraq qalır. O final hələ də Azərbaycan adı keçməklə müzakirə olunur. Yan xətt hakimi Tofiq Bəhramovun hər halda finalda qeydə aldığı qolu heç kəs unutmayıb. Elə ingilislərin ilk və yeganə çempionluğunu yerlimiz onlara hədiyyə edib desək, yanılmarıq. Amma həmin oyunda iştirak edən alman qapıçının uzun illər sonra Bakıda işlətdiyi bu cümlələr hələ də hafizələrdən silinməyib: "Bir şeyi dəqiq bilirəm ki, o top xətti keçməmişdi..."

1656749887_toto.jpg (72 KB)

1970-Meksika: Ən böyük komanda?

Pele, Jairzinyo, Rivelino, Tostao və Karlos Alberto. Bir çox mütəxəssis 1970 Braziliyasını bütün dövrlərin ən güclü milli komandası hesab edir. Braziliya üçüncü dəfə çempion oldu.

1974-AFR Almaniyası: Total futbolun savaşı

Kroyfun Niderlandı və Bekkenbauerin Almaniyası finalda üz-üzə gəldi. Qalib Almaniya oldu. Futbol taktiki baxımdan yeni mərhələyə qədəm qoydu.

1978-ci ildə Argentinada keçirilən mundialda ev sahiblərinin zəfəri yaşandı. Argentina ilk dəfə dünya çempionu oldu. Mario Kempes turnirin qəhrəmanına çevrildi. Buenos-Ayresdə milyonlar küçələrə axışdı. 1982-ci ildə İspaniya prosesə qoşuldu və bununla yeni dövrün başlandığını desək, yalan olmaz. İştirakçı sayı ilk dəfə 24-ə yüksəldi. İtaliya Paolo Rossinin liderliyi ilə çempion oldu. FIFA artıq daha çox ölkəyə qapı açırdı.

Mario_Kempes_1978_Argentina_-_Holanda.jpg (50 KB)

1986-Meksika: Tanrının əli Dieqo Maradona futbol tarixinin ən möhtəşəm fərdi performanslarından birini sərgilədi. İngiltərəyə vurduğu "Tanrının əli" və "əsrin qolu" bu gün də müzakirə olunur. Argentina çempion oldu.

16095966431950929197_1200x630.jpg (177 KB)

1990-İtaliya: Müdafiə futbolunun zirvəsinə dünya şahidlik etdi. Turnir az qollarla yadda qaldı. Finalda AFR Almaniyası Argentinanı məğlub etdi və üçüncü titulunu qazandı.

1994-cü ildə ABŞ-də keçirilən mundial rekord tamaşaçı sayı topladı. Final ilk dəfə penaltilərlə həll olundu. Braziliya İtaliyanı məğlub etdi. Roberto Baccionun qaçırdığı penalti tarixə düşdü. 1998-ci ildə Fransada təşkil olunan dünya çempionatında ilk dəfə iştirakçı sayı 32-yə çatdırıldı. Futbol əfsanələrindan sayılan Zinəddin Zidanın başçılığı ilə Fransa ilk dəfə dünya çempionu oldu. Bu format sonrakı altı mundial boyunca qorundu.

721209276_1504659008358725_5972704095950098999_n.jpg (216 KB)

2002-ci ildə isə mundial Yaponiya və Cənubi Koreyada, yəni ilk dəfə Asiyada, özü də iki ölkədə keçirildi. Ronaldo Nazario 8 qolla Braziliyanı beşinci dünya çempionluğuna daşıdı. Bu rekord hələ də təkrarlanmayıb.

2006-cı il Almaniyasında keçirilən turnir "son rəqs" kimi yadda qaldı. Zidan finalda karyerasının son oyunu keçirməyə məcbur buraxıldı. Onun italiyalı Marko Materatsiyə vurduğu baş zərbəsi hələ də həmin çempionatdan daha çox müzakirə olunur. Bəlkə də bu səbəbdən Fransa birinciliyi finalda təhvil verdi. İtaliya penaltilərlə çempion oldu.

2010-da bu gün axşam açılış oyununda Meksika ilə qarşılaşacaq Cənubi Afrika Respublikası qonaqları qarşılayırdı... Bununla da ilk dəfə mundial Afrika qitəsində keçirildi. İspaniya "tiki-taka" futbolu ilə tarix yazdı və ilk dünya çempionluğunu qazandı.

2014-Braziliya və 7:1 şoku...

Dünya futbolunun ən böyük sensasiyalarından biri yaşandı. Almaniya yarımfinalda Braziliyanı 7:1 hesabı ilə darmadağın etdi. Finalda Argentina məğlub edildi və Almaniya dördüncü titulunu qazandı.

2018-cü ildə isə çempionat burnumuzun ucuna qədər gəldi, şimalda - Rusiyada keçirildi. Fransanın yüksəlişi, Mbappenin parladığı turnirdə Fransa ikinci dəfə dünya çempionu oldu. Bununla yeni nəslin hakimiyyəti başladı.

qNFJXQ7KHDjvHuzfAPrDwPWhMOCEYQi5aL0K00SC_1200.jpg (171 KB)

2022-ci il Qətərində Messinin tacqoyması başladı. Tarixin ən dramatik finallarından biri keçirildi. Argentina və Fransa 3:3 hesablı möhtəşəm oyundan sonra penaltilərə getdi. Lionel Messi nəhayət ki, dünya çempionu oldu və futbol tarixindəki yerini əbədiləşdirdi.

Nəhayət gəldik 96 ildən sonra bu günə...

1930-cu ildə 13 komanda ilə başlayan turnir 1954-1978-ci illərdə 16 komandalı sistemə keçdi. 1982-ci ildə iştirakçı sayı 24-ə çatdırıldı. 1998-ci ildən etibarən 32 komandalı format tətbiq olundu. 2026-cı ildə isə tarixdə ilk dəfə 48 komanda mübarizə aparacaq. Bu təkamül sadəcə rəqəmlərin artması deyil. Bu, futbolun planetar gücə çevrilməsi, yeni qitələrin oyuna qoşulması, milyardlarla insanın ortaq emosiyasının formalaşması deməkdir.

2026-cı il çempionatı həm də yeni eranın başlanğıcı deməkdir. ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi Dünya Çempionatı futbol tarixinin ən böyük turniri olacaq. 48 komanda, 104 oyun, milyardlarla tamaşaçı...

TURKEY SON.jpg (430 KB)

1930-cu ildə Montevideoda başlayan yol artıq bir əsrə yaxınlaşır. Uruqvayın kiçik stadionlarından Şimali Amerikanın nəhəng arenalarına uzanan bu tarix əslində futbolun deyil, bəşəriyyətin ortaq tarixidir. Çünki Dünya Çempionatı sadəcə kubok uğrunda mübarizə deyil. Bu, Pelenin göz yaşları, Maradonanın dahiliyi, Zidanın qüruru, Ronaldonun qayıdışı, İnyestanın sehri və Messinin zirvəyə yüksəlişidir. Və 2026-cı ildə dünya yenidən bir topun arxasınca gedəcək...

Cavanşir Abbaslı
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR