Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampla aparılan danışıqlar zamanı İsrailin Vaşinqtonun müvafiq sorğusu və ya tələbi olmadan öz təşəbbüsü ilə İrana zərbə endirməyəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, bu barədə İsrail mənbələrinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Netanyahunun bu açıqlaması ABŞ ilə fikir ayrılıqlarının və bundan qaynaqlanan gəgrinliyin İsrailə ziyan vura biləcəyinin nəhayət qəbul edilməsi və geriyə addım atılması hesab oluna bilərmi?

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, bu açıqlamanı müəyyən mənada İsrailin Vaşinqtonla münasibətlərdə gərginliyi azaltmağa yönəlmiş siyasi mesajı kimi qiymətləndirmək olar. Lakin bunu İsrailin İrana qarşı sərt mövqeyindən geri çəkilməsi kimi deyil, daha çox ABŞ-la strateji koordinasiyanı ön plana çıxaran taktiki addım kimi dəyərləndirmək daha doğrudur:
“Netanyahunun Trampla danışıqlardan sonra verdiyi açıqlama ilk növbədə Vaşinqtonla yaranmış fikir ayrılıqlarını yumşaltmağa hesablanmış siyasi mesajdır. Son aylarda ABŞ administrasiyası İran məsələsində hərbi eskalasiyanın qarşısını almağa, diplomatik kanalları açıq saxlamağa çalışdığı halda, İsraildə İranın nüvə proqramı ilə bağlı daha sərt və preventiv yanaşma üstünlük təşkil edirdi. Bu fərqli yanaşmalar iki müttəfiq arasında müəyyən narahatlıq yaratmışdı. Netanyahunun “ABŞ-ın sorğusu və ya razılığı olmadan İrana zərbə endirməyəcəyik” bəyanatı göstərir ki, Təl-Əviv Vaşinqtonun strateji dəstəyinin əvəzolunmaz olduğunu anlayır. ABŞ-ın hərbi, siyasi və diplomatik dəstəyi olmadan İranla mümkün genişmiqyaslı qarşıdurmanın İsrail üçün həm təhlükəsizlik, həm də beynəlxalq legitimlik baxımından ciddi risklər yaradacağı qəbul edilir. Bununla yanaşı, Netanyahu eyni açıqlamada İsrailin özünümüdafiə hüququnu saxladığını xüsusi vurğulayıb. Bu isə o deməkdir ki, İsrail İranın və ya onun regiondakı proksi qüvvələrinin hücumu halında müstəqil hərbi cavab vermək imkanından imtina etmir. Yəni söhbət prinsipial siyasətin dəyişməsindən deyil, birtərəfli preventiv hücumların ABŞ-la koordinasiya edilməsindən gedir”.
Politoloq hesab edir ki, bütövlükdə, bu bəyanat ABŞ-la yaranmış soyuqluğun İsrailin milli maraqlarına zərər verə biləcəyinin dərk edildiyini göstərən mühüm siyasi siqnaldır: “Netanyahu anlayır ki, Vaşinqtonla açıq fikir ayrılığı İsrailin təhlükəsizlik təminatlarına, hərbi əməkdaşlığına, diplomatik dəstəyinə və İranın nüvə proqramına qarşı beynəlxalq təzyiq mexanizmlərinə mənfi təsir göstərə bilər. İsrail ABŞ-nin mövqeyini və maraqlarını nəzərə almağa məcburdur. Netanyahu Trampın narazılığını yumşaltmaq istəyir”.
Etibar Seyidağa,
Musavat.com
29 Iyul 2026
ŞƏRHLƏRŞƏRH YAZ