Onlayn ictimai-siyasi qəzet
Çexiyada səfər zamanı tez-tez qarşılaşdığım mağazalardan biri “second hand” – yəni ikinci əl geyim mağazalarıdır. Bu tip mağazalar son illərdə Avropanın bir çox ölkəsində kifayət qədər geniş yayılıb. Azərbaycanda da “second hand” mağazaları, daha çox “memi” kimi tanınan bu satış məntəqələri kifayət qədər çoxdur.
Bu mağazalardan dəfələrlə reportaj hazırlamışıq. Hətta “TV Musavat”ın əməkdaşı olaraq vətəndaşlar arasında sorğu da keçirmişik.
Sorğularda diqqət çəkən əsas məqamlardan biri paltarlardan gələn kəskin qoxu ilə bağlı şikayətlər idi. Söhbət etdiyimiz insanların əksəriyyəti məhz bu səbəbdən “second hand” mağazalarına getmədiyini bildirirdi.
Bu sualın cavabını Çexiyanın Klatovy şəhərində axtardım.

Klatovy şəhərinin düz mərkəzində yerləşən “second hand” mağazası ilk baxışdan Azərbaycanda tanıdığımız ikinci əl geyim mağazalarından xeyli fərqlənir. Hətta buranı “seçmə second hand” adlandırmaq daha doğru olar. Mağaza o qədər səliqəlidir ki, ilk baxışdan adi geyim mağazasından ciddi fərq hiss olunmur. Geyimlər səliqəli şəkildə düzülüb, mağazanın içərisində isə nə qarışıqlıq, nə də ağır qoxu var.
Əsasən qadın və kişi geyimləri, cins şalvarlar, köynəklər, bluzlar, sviterlər, idman geyimləri, ayaqqabılar, çantalar və müxtəlif aksesuarlar, bəzək əşyaları.
Mağazaya daxil olan kimi diqqətimi ilk çəkən məhsullardan biri isə İtaliya brendi olan səyahət çantaları oldu. Üstəlik, çantaların üzərində hələ də etiketləri qalırdı. Kiçik səyahət çantasının qiyməti təxminən 43 manat, böyük çanta isə təxminən 140 manat idi. Deməli, “second hand” mağazasında satılan hər məhsul mütləq istifadə olunmuş məhsul deyil. Mağazada etiketli, yəni faktiki olaraq yeni olan məhsullara da rast gəlmək mümkündür.

Qiymətlər isə kifayət qədər münasibdir. Köynəklər təxminən 10 manatdan, şortlar 9 manatdan, donlar isə 12-13 manatdan başlayır. Daha yüksək qiymətə satılan məhsullar əsasən qismən brend geyimlərdir. Xüsusilə idman geyimlərinin qiymətinin digər məhsullarla müqayisədə daha yüksək olması diqqətimi çəkdi.
Bu barədə maraqlandıqda bildirdilər ki, Çexiyadakı “second hand” mağazalarında satılan geyimlərin böyük hissəsi Almaniyadan gətirilir.
Rəsmi ticarət məlumatları da bu fikri təsdiqləyir. 2024-cü ildə Çexiya təxminən 24,6 milyon kiloqram işlənmiş geyim və digər istifadə olunmuş tekstil idxal edib. Bunun təxminən 20,8 milyon kiloqramı Almaniyadan gəlib. Sonrakı əsas mənbələr arasında Slovakiya və Böyük Britaniya, İtaliya da var. Bu baxımdan Çexiyanın coğrafi mövqeyi də mühüm rol oynayır. Almaniya ilə qonşu olan ölkədə Avropanın böyük geyim bazarlarından birindən istifadə olunmuş geyimlərin gətirilməsi logistika baxımından da əlverişlidir.
Mağazada başqa bir məqam da diqqətimi çəkdi. Azərbaycanda əksər “second hand” mağazalarında kifayət qədər geniş çeşiddə alt paltarı görmək mümkündür. Lakin Klatovydakı bu mağazada çimərlik geyimləri istisna olmaqla, alt paltarları, büstqalterlər və uşaq geyimləri satılmırdı. Səbəbini soruşduqda isə cavab kifayət qədər konkret oldu:
“Gigiyenik baxımdan bu cür geyimlər satılmır. Uşaq geyimlərini isə insanlar əsasən özləri onlayn internet səhifələrində satırlar”.

Yəni burada ikinci əl bazarının formalaşması yalnız mağazalardan ibarət deyil. İnsanlar istifadə etmədikləri geyimləri müxtəlif onlayn platformalar vasitəsilə də birbaşa satırlar.
Bu sualıma da cavab olaraq bildirildi ki, əsas müştərilər arasında aztəminatlı və maddi imkanları məhdud insanlar, tələbələr var. Son illərdə isə Ukraynadan gələn insanlar da bu mağazalardan alış-veriş edirlər.

Amma maraqlı məqam odur ki, “second hand” mağazalarının müştəriləri yalnız maddi imkanı məhdud insanlardan ibarət deyil. Maddi imkanları yaxşı olan insanlar da bu mağazalara gəlirlər. Onlar isə əsasən brend markalara maraq göstərirlər.
Amma mənim üçün Çexiyadakı “second hand” mağazasında ən diqqətçəkən məqam nə qiymətlər, nə brendlər, nə də məhsulların çeşidi oldu. Əsas fərq qoxu idi. Daha doğrusu, burada heç bir qoxu yox idi. Qətiyyən. Azərbaycanda “second hand” mağazaları ilə bağlı vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri məhz geyimlərdən gələn kəskin, dezinfeksiyaedici və kimyəvi qoxudur. Hətta bəzi insanlar həmin geyimləri bir neçə dəfə yuduqlarını, buna baxmayaraq, qoxunun parçadan getmədiyini deyirlər. Klatovydakı mağazada isə belə bir problemə rast gəlmədim. Mağazaya daxil olduğunuz zaman kəskin kimyəvi qoxu hiss etmirsiniz. Əksinə, mağaza səliqəli, təmiz və adi geyim mağazası təsiri bağışlayır.

Məsələ ilə bağlı mağazada çalışan şəxsdən soruşduqda isə cavab belə oldu:
“Geyimlərdən heç vaxt belə qoxu gəlmir. Gələ də bilməz. Çünki bizə gələn bütün mallar yuyulur, təmizlənir, ütülənir və yalnız bundan sonra satışa çıxarılır”.

Xalidə Gəray
Fotolar müəllifindir
Musavat.com
05 Sentyabr 2026
04 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ