İnsanlara hürriyət, millətlərə istiqlal!

"600 min şagirdə çatdıq, amma..." – Emin Əmrullayevdən etiraf


“Biz hələ bu səyahətin başlanğıcındayıq. Əsas məsələ odur ki, biz çətinlikləri anlayır və qəbul edirik, onları inkar etmirik. Eyni zamanda, inkişaf etdiyimizi göstərən çox aydın əlamətlər var”.

Musavat.com xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bunu “Baku ID 2026” innovasiya festivalının açılış mərasimində çıxışı zamanı deyib.

Nazir bildirib ki, Azərbaycanın təhsil sistemində rəqəmsal bacarıqlar və innovasiyaların inkişafı istiqamətində həm uzunmüddətli, həm də qısamüddətli yanaşmalar paralel şəkildə həyata keçirilir. Onun sözlərinə görə, yalnız qısa müddətli nəticələrə fokuslanmaq uzunmüddətli perspektivdə problemlər yarada bilər.

"Bəzən mənə elə gəlir ki, bir çox sistemlər addım-addım inkişaf etmək əvəzinə, müəyyən trendlərə uyğunlaşmağa və onları tutmağa çalışırlar. Burada iki yol var: ya uzun yolu seçirsiniz, ya da qarşınıza çıxan müəyyən çətinlikləri həll etməyə imkan verən qısa yollar və sürətli nəticələr axtarırsınız”, – Emin Əmrullayev deyib.

O vurğulayıb ki, Azərbaycanın təhsil sistemində hər iki yanaşmanın balanslaşdırılmasına çalışılır:

“Cavab həmişə hər ikisidir. Əgər yalnız uzunmüddətli hədəflərə fokuslansanız, gözlənilməz problemləri həll etmək imkanınızı itirə bilərsiniz. Digər tərəfdən, çoxlu qısamüddətli və sürətli nəticə strategiyası həyata keçirsəniz, uzunmüddətli perspektivdə daha mürəkkəb məsələləri həll etməkdə çətinlik çəkə və nəticədə geridə qala bilərsiniz”.

Nazirin sözlərinə görə, Azərbaycan təhsil sistemi son 10 ildən artıq müddətdə bu iki yanaşmanı balanslaşdırmağa çalışıb. O qeyd edib ki, bunun üçün bir sıra layihələr əvvəlcə pilot şəkildə həyata keçirilib, daha sonra genişləndirilib.

Emin Əmrullayev “Rəqəmsal Bacarıqlar” layihəsini buna nümunə göstərib. Onun sözlərinə görə, layihəyə başlanarkən cəmi 5 min şagird əhatə olunurdusa, hazırda bu rəqəm 600 minə çatıb.

“10 ildən də çox əvvəl “Rəqəmsal Bacarıqlar” layihəsinə başlayanda 5 min şagirdlə başladıq. İndi isə 600 min şagirdə çatmışıq. Bu, Azərbaycan ümumtəhsil məktəblərindəki şagirdlərin demək olar ki, yarısıdır”, – nazir bildirib.

O, STEAM istiqamətində də əhəmiyyətli genişlənmənin baş verdiyini deyib:

“Azərbaycanda STEAM istiqamətinə başlayanda bəlkə də cəmi 50 məktəb və bir neçə min şagird var idi. İndi isə 300 mindən çox şagirddən danışırıq”.

Emin Əmrullayev qeyd edib ki, rəqəmsal bacarıqların inkişafı ilə yanaşı, fundamental təhsilin gücləndirilməsi də əsas prioritetlərdən biri olaraq qalır.

“Əgər siz “rəqəmsal bacarıqları inkişaf etdirəcəyəm” deyib, eyni zamanda çox yaxşı ibtidai təhsil sisteminə malik deyilsinizsə, bu problem yaradacaq. Fundamental məsələlər çox vacibdir”, – deyə o vurğulayıb.

Nazir Azərbaycanın beynəlxalq qiymətləndirmələrdəki nəticələrinə də toxunub. O bildirib ki, təhsil sistemində həyata keçirilən dəyişikliklərlə yanaşı, PISA, PIRLS və TIMSS kimi beynəlxalq qiymətləndirmələrdə nəticələrin yaxşılaşdırılması da diqqətdə saxlanılır.

Emin Əmrullayev rəqəmsal savadlılığın artırılması istiqamətində daha geniş kütləni əhatə edən layihələrlə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanmasının da vacib olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycan hər il 300-dən çox gənci kibertəhlükəsizlik, informasiya texnologiyaları və digər istiqamətlər üzrə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərir.

“Bu, kiçik bir rəqəmdir. Amma 5, 8 və ya 10 illik perspektivdə baxsanız, minlərlə insan edir. Onların hər biri böyük təsir göstərə, nümunə ola və ya gələcəkdə tədrisə başlaya bilər”, – nazir qeyd edib.

Emin Əmrullayev çıxışında Azərbaycanın innovasiya ekosisteminin inkişafı üçün uzunmüddətli perspektivə ehtiyac olduğunu da vurğulayıb. O bildirib ki, ölkənin özünəməxsus sahələrdə rəqabət qabiliyyətinin formalaşdırılması üçün həm geniş kütlənin rəqəmsal bacarıqlarının artırılması, həm də yüksək ixtisaslı istedadların hazırlanması vacibdir.

“İnanıram ki, bu, uzunmüddətli perspektivdə Azərbaycan ekosisteminə öz nişində rəqabət apara bilməsi üçün kömək edəcək”, – deyə nazir bildirib.

Nazir çıxışının sonunda Azərbaycanın qarşısında hələ böyük yolun olduğunu deyib:

“Gediləsi çox böyük yol var. Biz hələ bu səyahətin başlanğıcındayıq. Amma vacib olan odur ki, biz çətinlikləri anlayır və qəbul edirik, onları inkar etmirik. Eyni zamanda, inkişaf etdiyimizi göstərən çox aydın əlamətlər var. Ümid edirəm ki, eyni temp davam etsə, daha da inkişaf edib yaxşılaşa biləcəyik”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR