Onlayn ictimai-siyasi qəzet
Rəsmi açıqlamaya görə, Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olan “Təmiz Şəhər” ASC 2025-ci ili 5,666 milyon manat xalis zərərlə başa vurub. Bu, 2024-cü illə müqayisədə 3,4 dəfə çoxdur.
Həmin məlumata görə, qurumun yığılmış zərəri 249 milyon manata çatıb. REAL Partiyasının sədri Natiq Cəfərli bu məsələyə reaksiya verib: “Bu ASC tullantıların idarə edilməsi ilə məşğuldur və ziyanla işləyir. Dünyanın bir çox ölkələrində “zibil biznesi” ən karlı bizneslərdən biri sayılır. Hətta İtaliyada “mafiya” bu işlə məşğul olmaq üçün bir-birini sıradan çıxarırdı”.
Onun sözlərinə görə, rəsmi dairələr bu sahəni də batırıb. “Bu gün ziyan, özü də xalis ziyan milyardın dördə-birinə çatıb. Səbəblərini araşdıran olubmu?! Xərclərmi şişirdilir?! Əgər belə ASC-lərlə alınmırsa, sivil dünyanın getdiyi yolla gedək – böyük şəhər bələdiyyələri yaradaq, mer seçək, şəhər hökuməti formalaşdıraq, onlar da hesabatlı şəkildə şəhər təsərrüfatı, o cümlədən tullantılarla məşğul olsunlar. Bu xidməti ya özləri həyata keçirsinlər, ya da yaxşı şərtlərlə özəl şirkətlərə devr edib, heç olmasa, ziyanla işləməsinlər”.
O yekunda sual edib: “Təmiz Şəhər” ASC 250 mln. manatlıq ziyanı bağlayacaqmı?! Təbii ki, yox, günü birində bu ziyan silinəcək, məsuliyyət daşıyan da olmayacaq”.
Bəs məişət tullantılarını niyə biznesə çevirə bilmirik? Şəhər hökuməti formalaşdırmaqla problem həll olunacaqmı?
![]()
Mövzu ilə bağlı millət vəkili, iqtisadçı alim Vüqar Bayramov Musavat.com-a danışıb. Deputat qeyd edib ki, bu sektor üzrə gəlirlilik səviyyəsi yüksək olmadığına görə dövlət tərəfindən daim maliyyə dəstəyi göstərilir: "Məqsəd isə xərclərin bir hissəsinin dövlət mənbələri hesabına kompensasiya edilməsidir. Lakin bununla yanaşı, tullantıların idarə edilməsi mexanizminin genişləndirilməsinə və sektor üzrə gəlirliliyin təmin olunması istiqamətində addımların atılmasına ehtiyac var. Çünki tullantıların idarə edilməsi artıq əksər inkişaf etmiş ölkələrdə mühüm istiqamətlərdən birinə çevrilib".
Deputata görə, bu sahədə özəl sektorun fəallığının artırılması üçün dövlət tərəfindən müxtəlif təşviq alətlərindən istifadə olunmalıdır: "Təbii ki, bu sahənin inkişafı investisiya tələb edir. Tullantıların idarə edilməsi müəssisələrin sayının artırılmasını və xüsusilə özəl sektor tərəfindən bu istiqamətə sərmayə qoyuluşunun təşviq edilməsini nəzərdə tutur. O baxımdan bizim təklifimiz ondan ibarətdir ki, özəl sektorun bu sahəyə cəlb edilməsi üçün dövlət tərəfindən müxtəlif təşviq alətlərindən istifadə olunsun. Xüsusilə vergi güzəştləri və digər subsidiya mexanizmləri vasitəsilə özəl investisiyaların cəlb edilməsi və bu sahədə istehsalın təşkili mümkündür. Bu isə nəticə etibarilə mövcud zərərin mərhələli şəkildə mənfəətlə əvəz olunmasına gətirib çıxara bilər".
Xalidə Gəray,
Musavat.com
26 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ