Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda robotik cərrahiyyə texnologiyası vasitəsilə böyrək transplantasiyasının həyata keçirilməsi nəzərdə tutulur.
Musavat.com xəbər verir ki, bu barədə Cərrahiyyə və Transplantasiya Mərkəzinin rəhbəri, Yeni Klinikanın direktor müavini Eldar Əhmədov Yeni Klinikada ilk dəfə həyata keçirilən robotik cərrahi əməliyyatla bağlı keçirilən brifinqdə məlumat verib.
E.Əhmədovun sözlərinə görə, böyrək köçürülməsi əməliyyatının icrası təkcə müasir texniki bazanın mövcudluğu ilə məhdudlaşmır, eyni zamanda bu əməliyyatı yerinə yetirəcək mütəxəssisin peşəkar təcrübəsi və müvafiq lisenziyasının olması vacibdir.
“Lazımi təcrübəyə malik cərrah müəyyən edildikdən və lisenziya alındıqdan sonra böyrək transplantasiyası əməliyyatları Yeni Klinikada da icra olunacaq. Hazırda bu məqsədlə zəruri avadanlıq və texniki vasitələr sifariş edilib və ölkəyə gətirilməsi prosesi davam edir. Bu mərhələnin 2–3 ay ərzində tamamlanması gözlənilir”, – deyə o bildirib.
Direktor müavini vurğulayıb ki, orqan transplantasiyasında robotik cərrahiyyənin tətbiqi ən optimal yanaşmalardan biridir. Bu üsul qan itkisini minimuma endirir və əməliyyat risklərini əhəmiyyətli dərəcədə azaldır.
Məlumat üçün bildirək ki, bu cür cərrahi əməliyyatlarda konsol cərrahı birbaşa xəstəyə toxunmur, bütün müdaxilələr robot sistemi üzərindən həyata keçirilir. O, 3D və 12 qat böyütməklə yüksək dəqiqlikli görüntü sistemi altında çalışaraq əməliyyat sahəsini ətraflı şəkildə izləyir. Robot qollarının bütün hərəkətlərini — kəsmə, tikiş, disseksiya və digər cərrahi manipulyasiyaları — joystiklər vasitəsilə dəqiqliklə icra edir.
Qeyd edək ki, robotik cərrahiyyə ənənəvi açıq və laparoskopik üsullarla müqayisədə cərraha daha geniş və dəqiq görüntü imkanları, yüksək manevr qabiliyyəti təqdim edir. Bu texnologiya əməliyyat zamanı dəqiqliyin artmasına, toxumalara minimal zədələnməyə, pasiyentin daha sürətli bərpasına və ümumilikdə müalicə nəticələrinin yaxşılaşmasına əhəmiyyətli töhfə verir.
Şahanə Rəhimli
Musavat.com
06 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ