Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olumub.
Musavat.com-un xəbərinə görə, sənəd barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib.
Bildirib ki, “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş” 8 iyul 2026-cı il tarixində Bakı şəhərində imzalanıb:
“Sazişin məqsədi tərəflər arasında və ya onların yurisdiksiyasına tabe olan müqavilə icraçıları arasında mübadilə edilən və ya yaradılan məxfi məlumatın mühafizəsini təmin etməkdir. Sənəd 17 maddədən ibarətdir. Sazişə əsasən, Azərbaycan tərəfi üçün səlahiyyətli təhlükəsizlik orqanı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Slovakiya tərəfi üçün isə Slovakiya Respublikasının Milli Təhlükəsizlik Qurumudur. Sazişdə məxfilik dərəcələri tərəflərin milli qanunvericiliyinə uyğun olaraq, Azərbaycan Respublikası üçün “xüsusi əhəmiyyətli”, “tam məxfi” və “məxfi” kimi müəyyən edilib.
Məxfi məlumata buraxılış yalnız xidməti zərurət əsasında, məxfi məlumatın mühafizəsi üçün öz məsuliyyətləri barədə təlimatlandırılan və qəbul edən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq, məlumatın açıqlanmaması barədə müqaviləni imzalamış şəxslərə verilir.
Məxfi məlumat qəbul edən tərəfə göndərən tərəfin dövlətinin milli qanunvericiliyinə uyğun olaraq və ya səlahiyyətli təhlükəsizlik orqanları arasında yazılı şəkildə razılaşdırılmış başqa qaydada ötürülür. Məxfi məlumatın elektron üsulla ötürülməsi yalnız səlahiyyətli təhlükəsizlik orqanları tərəfindən təsdiq edilmiş prosedurlara uyğun olaraq kriptoqrafik vasitələrdən istifadə etməklə həyata keçirilə bilər. Qəbul edən tərəf məxfi məlumatın qəbul edilməsini yazılı şəkildə təsdiq edir. Səlahiyyətli təhlükəsizlik orqanları sorğu əsasında məxfi məlumatın mühafizəsi üzrə öz dövlətlərinin milli qanunvericiliklərində, siyasətlərində və təcrübələrində dəyişikliklər barədə bir-birini məlumatlandırırlar”.
Arzu Nağıyev qeyd edib ki, bu Saziş çərçivəsində əməkdaşlıq ingilis dilində həyata keçirilir:
“Sazişin təfsiri, tətbiqi və ya yerinə yetirilməsindən yaranan hər hansı mübahisə tərəflər arasında yalnız məsləhətləşmələr və ya danışıqlar yolu ilə həll edilir və həll üçün heç bir milli və ya beynəlxalq məhkəməyə və ya 3-cü tərəfə müraciət edilmir. Saziş tərəflərin qarşılıqlı yazılı razılığı ilə dəyişdirilə bilər. Belə dəyişikliklər Sazişin ayrılmaz tərkib hissəsi olan ayrıca protokollar formasında rəsmiləşdirilir.
Saziş qeyri-müəyyən müddətə bağlanılır. Sazişin qüvvəyə minməsi üçün zəruri olan milli prosedurlar tamamlandıqdan sonra hər bir tərəf diplomatik kanallar vasitəsilə digər tərəfə bildiriş verir. Saziş sonuncu bildirişin alınmasından sonrakı ikinci ayın birinci günü qüvvəyə minir.
Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi Azərbaycan–Slovakiya münasibətlərində təhlükəsizlik sahəsində əməkdaşlığın mühüm mərhələsidir. Müasir dövrdə dövlətlər arasında əməkdaşlıq yalnız iqtisadi və siyasi münasibətlərlə məhdudlaşmır. Məxfi məlumatların təhlükəsiz mübadiləsi, onların qorunması və kibertəhdidlərdən müdafiəsi milli təhlükəsizliyin mühüm elementinə çevrilib.
Bu saziş tərəflər arasında qarşılıqlı etimadın hüquqi əsaslarını möhkəmləndirir. Xüsusilə müdafiə, təhlükəsizlik, hüquq-mühafizə və digər həssas sahələrdə əməkdaşlıq zamanı məlumatların qorunması böyük əhəmiyyət daşıyır”.
Komitə sədri vurğulayıb ki, Azərbaycanın Avropa dövlətləri ilə təhlükəsizlik sahəsində əməkdaşlığının genişlənməsi ölkəmizin beynəlxalq təhlükəsizlik sistemində fəal və etibarlı tərəfdaş kimi mövqeyini də gücləndirir:
“Hesab edirəm ki, imzalanan bu saziş Azərbaycan və Slovakiya arasında qarşılıqlı etimadın və təhlükəsizlik əməkdaşlığının daha da dərinləşdirilməsinə xidmət edəcək. Bugünkü mürəkkəb geosiyasi və informasiya təhlükəsizliyi şəraitində belə hüquqi mexanizmlər dövlət maraqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Qanun layihəsi Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirə edilib və plenar iclasa tövsiyyə olunub. Səs verməyinizi xahiş edirəm”.
Müzakirələrdən sonra sənəd təsdiqlənib.
E.Paşasoy,
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ