Onlayn ictimai-siyasi qəzet
ABŞ-da yanacaq qiymətlərini aşağı salmaq üçün "qırmızı" dizel yanacağının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırılıb.
Musavat.com xəbər verir ki, müvafiq sərəncamı prezident Donald Tramp imzalayıb.
O, bu tədbirin "dizel yanacağının ictimai yollarda istifadə edilməməsi tələbini rəsmi olaraq aradan qaldırdığını və hər kəsin istənilən məqsəd üçün qırmızı boya ilə vergisiz dizel yanacağı almasına imkan verdiyini" bildirib.
Tramp sərəncamı "görünməmiş xərc azaltma addımı" adlandırıb və onun "qida da daxil olmaqla bütün malların qiymətini əhəmiyyətli dərəcədə azaldacağını" qeyd edib.
"Qırmızı" dizel yanacağının istifadəsinə icazə ilin sonuna qədər qüvvədə olacaq.
Qeyd edək ki, Qırmızı dizel (ingilis dilində red diesel), ictimai yollarda hərəkət etməyən nəqliyyat vasitələri və xüsusi texnikalar üçün nəzərdə tutulmuş, vergidən azad və ya güzəştli vergi dərəcəsi ilə satılan rənglənmiş dizel yanacağıdır.
Kimyəvi tərkibinə görə yanacaqdoldurma məntəqələrində satılan standart (ağ/şəffaf) dizellə demək olar ki, tamamilə eynidir. Yeganə fərqi, onun qanunsuz istifadəsinin qarşısını almaq və asanlıqla tanımaq üçün içərisinə xüsusi qırmızı rəngli marker kimyəvi maddənin əlavə edilməsidir.
Onu da bildirək ki, Tramp 3 noyabr Konqres seçkilərindən əvvəl ölkədə yanacaq qiymətlərini aşağı salmağa çalışır.
Musavat.com
11 Oktyabr 2026
10 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ