İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bunlar heç Nizamini saymırlar, o ki qalmışdı Şəfiqə Məmmədova”

“Şəfiqə Məmmədova sədr olmasaydı, mən Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxacaqdım. Mən öz fikrimi aydın və şəffaf deyirəm”.

Bunu Musavat.com-a açıqlamasında kinorejissor, aktyor və ssenarist Cahangir Mehdiyev deyib. O bildirib ki, Şəfiqə Məmmədova ilə illərdir ki, dostluq edir: “Mən Mədəniyyət və İncəsənət Universitetində oxuyanda onun həyat yoldaşı Mehdi Məmmədov mənim müəllimim olub. Mən Şəfiqə xanımla “Canlı meyit” əsəri səhnələşdirilərkən səhnəyə çıxmışam. Gənclərə də tövsiyə edirəm ki, Şəfiqə Məmmədovadan öyrənsinlər. Nizami Gəncəvinin bir sözü var: "Bilənlər padşahı olsa da yenə, Bu gənclər möhtacdır qoca fikrinə”. Mən bunu deyəndə məni qınadılar. Bunlar heç Nizami Gəncəvini saymırlar, o ki, qalmışdı Şəfiqə Məmmədovanı. Şəfiqə xanım təcrübəli, nüfuzlu şəxsiyyətdir. Baxın, öyrənin”.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) yeni sədr seçilib. Yeni sədr postu Xalq artisti Şəfiqə Məmmədovaya həvalə edilib. Qeyd edək ki, səsvermə bu gün Nizami Kino Mərkəzində keçirilən konfransda baş tutub.

Xatırladaq ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayev vəfat etdikdən sonra onun səlahiyyətlərini Şəfiqə Məmmədova icra edirdi. Bundan əvvəl qurumun katibi Əli İsa Cabbarovun namizədliyi irəli sürülmüşdü. Ötən ay Ə.Cabbarov namizədliyini geri çəkdiyini və işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini elan etmişdi. Bildirilmişdi ki, onun ərizəsi yalnız yeni sədr seçiləndən sonra təsdiqlənə bilər.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2026

BÜTÜN XƏBƏRLƏR