Onlayn ictimai-siyasi qəzet
Azərbaycan futbolunda daha bir möhtəşəm gecə yaşandı. “Sabah” UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Danimarka çempionu “Aarhus”u böyük hesabla məğlub edərək növbəti mərhələyə adladı.
Danimarkada keçirilən ilk görüşdə 1:2 hesabı ilə məğlub olan Bakı təmsilçisi doğma meydanda əsl futbol şousu göstərdi. “Bank Respublika Arena”da rəqibinə nəfəs almağa belə imkan verməyən “Sabah” 4:0 hesablı möhtəşəm qələbə qazanaraq iki oyunun nəticəsinə görə 5:2 hesabı ilə üstünlük əldə etdi.
Matçın ilk dəqiqələrindən etibarən hücum futbolu nümayiş etdirən “Sabah” ikinci hissədə rəqibin müqavimətini tamamilə qırdı. 59-cu dəqiqədə V. Simiç hesabı açaraq möhtəşəm geri dönüşün əsasını qoydu. Cəmi 8 dəqiqə sonra S. Solvet “Aarhus”un qapısını bir daha silkələdi. Bu qolla “Sabah” nəinki hesabı 2:0-a çatdırdı, həm də ümumi hesabda üstünlüyü ələ keçirdi. Bakı təmsilçisi bununla kifayətlənmədi. 79-cu dəqiqədə Mickels hesabı 3:0-a çatdıraraq Danimarka çempionunun bütün ümidlərini puça çıxardı. Matçın sonlarına yaxın isə X. Severina rəqibin qapısına dördüncü topu göndərərək gecənin yekun nəticəsini müəyyənləşdirdi – 4:0...
Beləliklə, “Sabah” Danimarka çempionunu doğma meydanda sözün əsl mənasında darmadağın etdi. İlk oyundakı minimal məğlubiyyətdən sonra möhtəşəm xarakter nümayiş etdirən Bakı klubu 4 cavabsız qolla Avropada böyük səs-küyə səbəb olacaq qələbəyə imza atdı.

Bu qələbə Azərbaycan futbolu üçün də tarixi əhəmiyyət daşıyır. “Sabah” “Qarabağ”dan sonra UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn ikinci Azərbaycan klubu kimi tarixə düşdü. Bu, sadəcə bir mərhələ keçidi deyil. Bu, Azərbaycan klub futbolunun Avropada artan gücünün, “Sabah”ın böyük arenada öz sözünü demək əzminin və komandanın xarakterinin parlaq göstəricisidir.
1:2-dən 4:0-a...5:2-lik möhtəşəm ümumi hesab...
Bir sözlə Azərbaycan futbolunun növbəti tarixi zəfəri yazıldı...
Təbriklər, Azərbaycan!
Cavanşir Abbaslı
Musavat.com
19 Avqust 2026
18 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ