Onlayn ictimai-siyasi qəzet
Venesuela kimi neft ehtiyatına görə dünyada birinci olan ölkənin faktiki olaraq ABŞ-ın nəzarətinə keçməsi sıradan hadisə deyil. Bu, qlobal enerji bazarında böyük bölgünün yenidən başlanğıcıdır.
Musavat.com xəbər verir ki, artıq bir çox analitik mərkəzlər Venesuelanın ardınca İran ssenarisinin gerçəkləşəcəyini proqnozlaşdırırlar. Söhbət ayrı-ayrı rejimlərin taleyindən daha çox, enerji dövrünün dəyişməsindən gedir.
Neft çox, lap çox olacaq. Qaz da. Qiymət isə… qiymət olmayacaq.
Venesuelada yaşanan proseslərə romantik tərəfdən yanaşanlar “demokratiyanın qələbəsi”ndən danışa bilər. Amma reallıq tamam başqadır. ABŞ enerji bazarında yeni, nəhəng resursu nəzarətə götürür. Venesuela nefti ağır, kükürdlü, amma bol hasil olunan neftdir və bir neçə il ərzində dünya bazarlarına çıxarılacaq. Bu, dərhal qiymətləri çökdürməsə də, enerji bolluğunun əsasını qoyur. Bu ssenarinin ən zəif halqası İrandır. ABŞ sanksiyaları altında boğulan, neftini endirimlə satan Tehran üçün Venesuela nefti birbaşa ölümcül rəqibdir. Əgər İran rejimi də zəifləsə və ya çöksə, təkcə neft yox, qaz bazarında da tarazlıq pozulacaq. Üstəlik, İranın tranzit ölkə kimi açılması Türkiyə-Qafqaz-Orta Asiya marşrutlarını kökündən dəyişə bilər.
Bəs bütün bunlar Rusiyanın razılığı olmadan mümkündürmü?
Siyasi şərhçi Kamran Məmmədli Musavat.com-a deyib ki, böyük ehtimalla Venesuela kartı Moskva ilə anlaşma əsasında açılıb: "Əvəzində isə Rusiya üçün sanksiyaların yumşaldılması, neft-qazının yenidən leqal bazarlara çıxışı gündəmə gələ bilər. Qiymət aşağı düşsə də, Rusiya həcmlə oynamağı bacarır. İqtisadiyyatı neftdən asılı olan bütün dövlətlər yaxın illərdə Venesuela neftinin bazarlara çıxmasından çox ciddi şəkildə zərər çəkəcəklər. Neft və qaz qiymətləri kəskin şəkildə düşəcək".
Kamran Məmmədli deyir ki, iqtisadi reallıqlar acı tablonu ortaya qoyur: "Dünyada enerji bazarı sadəcə siyasət deyil, həm də rəqəmlər oyunudur. Venesuelanın neft ehtiyatları 300 milyard barrel, amma faktiki gündəlik hasilat 2024-cü ildə cəmi 750–800 min barrel olub. 2000-ci illərdə bu rəqəm gündəlik 3 milyon 200 min barrel idi. ABŞ bu nefti bazara çıxarmağa başladıqda qlobal bazara hər gün +1–2 milyon barrel əlavə edilə bilər, qiymətlərdə ilkin olaraq 5-8 dollar ucuzlaşma mümkündür. Uzağı 4-5 ilə ABŞ qlobal bazara hər gün 3 milyon barrel çıxaracaq.
Bu gün İran ağır neft istehsal edir. Sanksiyalar altında olsa da, hər gün 2 milyon 200 min barrel neft çıxarır. Venesuela nefti bazara çıxarsa, İranın satış qiymətində endirim məcburiyyəti yaranacaq, büdcə gəlirləri düşəcək. Qaz bazarında isə Avropa üçün alternativ bolluq yaranacaq.
Rusiyaya gəlincə, qiymət düşsə də, Rusiya həcmlə oynaya bilir. Nəticədə sanksiyaların yumşaldılması ilə enerji bazarında mövqeyi güclənir. Bu isə Azərbaycan üçün rəqabət və təzyiq artımı deməkdir. Əgər qlobal qiymət 50-60 dollar səviyyəsinə düşsə, büdcəmizdə 2-3 milyard manat kəsir yarana bilər. Üstəlik qaz ixracı da artmaqla qiymət ucuzlaşacaq, Avropa bazarında müqavilələrdə endirim təzyiqləri artacaq.
Azərbaycanın tranzit üstünlükləri - İran, Cənub-Qafqaz dəhlizi isə strateji risk altına düşə bilər. ABŞ Maduronun oğurlanması əməliyyatı ilə dünya enerji xəritəsini yenidən cızır".
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
07 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ