İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa Ermənistanı seçdi, Gürcüstanı sildi

Aİ xarici işlər nazirləri Qara dəniz strategiyasının icrası və Ermənistan üçün yeni tərəfdaşlıq missiyasını müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, yeni missiya hibrid təhdidlərə və xarici informasiya manipulyasiyası ilə müdaxilə cəhdlərinə qarşı fəaliyyət göstərəcək.

Kallasın sözlərinə görə, Aİ Ermənistanın üzləşdiyi hibrid təhdidlərə, eləcə də xarici informasiya manipulyasiyası və müdaxilə (FIMI) cəhdlərinə qarşı mübarizə aparacaq yeni tərəfdaşlıq missiyasını razılaşdıracaq.

O, Qara dəniz strategiyasının həyata keçirilməsində Gürcüstanın rolu ilə bağlı suala cavabında bildirib ki, Aİ-nin hazırkı Gürcüstan hökuməti ilə əməkdaşlığında ciddi çətinliklər var.

"Faktiki olaraq Gürcüstan hökuməti ilə əlaqələrimiz yoxdur və biz hökuməti dəstəkləmək istəmirik. Biz Gürcüstan xalqını dəstəkləmək istəyirik və insanların Avropaya olan ümidini itirməməsi üçün bunu necə edə biləcəyimizi müzakirə edirik", - deyə Kallas vurğulayıb.

Gürcüstanın baş naziri İrakli Kobaxidze isə Kallasın açıqlamasına sərt reaksiya verib.

"Əgər Rusiya Gürcüstan ərazisinin 20 faizi üzərində onun suverenliyini tanımırsa, xanım Kaya Kallas da Gürcüstanın 100 faiz ərazisi üzərində suverenliyini tanımır. Bu, tamamilə biabırçı mövqedir", - deyə Kobaxidze brifinqdə bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Iyul 2026

BÜTÜN XƏBƏRLƏR