İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara bölgəni müharibədən belə xilas edir - ŞOK DETALLAR

Son illərdə qardaş Türkiyənin bir sıra münaqişə ocaqlarının söndürülməsi üçün vasitəçilik rolu daha da artıb. Xüsusilə, Rusiya-Ukrayna arasında mümkün atəşkəsin əldə edilməsində ən böyük rol oynaya biləcək ünvanlar sırasında İstanbul və Ankaranın adı daha çox keçir. Xüsusilə, İran ətrafında ötən il dekabrın son günlərindən etibarən başlayan prsoseslərdə Türkiyəyə vasitəçi gözündə baxanların sayı bir qədər də çoxalıb.

Heç şübhəsiz ki, bütün bunlara ən çox səbəb də qardaş dövlətin digər ölkələrlə qurduğu strateji tərəfdaşlıqda, yaxın əməkdaşlıqda səmimi olmasıdır. Son olaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranı hədəf alan mümkün hərbi müdaxilənin bölgəyə heç bir fayda gətirməyəcəyini bildirib. O vurğulayıb ki, Türkiyə sülh tərəfdarıdır və İran-ABŞ münasibətlərində problemlərin dialoq yolu ilə həllini dəstəkləyir. Ərdoğan Ankaranın hərbi eskalasiyaya qarşı olduğunu və artan gərginliyin regionu daha böyük qeyri-müəyyənliyə sürükləyə biləcəyini qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyə İranla ABŞ arasında mövcud problemlərin dialoq yolu ilə həllini istəyir və hər iki ölkə ilə ən yüksək səviyyədə təmaslar davam edir. O, bu kontekstdə İran və ABŞ prezidentləri ilə danışıqlar apardığını da xatırladıb.

Türkiyə lideri əlavə edib ki, Ankara İrana qarşı hərbi müdaxiləyə qarşı olduğunu bütün tərəflərin diqqətinə çatdırıb. Onun sözlərinə görə, hərbi gərginlik və artan təzyiq bölgəni daha böyük qeyri-müəyyənliyə sürükləyə bilər.

Ankara ABŞ-İran arasında gərginliyi aradan qaldıra biləcəkmi?

asif.jpg (298 KB)

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında müxtəlif ssenarilərin bölgədə baş verə biləcəyindən ehtiyat etdiyi üçün Türkiyənin bu cür mövqe sərgilədiyini deyib:

“Türkiyənin İrana hərbi müdaxiləyə qarşı çıxmasının müxtəlif, amma haqlı səbəbləri var. Öncə hərbi müdaxilə İranda proqnozlaşdırılması çətin olan müharibəyə səbəb ola bilər ki, bu, regional təhlükəsizliyi təhdid edir və təkcə hərbi yox, həm də humanitar risklər yaradır. Digər tərəfdən, İranda baş verə biləcək müharibə müxtəlif ssenarilərlə nəticələnə bilər. Türkiyə bu ölkədə hakimiyyətin dəyişməsindən yox, parçalanma riskindən narahatdır. Çünki İranın parçalanması regionda Kürdüstan planını da aktualaşdıracaq ki, bu da Türkiyənin təhlükəsizliyinə risklər yaradır. Ankara ilk gündən İrana hərbi müdaxiləyə qarşı olduğunu açıq şəkildə dilə gətirib. ABŞ-nin hərbi müdaxilə ssenarisində ehtiyatlı davranış sərgiləməsinin səbəbləri arasında Türkiyə başda olmaqla regional ölkələrin müxalif mövqeyi də var. Türkiyə təkcə bəyanatlar verməklə kifayətlənmir, həm də Vaşinqton-Tehran xəttində razılaşma əldə edilməsi istiqamətində çalışır. Daha öncə belə təmaslar quruldu, lakin İranın imtinasından sonra Türkiyədə keçiriləcək görüşün yeri Omana dəyişdirildi. Ankara bunu problem hesab etmir, çünki məqsəd mümkün müharibənin qarşısını almaqdır. Bu baxımdan, Ankaranın sülh və danışıqlar üçün vasitəçilik cəhdləri davam edəcək. Buna nə qədər nail olacağı sual altındadır, çünki tərəflər arasında ziddiyyətlər dərindir. Amma Türkiyə ən azı genişmiqyaslı müharibənin qarşısının alınmasında hələ ki aktiv rol oynayır”.

Cavanşir ABBASLI
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR