Onlayn ictimai-siyasi qəzet
Almaniyada hakim mühafizəkar düşərgə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenə qarşı təzyiqi artırır. Berlin Brüsselin səlahiyyətlərini azaltmaq və bürokratik sistemi zəiflətmək istəyir.
Musavat.com xəbər verir ki, Oliver Noyan imzalı Politico məqaləsində Almaniyanın hakim mühafizəkar qüvvələrinin Avropa Komissiyasının sədri Ursula fon der Layen qarşısında sərt tələblər irəli sürdüyü bildirilir.
Alman siyasətçilər hesab edirlər ki, Brüssel həddindən artıq səlahiyyət toplayıb, biznesə mane olan qaydaları artırıb və Avropa iqtisadiyyatını zəiflədir.
Politico yazır ki, fon der Lyayen bazar ertəsi Berlində Almaniya kansleri Fridrix Mertsin rəhbərlik etdiyi mühafizəkarların toplantısına qatılacaq. Orada ona açıq mesaj veriləcək: ya Avropa İttifaqında tənzimləmələr sürətlə azaldılacaq, ya da Komissiyanın səlahiyyətlərini məhdudlaşdırmaq üçün yeni kampaniya başlayacaq.
Nəşrin əldə etdiyi sənədlərə görə, Bundestaqdakı mühafizəkar fraksiya “Aİ səviyyəsində bürokratiyanın davamlı azaldılması gündəliyi” adlı strategiya hazırlayıb. Son layihədə Avropa Komissiyasına yönəlmiş 27 tələb yer alır.
Ən diqqətçəkən təkliflərdən biri Avropa Komissiyasının fəaliyyətinə nəzarət edəcək ayrıca qurumun yaradılmasıdır. Bu quruma Komissiyanın irəli sürdüyü istənilən yeni qanun layihəsinə qarşı əsas veto hüququ verilməsi təklif olunur. Sənədə görə, bu orqan ya ayrıca yeni institut kimi yaradılmalı, ya da hazırda Komissiyaya məsləhət verən Regulatory Scrutiny Boardun səlahiyyətləri genişləndirilməlidir. Lakin Politico qeyd edir ki, belə dəyişikliklər Avropa müqavilələrinin yenilənməsini tələb edə bilər.
Digər təkliflər arasında Avropa institutlarının səlahiyyətlərini daha dar şərh etməsi, fəaliyyət dairəsinin azaldılması və Brüssel qurumlarında çalışan əməkdaş sayının ixtisarı da var.
Məqalədə vurğulanır ki, son vaxtlara qədər Ursula fon der Layenlə Fridrix Mertsin rəhbərlik etdiyi Xristian Demokrat İttifaqı (CDU) arasında münasibətlər kifayət qədər yaxın olub. Hər iki tərəf Avropa Xalq Partiyası daxilində eyni siyasi xəttə mənsub sayılıb və rəqabət qabiliyyətinin artırılması, iqtisadi yükün azaldılması mövzularında ortaq mövqe sərgiləyib. Lakin indi Berlində səbr tükənir və mühafizəkarlar hesab edir ki, islahatlar çox ləng gedir.
Bu təzyiq Almaniya iqtisadiyyatındakı problemlərlə də bağlıdır. Fridrix Merts seçki kampaniyasında ölkə iqtisadiyyatını dirçəltmək, qaydaları azaltmaq və biznesi canlandırmaq vədi vermişdi. Lakin hökumətin nəticələri zəifdir. Ötən həftə Almaniya hökuməti 2026-cı il iqtisadi artım proqnozunu yarıya endirib. Bunun səbəblərindən biri də İran müharibəsinin yaratdığı əlavə iqtisadi risklər göstərilir.
Mərkəz-sol Sosial Demokrat Partiyası (SPD) ilə koalisiyada geniş daxili islahatları keçirməkdə çətinlik çəkən Merts son aylarda narazılığını daha çox Brüsselə yönəldib. O, Köln şəhərində keçirilən biznes tədbirində bu sözləri sərf edib:
“Bu Aİ Komissiyası maşını dayanmaq bilmir. Açıq deyim: Brüsseldəki bu maşının mexanizminə açar atmalıyıq ki, dayansın”.
Musavat.com
11 Iyun 2026
10 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ