Onlayn ictimai-siyasi qəzet
Türkiyənin NATO üzvlüyü, Avropa İttifaqı ilə münasibətləri və Ankaranın Qərblə gələcək əməkdaşlığı ətrafında müzakirələr yenidən gündəmə gəlib. Bu dəfə diqqətçəkən açıqlama Moskvadan gəlib. Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin Aİ-yə üzvlük perspektivinə dair sərt mövqe ortaya qoyub.
Musavat.com xəbər verir ki, Lavrov VGTRK telekanalına müsahibəsində Türkiyənin bir tərəfdən NATO-da qalmaq, digər tərəfdən isə Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirmək istədiyini bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Ankara eyni zamanda Türkiyənin Aİ-yə tamhüquqlu üzv kimi qəbul edilməsinin real perspektiv olmadığını anlayır. Lavrovun bu fikirləri Türkiyə-Aİ münasibətlərinin uzun illərdir davam edən mürəkkəb xarakterini yenidən gündəmə gətirir.
Yada salaq ki, qardaş ölkə 1987-ci ildə Aİ-yə üzvlük üçün müraciət edib. 1999-cu ildə isə namizəd ölkə statusu qazanıb. Lakin üzvlük prosesi bu günədək yekunlaşmayıb.
Moskvanın bu açıqlaması isə yalnız Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi deyil. Çünki Rusiya son illərdə Ankara ilə münasibətlərini qorumağa çalışmaqla yanaşı, Türkiyənin NATO daxilindəki rolunu və Qərblə əlaqələrini də xüsusi diqqətdə saxlayır.
Lavrovun sözlərində əsas mesaj isə kifayət qədər aydındır: Moskva hesab edir ki, Türkiyənin NATO və Aİ ilə paralel şəkildə münasibətləri inkişaf etdirmək siyasəti müəyyən sərhədlərlə üzləşir.
Belə olan halda Lavrovun bu açıqlaması Moskvanın Ankara ilə münasibətlərində yeni mesajın ifadəsidir Türkiyənin Aİ-yə üzvlük perspektivinin illərdir dalana dirənməsi Ankaranı alternativ siyasi və iqtisadi istiqamətlərə yönəldə bilərmi? Ankara NATO daxilində qalmaqla yanaşı, Rusiya, Çin və digər güc mərkəzləri ilə əməkdaşlığı daha da genişləndirəcəkmi? Ən əsası isə, Lavrovun “Türkiyə bunu yaxşı bilir” mesajının arxasında Rusiyanın Avropaya və Türkiyəyə dair hansı geosiyasi hesablamaları dayanır?
Ədalət partiyasının sədri Mütəllim Rəhimlinin sözlərinə görə, dünyada siyasi münasibətlər sürətlə dəyişir və bu da hərbi əlaqələrə təsirsiz ötüşmür: "Türkiyənin Avropa İttifaqına üzvlük məsələsi ilə NATO üzvlüyünü qarşı-qarşıya qoymaq düzgün deyil. Bunlar tamamilə fərqli ittifaqlardır. Avropa İttifaqı uzun müddətdir ki, Türkiyəni üzvlüyə namizəd statusunda saxlayır və görünən də budur ki, həqiqətən də qardaş ölkəni bu birliyə qəbul etmək istəmirlər. Bunun arxasında böyük ehtimalla türk-müsəlman icmasından qorxu xofu dayanır. Ona görə də artıq xeyli vaxtdır ki, Avropa İttifaqı qeyri-rəsmi olaraq xristian biliyi statusu qazanıb".
Siyasətçi hesab edir ki, NATO daxilində fikir ayrılıqları və faktiki olaraq bu birliyin vahid mövqedən çıxış edə bilməməsi mərkəzdənqaçma hallarına yol açır: "Məkkə sazişinin imzalanmasını bunun əlaməti hesab etmək olar. Belə görünür ki, NATO daxilində ölkələr öz təhlükəsizliyinə qarant vədlərinə inanmırlar. Sənədlərdə ifadə edilənlər faktiki olaraq işlək mexanizmə çevrilə bilmir. Əgər dünya yenilənirsə, NATO niyə dəyişməsin? SSRİ dağıldıqdan sonra NATO daxilində islahatlar aparıldı. Lakin indi onun əvvəlki statusda yaşamasının mümkün olmadığı üzə çıxmaqdadır.
Lavrovun açıqlamasında siyasi və hərbi münasibətlərin təbii inkişafına istinad olunub. Eyni zamanda Türkiyənin siyasi və hərbi gücünə hər bir tərəfin ehtiyacı olduğu etirafı dayanır. Lakin Lavrov mövcud situasiyada bir nüansı diqqətdən kənarda saxlayır. Bu da ondan ibarətdir ki, Türkiyə qarşı duran tərəflərdən hər hansı birinin yanında olmaq istəmir, özü güc mərkəzi kimi çıxış edir".
Cavanşir Abbaslı
Musavat.com
19 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ