Onlayn ictimai-siyasi qəzet
Avqustun yandırıcı istisi "8-ci kilometr" bazarının asfaltını köz kimi qızdırıb. Alverin gur vaxtıdır. Satıcılar müştəri çağırır, alıcılar qiymət soruşur, iri kisələr, yeşiklər, qutular bir nöqtədən digərinə daşınır. Bu səs-küyün içində ən çox görünən, amma bəlkə də ən az diqqət çəkən insanlar arabaçılardır. Bazarın yükünü onlar çəkir, dolanışığını isə öz çiyinlərində daşıyırlar.
Musavat.com-un əməkdaşı bazarın arabaçıları ilə söhbətləşib.
Onlardan biri foto çəkilişə razılıq vermədi: "Üzüm görünməsin", – dedi. Amma həyat hekayəsini gizlətmədi. O, 69 yaşlı Sahil Əhmədov idi.
Ağdaşın Mürsəl kəndindən gələn Sahil kişi üç ildir ki, bazarda araba sürür. Bu yaşda ağır zəhmətə məcbur qalmasının səbəbi isə sadədir – dolanışıq.

"Rayonda iş yoxdur. Uşaqlar da iş dalınca Bakıya gəldi, mən də məcbur oldum", - deyir.
Onun sözlərində nə şikayət var, nə də giley. Əli arabada, ayaqüstü bir az da tələskən tərzdə suallarımı cavablayır.
Deyir ki, əvvəllər fəhlə işləyib, indi isə bazarda yük daşıyır. Elə gün olur ki, 10, bəzən isə 25-30 manat qazanır. Amma elə günlər də olur ki, saatlarla işləyib qazandığı pul zəhmətinə dəymir.
Arabanın gündəlik icarəsi 5 manatdır. Özü isə 400 manat kirayə pulu ödəyir. Həyat yoldaşı təmizlikçi işləyir, oğulları da fəhləlik edir. Ailə üzvlərinin hamısı işləsə də, həyat yenə asan deyil.
Sahil kişi bildirir ki, bu peşənin yayı da, qışı da çətindir:
"Qışın soyuğu da ağırdır, yayın istisi də. Fərqi yoxdur, hər fəslin öz əziyyəti var".
Müştərilərdən razı qaldığı günlər də olur:
"Elələri var ki, xoş söz deyirlər, hətta istədiyimdən də artıq pul verirlər".
Amma hər gün belə keçmir. Bəzən əvvəl razılaşdırılan qiymətə görə mübahisə də yaranır.
Bazarın başqa bir arabaçısı – Tahir isə kameradan çəkinmədi. O da rayon həyatının çətinliklərinin onu Bakıya gətirdiyini deyir. Ən ağır işlərdən birini xatırlayarkən bildirir ki, üç nəfərlə birlikdə 200 kisə yük boşaldıblar. Hər kisənin çəkisi 55-60 kilo olub.
Üç saatlıq zəhmətin qarşılığında isə adambaşına cəmi 15 manat qazanıblar.
Bazarın arabaçıları deyirlər ki, onların işi yalnız yük daşımaq deyil. Bəzən alıcı bazarda bir-iki saat gəzir, arabaçı da yükü ilə birlikdə onu gözləyir. Bu vaxtın da ayrıca hesabı yoxdur.
Əksəriyyəti rayonlardan gəlib. Kimi Ağdaşdan, kimi Masallıdan, kimi başqa bölgələrdən... Onları Bakıya gətirən səbəb isə eynidir – işsizlik və dolanışıq.
Bəziləri kirayədə qalır, bəziləri isə bazarın yaxınlığındakı yataqxanalarda gecələyir: gecəsi 5 manata. Səhər yenidən eyni marşrut, eyni araba, eyni yük...
"8-ci kilometr" bazarında hər gün yüzlərlə insan alış-veriş edir. Çoxları aldığı məhsulu rahatlıqla maşınına və ya evinə aparır. Amma o yükün bazarın içində hansı zəhmətlə daşındığını, günün altında neçə kilometr yol qət etdiyini çox az adam düşünür.
Bazarın səs-küyü axşam səngiyəndə arabaçılar da yorğun addımlarla evə, yaxud kirayə qaldıqları otaqlara qayıdırlar.
Sabah isə hər şey yenidən başlayacaq. Çünki onların dediyi kimi, "arabanın təkəri dayananda çörək də dayanır".
Şahanə Rəhimli
Musavat.com
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ