Onlayn ictimai-siyasi qəzet
Sabah həzrət Trampın and içib prezident səlahiyyətinin icrasına başlamasının 1 il tamam olacaq.
Bir tərəfə baxanda 1 il böyük müddətdir. Məsələn, Elçibəy cəmi 1 il prezident olub, budur, 32 ildir, hər gün on minlərlə adam ondan danışır, heç nə olmayanda da deyirlər, gəlmişdi də, gördük.
Amma o biri tərəfə baxanda 1 il nədir ki? Gözünü yumub-açırsan, görürsən ki, dekabrın son günü bizə tutub üzünü, deyir ürək sözünü, yeni il gəldi, eşidirsən ki, uşaqlar da “həpi nyu yiir” oxuyurlar. Yəni zaman o qədər sürətlə keçir.
Qanqaraldıcı abzas olacaq, amma deyim ki, ABŞ prezidentlərinin and içdiyi 20 yanvar gününü bizim təqvimimizdə matəm gününə çevirən hadisədən artıq 36 il keçir. Elə bil, dünən idi... Allah Qorbaçova lənət eləsin. Yazova və Primakova da, Girenkoya da, eləcə də bu faciədə “əməyi” olan hər kəsə.
Xüləs, mətləbdən uzaqlaşmayaq, söhbət Trampın ikinci hakimiyyətinin birinci ilinin tamamından gedir.
Nə Amerika xalqı, nə də dünya ictimaiyyəti belə prezident görməyib. Yəni bu cür ABŞ prezidenti. O biri ölkələrdə bundan da betər, ekstravaqant, qeyri-adi prezidentlər olub. Araşdırsaq, sıralasaq, ilk onluğa əllisini yerləşdirərik. O qədəri də qıraqda qalar. Amma ABŞ-də ilk prezidentdir ki, belədir. İnşallah, ikincisi olmaz.
Trampın onlardan fərqi odur ki, dünyanın ən qüdrətli, ən ötkəm, ən qoluzorlu, ən pullu ölkəsinin fərmandehidir. Hamının gözü ondadır. Bu 365 sutkada elə bir gün olubmu ki, Trampın nəsə bir xəbəri yayılmasın? Olmayıb. Ağsaqqal qızılbaş günə özü barədə 3-4 xəbər təşkil etməlidir.
Dünyanın ən çoxcamaatlı ölkəsi Hindistanın rəisi Narendra Modi haqqında axırıncı dəfə nə vaxt xəbər oxumusunuz? Mənim yadıma gəlmir. Eləcə də Çinin partkomu Si Cinpin... İkisi nəhəng ölkədir, amma liderləri sakit, abırlı, mərifətli adamlardır. Dindirməsən, dinməzlər, heç kəsi hədələməzlər, eləcə, hamıya gülümsər çöhrə ilə baxarlar.
Amma Tramp elə deyil, türkün sözü, enerji tüpüdür, elə bir müəyyən yerinə naşatır spirti çəkiblər, bir yerdə durduğu yoxdur.
Dünən misterin barəsində bir yazı oxuyuram, görürəm, yazıblar ki, inqilabçı prezidentdir. Razılaşmaq olar. Adam inqilabi dəyişikliklər edir. Özü də əsl radikal inqilabçıdır. Bu, Stalinin vaxtında SSRİ-də yaşasaydı, mütləq bolşevik olardı, əyninə meşin gödəkçə geyər, belinə “Mauzer” markalı tapança qurşayar, elə işləyərdi ki, “dəmir Feliks”in (Dzerjinski) özü deyərdi ki, yoldaş Donald, bir az rəhmli ol, adam qəddar olmaz.
Bəs bu bir ildə cənabın fəaliyyətini necə qiymətləndirmək olar? Bunu bir-birinə birləşərək böyük dövlət yaratmış Amerika ştatlarının camaatından soruşmaq lazımdır. Onlar razıdırlarsa, ta biz nə deyə bilərik? Düzdür, Tramp bütün dünyanın prezidentidir, amma onu yalnız A-Be-Şelilər seçir, onlar da cavab verməlidir. Yəqin ki, əvvəl-axır cavab verəcəklər.
Ancaq kanadalılardan Trampın necə bir prezident olduğunu soruşsaq, sağ əllərinin şəhadət barmağını gicgahlarına dayayar, 3-4 dəfə burarlar. Panamalılara eyni sualı versək, panamalarını çıxarar, peysərlərini qaşıyarlar, amma bir söz deməzlər – ortada Maduro presedenti var, Panama ABŞ-yə yaxındır. Yaxşısı budur, danimarkalılardan Trampı soruşmayaq, adamın üzünə tapança kimi açılar, ağır söz deyərlər. Meksikalı respondentlərdən soruşsaq, marixuana dolu siqardan dərin bir qullab alar, köks ötürər, bircə kəlmə deyərlər: “Esto nos hará decir dra-dra” (“Dra-dra”dan anladınız yəqin).
Hərçənd venesuelaların nə deyəcəyəini bilmək olmaz. Orda mübahisəli məsələ var. Bir tirə deyə bilər ki, Tramp xilaskardır, canımızı Madurodan qurtarıb. O biri tirə də deyə bilər ki, o, prezidentimizi yatdığı yerdən götürüb apararaq dövlətimizin qüruruna toxunub, mürtəddir.
İranlılar da misterdən razılıq etməzlər. Tirələrin ikisi də söyər. Biri deyər, hozudur, beynəlxalq hüquqa məhəl qoymur, o biri deyər, yalançıdır, söz verir, dalında dura bilmir.
Ruslardan Trampın prezidentliyinin 1 ili barədə soruşmağın yeri yoxdur, dərhal deyəcəklər, bizim öz prezidentimiz var və biz onun ətrafında sız birləşərək, xüsusi hərbi əməliyyatda qalib gəlmək üçün hər fədakarlığa hazırıq. Dalınca da üç dəfə “ura” deyərlər. (Yeri gəlmişkən, Putin 26 ildir ruslara “ura-ura” dedirdir, bu da elə “dra-dra” kimi bir şeydir).
Hansı birini deyəsən, 2025-də Tramp 125-dən artıq ölkəyə tarif sanksiyası tətbiq edib, hamısı da narazıdır. Dinən var, dinməyən var.
Ermənilərin və bizim Trampa ümidlərimiz böyükdür. Hesab edirik, Zəngəzur dəhlizinin yol-patrul xidmətinin rəisi o olsa yaxşıdır.
04 Iyun 2026
03 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ