İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı ƏSAS tələbini təzələdi – Rusiya BU İL “daşları” yığacaq?

“AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi tamamilə qətiyyətlidir”. Musavat.com qeyd edir ki, bunu Azərbaycanın xarici İşlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, 2025-ci ilin oktyabr ayında Azərbaycan və Rusiya prezidentləri arasında görüşdə Rusiya prezidenti tərəfindən səsləndirilmiş tədbirlər görülməlidir: “Təyyarənin vurulması Rusiya Müdafiə Nazirliyinin səhvi ucbatından baş verib. Gözləntimiz ondan ibarətdir ki, buna dair bütün tədbirlər görüləcək, hüquqi qiymət veriləcək, kompensasiyalar ödəniləcək”.

Azərbaycan təyyarəsi Rusiya tərəfindən vurulub JAMnews

Sirr deyil ki, Azərbaycan-Rusiya münasibətləri neçə vaxtdır məhz Moskvanın günahı üzündən faktiki, “soyuq müharibə” dövrünə gəlib çıxıb. Xüsusən də Putin verdiyi məlum vədə xilaf çıxandan sonra. “Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir”. Maraqlıdır ki, bu sözləri isə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova elə həmin gün – fevralın 26-da brifinqdə deyib.

Bakı və Moskva arasındakı dostluq olduqca vacibdir" - Zaxarova - Unikal.az

“Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, - deyə diplomat bildirib. “Tərəflər aviaqəza kontekstində qalan bütün məsələlərin tənzimlənməsinə hədəflənib”, - Zaxarova əlavə edib.

 

Bəs Rusiya İstintaq Komitəsinin cinayət işinə xitam verməsi necə olsun? Yoxsa Moskva “daşları”, nəhayət, yığmağa başlayır?

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarının J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb. Təyyarə Rusiyanın Qroznı şəhəri üzərində olarkən fiziki və texniki xarici müdaxiləyə məruz qalıb, enişinə isə icazə verilməyib. Buna görə də zədələnmiş halda Aktauya istiqamət götürüb və orada qəzaya uğrayıb.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Zaxarova məntiqsiz açıqlama verib. Onun fikrincə, birincisi, Zaxarova açıqlamasında təyyarənin raketlə vurulması ifadəsi əvəzinə Kremlin təlimatıyla “sərnişin təyyarəsinin qəzaya uğraması” cümləsinə üstünlük verib: "İkincisi, Zaxarova deyib ki, guya Rusiya təyyarəylə bağlı əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir. Yalandır. Rusiya razılaşmaların “icrası” üzərində necə işləyir ki, nə həlak olanların ailələrinə və yaralılara kompensasia ödənilib, nə də təyyarəmizi raketlə vurmağı əmr edənlər cəzalandırılıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə açıqlamasında “Rusiya tərəfindən mütəmadi addımların atılmasını gözləyirik. Bizim mövqeyimiz dəfələrlə ən ali səviyyədə qarşı tərəfə çatdırılıb” cümləsi Rusiyanın məsələnin həllinin uzatmasına işarədir. Rusiya məsuliyyətdən yaxa qurtarmaq üçün vaxtı uzatmağa çalışır. Zaxarovanın açıqlaması bu qəbildəndir".

CROSSMEDIA - Rusiya diaspor "kart"ından Azərbaycana qarşı təzyiq kimi  istifadə edir

Hərbi ekspert Ramil Məmmədli isə təyyarənin vurulduğunun çoxdan təsdiq olunduğunu açıqlayıb. Onun sözlərinə görə, XİN sözçüsü Zaxarovanın bu hadisəni "qəza" adlandırması ilk növbədə Kreml liderini təkzib etməkdir: "Düşənbə görüşündə Vladimir Putin dedi ki, raketin qəlpələri təyyarəyə dəyib. Bu, prezident səviyyəsində etirafdır. İndi bunu necə qəza adlandırmaq olar? Fakt budur ki, Rusiya hərbçilərinin açdığı atəş mülki təyyarəni vurub və sonra enişinə icazə verilməyib. Bütün bunlar aydındır. Sadəcə, Rusiya üzərinə düşəni icra etməkdən boyun qaçırır. Zaxarovanın çıxışı bu kontekstdə dəyərləndirilməlidir. Fakt odur ki, Moskva işi bağlayıb, Bastrıkin Azərbaycana məktub yollayıb, indi isə Zaxarova imitasiya xarakterli bəyanatlar səsləndirir. Fikrimcə, Rusiya tələbimizi yerinə yetirməsə, münasibətlərdə gərginlik davam edəcək. Əgər Rusiya Azərbaycanla münasibətləri yaxşılaşdırmaqda maraqlıdırsa, bu addımları atmalıdır. Çünki getdikcə soyuyan əlaqələrin bərpası çətinləşəcək".

Emil Salamoğlu
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR