İnsanlara hürriyət, millətlərə istiqlal!

Allah haqqı hə

Bir nəfər şikayətlənmişdi ki, restoranda yemək yeyib, hesabı alanda görüb orda qızartma kartof üçün yağın dəyəri də yazılmışdır. Təxminən elə bu cür: “kartofu qızartmaq üçün yağ, filan manat”. Dəqiq rəqəmlər yadımda qalmayıb, oxucular bağışlasın.

Ancaq kartofun qızardıldığı yağın da pulu ayrıca qeyd edilməyə başlayıbsa, bunu xırdaçılıq kimi yox, ölkədə hər zərrənin qədir-qiymətinin bilinməsi kimi başa düşməyə borcluyuq. O Qarabağdan çıxan erməni kişi demişkən, “hə, bəli, Allah haqqı hə”. Yəqin xatırlayarsınız, sonra da demişdi ki, azərbaycanlıları çox sevir və ermənilər millət “dəyil”.

Bu gün kartofun yağı hesaba oturacaq, sabah kartofun suyu. Proses irəlilədikcə, kartofun suyunun suyunun suyunu da ödəyəcəyik. Bəs necə, məhsul tarladan süfrəmizə gələnəcən onu didişdirən nə qədər Kolorado böcəyi var... Nazirlikdə işləyən böcək, yolda duran böcək, bazarda gəzən böcək, restoran işlədən böcək... Maşallah, sayları çoxdur. Böcək işində problemimiz heç vaxt olmamışdır. Dünən mən Bakıda bir marketin vitrinində saysız-hesabsız, mığmığaya bəncər cücülərə də rast gəldim, bu temada, inşallah, başqa yazı hazırlamağa söz verirəm, çünki fantastik mənzərə idi.

Əslində kartof qızartmasının kosmik qiymətləndirilməsində bir məna vardır və özü də elmi xarakter daşıyır. Çünki hazırda mətbəxlərimizdə işlənən tavaların materialı olan teflon kosmik sənayedə tətbiq edilir. Yanılmıramsa, ondan astronavtların geyimini düzəldəndə yararlanırlar. Sənə isə bunda kartoşka bişiriblər... Bu lütfkarlığı minnətdarlıqla dəyərləndirmək yerinə, donquldanırıq. Nırç, nırç, nırç.

Sən bilirsənmi kosmosa 1 nəfərlik uçuşun qiyməti neçəyədir? Amerika şirkəti “Virgin Qalaktik” bir dəfə açıqlamışdı, 450 min dollar. Özü də deyəsən yüngülvari kosmosa dəyib qayıdırsan, ta orda gün keçirmək-zad biletə daxil deyildi. Sözgəlişi, bu qiyməti Bakı-Tiflis qatarından narazıların da gözünə soxsaq azdır.

Qayıdaq yazının əvvəlinə. Yadınızdan çıxmayıbsa, mən orda “dəqiq rəqəmləri bilmirəm” qeydini yazmışdım. Nəyə görə? Çünki Kefli İsgəndərin sözü olmasın, “sizin kimi camaatın, mənim kimi də jurnalisti olar”. Peşəkarlıq qalmayıb. Peşəkar yazarın borcu idi kartof qızartması üçün yağın neçə manat olduğunu dəqiq tapıb, yazsın. Yoxsa bu cür ümumi yazmaq qeybət kimi bir şeydir.

Elə həmin kartof hesabından şikayətlənən zəhmətkeşimizin öz peşəsi daha gülməli idi: sən demə bu adam... diksiya müəllimi işində çalışırmış. Camaata, ya da onların uşaqlarına düzgün danışmağı, natiqliyi-zadı öyrədirmiş.

Fantastikadır. Alman faşistləri demişkən, “das ist fantastisch”. Ya da belə: anan ölsün, Seneka... Demək sən camaata yaxşı danışmağı öyrətməmisən ki, axırda hamı susub taleyi ilə barışır. Nəticə isə budur ki, kartofun pulunu ödəyəndə nitq müəlliminin özünün nitqi tutulmuşdur.

Belə şeylərə çox rast gəlirik, ətrafımız ibrətlik temalarla doludur. Kitabçı bərbad əsərləri can bahasına sataraq həkimə torba tikmişdi, həkim də axırda kitabçını masada doğrayıb aradan cırmışdı. Müəllim polisin uşağına fırıldaq gəlir, nəticədə qanunçuluq inkişaf edir – bu hissəsini yazmıram. (bax: yuxarı).

Yazını da bir pritça ilə bitirək, ibrət olsun: “Bizim torbamızı həmişə dostlarımız tikir, çünki düşmən ölçümüzü bilməz”.

P.S. Ümid edirəm o kişi Ermənistan parlament seçkilərində düzgün səs vermişdir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Iyun 2026

07 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR