İnsanlara hürriyət, millətlərə istiqlal!

Ahıllara qarşı maliyyə terroru - bank kartları üzərindən yeni dələduzluq

Son günlər ahıl və tənha vətəndaşlara qarşı dələduzluq hallarının artması müşahidə olunur. Naməlum şəxslər özlərini övlad, nəvə və ya yaxın qohum kimi təqdim edərək guya qəza törədilməsi, ağır cərrahi əməliyyata ehtiyac olması kimi saxta bəhanələrlə yaşlı insanlardan pul tələb edirlər.

Musavat.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, şübhəli şəxslər əsasən xarici nömrələrdən zəng edərək vətəndaşlara yalan məlumatlar ötürür, təcili şəkildə müxtəlif məbləğlərdə pul vəsaitinin göndərilməsini israrla tələb edirlər.

Bəzi hallarda dələduzlar xüsusi olaraq ahıl və tənha şəxsləri hədəf seçir, onların yaşadıqları ünvanlara kuryerlər göndərərək vəsaitləri nağd və ya onlayn formada ələ keçirməyə çalışırlar. Bu kimi halların qarşısının alınması üçün vətəndaşlara tövsiyə olunur ki, daxil olan zənglər üzrə verilən məlumatları mütləq yoxlasınlar, tanımadıqları şəxslərə və ya şübhəli zənglərə inanaraq pul göndərməsinlər, şübhəli hallarla üzləşdikdə dərhal 102 Zəng Mərkəzinə müraciət etsinlər.

Daxili İşlər Nazirliyi vətəndaşları diqqətli olmağa və belə dələduzluq cəhdlərinə qarşı xüsusilə həssas davranmağa çağırır.

MAHMUD.jpg (102 KB)

Sabiq polis rəisi Mahmud Hacıyev Musavat.com-a deyib ki, bu faktlar mahiyyət etibarilə xırda fırıldaqçılıq kimi görünsə də, cəmiyyətin ən zəif təbəqəsinə qarşı mənəvi terrordur:

“Ahıl və tənha insanı hədəf seçən dələduz o yaşlının etibarını, psixoloji rahatlığını, bəzən də sağlamlığını məhv edir. Uzun illər polis sistemində çalışmış biri kimi açıq deyirəm ki, bu cinayətlər psixoloji basqı, qorxu üzərindən qurulmuş klassik fırıldaq mexanizmidir. Yaşlı insanlara “qəza olub, “əməliyyat lazımdır, təcili pul göndər” kimi cümlələr deməklə onların ən həssas nöqtəsinə zərbə vururlar. Xüsusilə də övlad, nəvə adı ilə danışmaq ən iyrənc üsullardan biridir. Xarici nömrələrdən edilən zənglər, kuryer vasitəsilə pul yığılması onu göstərir ki, cinayətkarlar özlərini təhlükəsiz hiss edirlər. Hüquq-mühafizə orqanı belələrinin başının üstünü gec-tez alacaq”.

Sabiq polis rəisi bildirib ki, şübhəli zəng alan hər kəs tərəddüd etmədən bu barədə DİN-in 102 xidmətinə məlumat verməlidir:

“Kimsə zəng edib bank kartına dair məlumatları tələb edirsə, “bəlkə səhvdir” düşüncəsi ilə bunun üzərindən keçmək lazım deyil. Bu, cinayətkarların ən böyük ümididir. Ahılı aldadan adam sabah cəmiyyətin hər üzvünə qarşı qanunsuz, cinayətə bərabər addımlar atacaq. Bu cür dələduzlara qarşı yalnız hüquq-mühafizə yox, ictimai şüurda sıfır tolerantlıq olmalıdır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2026

11 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR