Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Almaniyada yerləşdirilməsi nəzərdə tutulan uzaqmənzilli Tomahawk raketləri ilə bağlı planlarını dayandırmağa hazırlaşdığı iddia olunur.
Musavat.com xəbər verir ki, məlumata görə, Vaşinqton Rusiyanın bu addımı gərginliyin artırılması kimi qiymətləndirə və cavab tədbirləri görə biləcəyindən ehtiyat edir.
ABŞ mətbuatında yer alan xəbərlərə əsasən, Prezident Donald Tramp administrasiyası Almaniyaya raket yerləşdirilməsi təşəbbüsünün davam etdirilməsinin mümkün nəticələrini yenidən nəzərdən keçirir. Bildirilir ki, əsas narahatlıq Rusiyanın buna qarşı hərbi və ya siyasi addımlar ata bilməsi ilə bağlıdır.
Almaniya kansleri Friedrich Merz də may ayında verdiyi açıqlamada ABŞ-dan orta mənzilli Tomahawk qanadlı raketlərinin yaxın vaxtlarda Almaniyaya təhvil verilməsinin real görünmədiyini bildirmişdi.
Sözügedən plan ilk dəfə iki il əvvəl NATO sammitində, ABŞ-ın keçmiş prezidenti Joe Biden tərəfindən irəli sürülmüşdü. Layihə çərçivəsində Soyuq müharibədən sonra ilk dəfə olaraq Almaniyada Rusiyaya çata biləcək orta mənzilli konvensional silahların yerləşdirilməsi nəzərdə tutulurdu.
Planlara əsasən, 2 500 kilometrə qədər mənzilə malik Tomahawk raketləri, SM-6 sistemləri və yeni nəsil hipersəs silahlarının Almaniyada yerləşdirilməsi nəzərdən keçirilirdi.
Hələlik ABŞ administrasiyası məsələ ilə bağlı rəsmi qərar açıqlamayıb. Bununla belə, məlumatlar Vaşinqtonun Avropadakı hərbi strategiyasını və Rusiya ilə münasibətlərdə mümkün riskləri yenidən qiymətləndirdiyini göstərir.
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ