İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Qərb “CƏHƏNNƏM SANKSİYALARI” tətbiq edəcək: Zelenski Trampı Rusiya iqtisadiyyatının “ölüm hökmü”nə razı saldı

Əgər, ABŞ və Avropa Birliyinin yeni sanksiyaları həqiqətən də bir-birinə paralellik təşkil edərsə, Rusiya iqtisadiyyatının buna uzun müddət tab gətirə biləcəyi o qədər də inandırıcı görünmür... Bu baxımdan, ehtimal etmək olar ki, Kremlin qarşısındakı və çıxışı hələ görünməyən “qara tunel” Rusiyanı ən yaxşı halda, orta əsrlər dövrünə də qaytara bilər...

Ukrayna savaşı yalnız döyüş meydanında deyil, siyasi məkanda da intensivləşməyə başlayıb. Belə ki, “Rusiyada keçiriləcək seçkilərdən sonra Kreml ümumi səfərlik elan edəcək” iddiasını qlobal gündəmə daşıyan rəsmi Kiyev əlavə manevrlərlə, qarşı tərəfə müəyyən zərbələr endirməkdədir. Kreml isə Ukraynaya qarşı hərbi zərbələri intensivləşdirsə, rəsmi Kiyevin qlobal məkanda ardıcıl siyasi hücumlarına adekvat reaksiya verməkdə ciddi çərinlik çəkir. Və bu baxımdan, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmirti Medvedevin mümkün səfərbərlik barədə xəbərləri “düşmən tərəfin hiyləgər təxribatı” adlandırması indiki situasiyada Kreml üçün elə bir ciddi fayda vəd etmir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Kiyev son vaxtlar Ukrayna savaşını Rusiya ərazisinə daşımaqla kifayətlənmir. İndi Ukrayna siyasi dairələri münaqişə tərəfləri arasındakı informasiya savaşını da böyük uğurla Rusiya cəmiyyətinə yerləşdirməyə başlayıblar. Hər halda, rəsmi Kiyevin “Kreml ümumi səfərbərlik elan edəcək” məzmunlu iddiası Rusiya cəmiyyətində müəyyən narahatlıq və Kiyevə qarşı ciddi narazılıq doğurub. Əgər, bu proses daha da dərinləşərsə, Kreml yaxın vaxtlarda enerji və sosial-iqtisadi böhrandan narazı olan Rusiya əhalisinin ümumi səfərbərliyə qarşı kütləvi etiraz dalğasının birbaşa hədəfinə çevrilə bilər.

d4f82a1c-807e-4915-b091-0d1c808466a7.jpg (165 KB)

Maraqlıdır ki, rəsmi Kiyevin daha bir uğuru Rusiyaya qarşı qlobal məkanda siyasi hücumların ağırlıq mərkəzini tədricən Ağ Evin “Oval Kabinet”inə daşımağa nail olması ilə bağlıdır. Belə ki, son vaxtlara qədər Rusiyanı daha çox dəstəkləyən Tramp administrasiyası vaxtilə Ukrayna prezidenti Volodimir Zelenskini çoxvektorlu siyasi-psixoloji hücumlara məruz qoymuşdu. Və həmin dövrdə ABŞ-Ukrayna münasibətləri ciddi şəkildə pozulmuşdi, prezident Volodimir Zelenski isə Ağ Evdən həm məyus, həm də çox ümidsiz ayrılmışdı.

Ancaq indi vəziyyət ciddi şəkildə dəyişməyə başlayıb. Belə ki, prezident Volodimir Zelenski bu dəfə Ağ Ev sahibi Donald Trampla görüşə özündən əmin əhval-ruhiyyədə getmişdi. ABŞ səfərindən öncə isə prezident Volodimir Zelenski Ukrayna əhalisini savaşın olduqca ağır qış mərhələsinə hazırlaşmağa çağırmışdı. Onun bu çağırışının əsas səbəblərindən biri məhz Ukrayna prezidentinin Ağ Ev sahibi Donald Trampdan ölkəsi üçün "Patriot" raketlərindən ibarət "qış paketi" tələb etməsindən sonra müəyyən qədər aydınlaşmış oldu.

Məsələ ondadır ki, prezident Volodimir Zelenski Ağ Ev sahibinin diqqətinə enerji infrastrukturunu qorumaq məqsədilə Ukraynanın qışa qədər təxminən 300 ədəd müdafiə raketlərinə ehtiyacı olduğunu çatdırıb. O, bildirib ki, prezident Donald Trampla "Patriot" sistemləri üçün ələ keçirici raketlərin istehsalı ilə bağlı lisenziyaları və digər bəzi ideyaları müzakirə edib. Ukrayna liderinin fikrincə, indiki mərhələdə ABŞ-la siyasi-diplomatik təmasların gücləndirilməsi rəsmi Kiyev üçün olduqca vacibdir. Və o, iki ölkə arasında gələcək əməkdaşlığın təfərrüatlarının dəqiqləşdirilməsi istiqmətində kifayət qədər ciddi uğurların olduğunu da vurğulayıb.

58e39b4d-aac5-4ce9-ba25-f9d2b30e4c37.jpg (194 KB)

Ən önəmli və diqqəti çəkən digər məqamlardan biri də odur ki, prezident Volodimir Zelenski ABŞ lideri Donald Trampla görüşün gözlənildiyindən daha yaxşı keçdiyini bildirib. Onun sözlərinə görə, prezident Donald Tramp Ukraynaya “Patriot” raketlərinin istehsalı üçün lisenziyalar verməyə razılaşıb. Yəni, bu, o deməkdir ki, əgər, Ağ Ev sahibi öz vədini tutarsa, onda Ukrayna malik olduğu “Patriot” sistemləri üçün ABŞ-dan raketlərin göndərilməsini gözləməli olmayacaq, onları elə özü istehsal edəcək. Və belə anlaşılır ki, vaxtilə Ağ Evdə siyasi-psixoloji hücumlara məruz qalmış prezident Volodimir Zelenskinin ABŞ-dan tamamilə məmnun ayrılması üçün kifayət qədər ciddi əsaslar mövcuddur.

Göründüyü kimi, hazırda Ukrayna savaşı ətrafında yaranmış yeni situasiya böyük ölçüdə rəsmi Kiyevin nəzarəti altındadır. Çünki indi Ukrayna həm savaş meydanında, həm də siyasi məkanda şərtləri diktə edən əsas tərəfə çevrilməyə başlayıb. Belə ki, rəsmi Kiyev Ukrayna müharibəsini Rusiya ərazisinə daşımağa nail olub. Rusiyanın enerji və loqistika infrastrukturu davamlı şəkildə dağıdılır. Kreml isə bütün bunların qarşılığında Rusiya ordusunu və hərbi əməliyyatları maliyyələşdirməkdə ciddi çətinliklərlə üz-üzə qalamaqdadır.

Təbii ki, mövcud situasiyanın Rusiyanın əleyhinə çevrilməsi ABŞ və Avropa Birliyinin Ukraynaya yönəlik dəstəyini daha da gücləndirə bilər. Hər halda, Ağ Ev də son vaxtlar Rusiyaya münasibətdə mövqeyinə yenidən baxmağa başlayıb. Yəni, Tramp adminstrasiyasının tədricən Rusiyadan uzaqlaşaraq, Ukraynaya dəstək göstərməyə üstünlük verdiyi müşahidə olunur. Eyni zamanda, Ağ Ev sahibi artıq rəsmən bəyan edib ki, Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirəcək və buna paralel olaraq isə Ukraynaya dəstəyi gücləndirəcək.

12c79fa2-936b-4c14-822d-34dce1ea8af8.jpg (144 KB)

Onu da qeyd etmək lazımdır ki, Tramp administrasiyası indi Ukrayna savaşına əsasən hərbi kommersiya maraqlarından yanaşır. Belə ki, ABŞ Ukrayna üçün nəzərdə tutulmuş silah-sursatı və hərbi texnikanı NATO ölkələrinə satır. Həmin ölkələr isə ABŞ-dan satın aldıqları silahları, dəyərini “borc dəftəri”nə yazmaqla, Ukraynaya göndərirlər. Bütün bunlar hərbi-siyasi situasiyanın böyük ölçüdə rəsmi Kiyevin xeyrinə dəyişməkdə olduğunu göstərir. Ona görə də, prezident Volodimir Zelenskinin Ukrayna savaşı ətrafında baş verənlərdən məmnun olması qətiyyən yersiz görünmür.

Digər tərəfdən, bəzi məlumatlara görə, prezident Volodmir Zelenskinin ABŞ səfəri çərçivəsində ABŞ-dan Ukraynaya, savaşın inkişaf istiqamətlərini tamamilə dəyişə biləcək səviyyədə əlavə dəstək təminatları aldığı da iddia olunur. Eyni zamanda, ABŞ-ın hər iki partiyasından olan senatorların Rusiya və İrana qarşı "cəhənnəm sanksiyaları" tətbiq edən qanun layihəsi ilə bağlı ümumi razılığa gəldikləri də bildirilir. Həmin qanun layihəsi Ağ Ev sahibi Donald Trampa Çin və Hindistan da daxil olmaqla, Rusiya enerji resurslarının əsas alıcılarına qarşı əlavə məhdudiyyətlər, gömrük rüsumları tətbiq etmək imkanı verəcək.

Buna parallel olaraq, Avropa Komissiyasının oktyabr ayında Rusiyaya qarşı 22-ci sanksiya paketini qəbul etməyi planlaşdırdığı barədə də ciddi məlumatlar mövcuddur. "Həddindən artıq zəif olan 21-ci paketin boşluğunu doldurmaq" məqsədilə yeni paketin 1600 şirkəti hədəfə alacağı gözlənilir. Əgər, ABŞ və Avropa Birliyinin yeni sanksiyaları həqiqətən də bir-birinə paralellik təşkil edərsə, Rusiya iqtisadiyyatının buna uzun müddət tab gətirə biləcəyi o qədər də inandırıcı görünmür. Və bu baxımdan, ehtimal etmək olar ki, Kremlin qarşısındakı çıxışı hələ görünməyən “qara tunel” Rusiyanı ən yaxşı halda, orta əsrlər dövrünə də qaytara bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

004821fae7991696e809ed2abb664862-1.jpg (115 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2026

04 Sentyabr 2026

BÜTÜN XƏBƏRLƏR