Bir il əvvəlin bu günü ilə bağlı bəzi qeydlər
8 Noyabr 2020-ci il. Beş il sonra bu tarixin siyasi məntiqini tamamlayan başqa bir tarix yaşandı. Birinci tarix Şuşada yazıldı, ikincisi Vaşinqtonda. Birincisində Azərbaycan əsgəri 30 ilə yaxın davam edən işğalın taleyini döyüş meydanında həll etdi. İkincisində isə Azərbaycan dövləti Şuşanın işğaldan xilası ilə qazanılmış Zəfərin yaratdığı yeni reallığın sülhün, beynəlxalq hüququn və regional əməkdaşlığın əsasına çevrilməsi istiqamətində mühüm diplomatik nəticəyə nail oldu. Deməli, 8 Noyabr hərbi Zəfərimizin simvoludursa, 8 avqust həmin Zəfərin diplomatik müstəvidəki davamıdır.
***
Bəli, 2020-ci ilin noyabrında Azərbaycan öz torpaqlarını azad etmək uğrunda döyüşürdü. 2025-ci ilin avqustunda isə ölkəmiz artıq qalib, suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi Cənubi Qafqazın gələcək siyasi konturlarının müəyyənləşdirilməsində iştirak edirdi. Nəinki iştirak edir, habelə konturları özü cızırdı. Məhz bu deyimdə Prezident İlham Əliyevin liderlik fenomeninin ən mühüm xüsusiyyətlərindən biri görünür. Görünən dövlətimzin başçısının qələbəni qazanmaq qədər, onun nəticələrini qorumaq bacarığıdır. Tam əminliklə demək olar ki, bir il əvvəl bütün dünya Azərbaycanın qələbəni beynəlxalq aləmdə qəbul etdirmək, ən əsası onu strateji üstünlüyə çevirmək məfkurəsinin təntənəsinə şahidlik etdi. Ona görə də Vaşinqtonda yaşananlar yalnız Azərbaycan və Ermənistan rəhbərlərinin növbəti görüşü ilə bağlı ayrı-ayrı siyasi etüdlər deyildi.
***
Bir il əvvəlin bu gününü doğuran reallıqda Prezident İlham Əliyev siyasi portreti var. Bu portreti dövlətimizin başçısının ayrı-ayrı çıxışları, bəyanatları və ya görüşləri qədər, bütün bu hadisələrin ardıcıllığı da göstərir. 2003-cü ildə Azərbaycan ərazisinin bir hissəsi işğal altında idi. 2020-ci ildə Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə hərbi-siyasi reallığı dəyişdi. 2023-cü ildə dövlətimiz bütün ərazisində suverenliyini tam bərpa etdi. Nəhayət, Bakı qarşıdurmanın davam etdirilməsini yox, sülh gündəliyini irəli sürdü. Bununla Zəfərimizin nəticələri də zamanın sınağından çıxmış oldu.
Nəzərə alaq ki, müharibəni qazanmaq böyük məharət olsa da, onun nəticələrini qorumaq daha böyük səriştə tələb edir. Çünki qələbədən sonrakı dövr müharibənin özündən də mürəkkəb olur. Döyüş meydanında nəticəni ordu müəyyənləşdirir. Ötən il avqustun 8-də diplomatiya, iqtisadiyyat, beynəlxalq hüquq, kommunikasiya layihələri, böyük dövlətlərin maraqları və regional geosiyasət eyni masanın üzərinə gəldi. Yəni, bir il əvvəl Vaşinqtonda Azərbaycanın Zəfər masası belə quruldu.
***
44 günlük müharibə qalibi ölkəmiz Ermənistanla sülhün əsas prinsiplərini irəli sürmüş, barış sazişi layihəsini təqdim etmiş və münasibətlərin qarşılıqlı ərazi bütövlüyünün tanınması üzərində qurulmasını tələb etmişdi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də mövcud məqama toxunmuş, Vaşinqtonda paraflanmış Bakı-İrəvan barış sazişinin dövlətlərarası münasibətlərə dair məhz Azərbaycanın irəli sürdüyü yanaşma üzərində ərsəyə gəldiyini vurğulamışdı.
Ötən il avqustun 8-də istər Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Birgə Bəyannamə imzalamaları, istər hər üç liderin mətbuata bəyanatları, istərsə də həmin gün Azərbaycan və Ermənistan Xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflamaları fonunda 30 ildən artıq müddətdə bir-birilə konfliktdə olan dövlətlər təkcə ortaq məxrəcə gəlmir, eyni zamanda, onlar münaqişə məntiqini tarixin arxivinə göndərirdilər. Söhbət özündə bu məntiqi daşıyan ATƏT-in Minsk qrupunun və onunla bağlı strukturların bağlanması üçün tərəflərin birgə müraciət etmələrindən gedir. Hesab edirik ki, bir il əvvəl yaşananlarda ölkəmiz adına böyük uğur və nailiyyət payı həm də budur.
Ötən ilin sonuna doğru sözügedən təsisat ömrünü rəsmən başa vurdu. Beləliklə, keçmiş münaqişənin artıq mövcud olmayan reallığını yaşatmağa xidmət edə biləcək beynəlxalq mexanizm də yox oldu. Başqa sözlə desək, Azərbaycan yalnız işğalı aradan qaldırmadı, işğal dövrünün diplomatik mexanizmlərinin də arxivə çevrilməsinə nail oldu. Amma uğuru şərtləndirən başqa məqamlar da var. Axı Vaşinqton sammitinin digər strateji nəticəsi kommunikasiyalarla bağlıdır.
***
Doğrudur, 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndində də Naxçıvana maneəsiz yolun təmin olunması nəzərdə tutulurdu və bunun özü 44 günlük müharibənin mühüm nəticəsi idi. Bir il əvvəl Vaşinqton sənədində həmin ideya beynəlxalq siyasi və iqtisadi mexanizmlə yenidən təsbit edildi. Deməli, Azərbaycanın inadı özünün məntiqi nəticəsinə çatdı. Yəni, diplomatiyamız eyni strateji hədəfi dəyişən geosiyasi şərtlərə uyğun yeni formatda irəli daşımağı bacardı. Peşəkarlıq da budur ki, məqsəd sabit qalır, ona aparan vasitələr şəraitə uyğun dəyişir. Dəyişən isə yalnız bu deyildi.
Haqqında bəhs etdiyimiz Birgə Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin olunması prinsipi təsbit edildi və Ermənistan ərazisində TRIPP – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” layihəsinin həyata keçirilməsi üzrə ABŞ-la əməkdaşlığın çərçivəsi müəyyənləşdirildi. Məsələ ondadır ki, TRIPP mahiyyətcə Zəngəzur dəhlizi, başqa sözlə desək, Naxçıvana maneəsiz yoldur. Azərbaycanın Naxçıvanla quru bağlantısı isə illər boyu regional siyasətin ən mürəkkəb düyünlərindən biri olmuşdu. Qətiyyətlə demək olar ki, proseslər bu düyünün açılmasına doğru aparır.
***
Bir il əvvəlin bu günündə Azərbaycan-ABŞ münasibətləri baxımından yeni mərhələyə start verildi. Həmin gün Prezident İlham Əliyev və Prezident Donald Tramp Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması barədə Anlaşma Memorandumunu imzaladılar. Yeri gəlmişkən, sözügedən Xartiya 2026-cı il fevralın 10-da Bakıda Prezident İlham Əliyev və ABŞ-ın Vitse-prezidenti Cey Di Vens tərəfindən imzalandı. Hesab edirik ki, bir il əvvəl yaşananların ölkəmiz adına böyük uğur və nailiyyət payının davamı həm də budur. Sənəddə tərəflər bir-birilərinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına dəstəyi bir daha təsdiqlədilər, regional bağlantılar, iqtisadi sərmayə, enerji, texnologiya və təhlükəsizlik əməkdaşlığı strateji tərəfdaşlığın istiqamətləri sırasında göstərildi.
***
Ötən il avqustun 8-də ABŞ Prezidenti dövlətimizin başçısının iştirakı ilə “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sənədi də imzaladı. 33 il Azərbaycanın haqlı narazılığına səbəb olmuş 907-ci düzəliş məsələsində yaranan yeni vəziyyət sadəcə ikitərəfli münasibətlərdə texniki dəyişiklik deyildi. Bu, Bakı-Vaşinqton təmaslarında uzun müddət mövcud olmuş siyasi maneələrdən birinin aradan qaldırılması istiqamətində dönüş idi. İnanmaq istərdik ki, bu dönüş “907”nin tamamilə ləğvini doğuracaq.
***
Sonda yenidən əvvəldə üzərində dayandığımız paralelə qayıdaq. 8 Noyabr və 8 Avqust arasında beş ilə yaxın zaman var. Amma siyasi məntiq baxımından onları bir xətt birləşdirir. 2020-ci il noyabrın 8-də Azərbaycan Prezidenti Şəhidlər Xiyabanından xalqa Şuşanın azad olunduğunu elan edirdi. 2025-ci il avqustun 8-də isə dövlətimizin başçısı dünyanın ən güclü siyasi paytaxtlarından birində qalib ölkənin Prezidenti kimi Cənubi Qafqazın gələcək arxitekturasını müəyyənləşdirən sənədə imza atırdı.
Beş il əvvəl Azərbaycan öz sözünü döyüş meydanında demişdi. Beş il sonra həmin söz diplomatiya masasının üzərində sənədə çevrilirdi. İlham Əliyevin liderlik fenomenini ən dəqiq ifadə edən məqam da elə budur. Dövlətimizin başçısı hərbi Qələbəni diplomatik kapitala, diplomatik kapitalı isə Azərbaycanın uzunmüddətli strateji mövqeyinə çevirməyi bacardı. Güclü lider yalnız müharibəni udan lider deyil, müharibədən sonrakı sülhü də öz dövlətinin milli maraqlarına uyğun qurmağı bacarandır.
Əflatun AMAŞOV,
“Xalq qəzeti”nin baş redaktoru






ŞƏRHLƏRŞƏRH YAZ