Onlayn ictimai-siyasi qəzet
İyunun 2-3-də Bakı şəhərində Azərbaycan Respublikası ilə Avropa İttifaqının nümayəndə heyətləri arasında yeni hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi üzrə danışıqlar aparılıb.
Azərbaycan Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Avropa İttifaqı tərəfinə isə Avropa Xarici Fəaliyyət Xidmətinin icraçı direktorunun müavini Audrone Perkauskiene rəhbərlik edib.

Məlumata əsasən, Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin layihəsi ilkin olaraq razılaşdırılıb.
Yeni hərtərəfli saziş üzrə aparılan danışıqlar çərçivəsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının nümayəndələri Avropa İttifaqından olan həmkarları ilə birlikdə saziş layihəsinin müxtəlif bölmələri üzrə məhsuldar müzakirələr aparıb, bir sıra istiqamətlərdə irəliləyişlər əldə edilib və danışıqların növbəti mərhələləri ilə bağlı planlar müəyyən edilib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a şərhində bildirib ki, Azərbaycan və Aİ strateji tərəfdaşdır.

M.Məmmədli vurğulayıb ki, tərəflər arasında xüsusilə enerji sahəsində əməkdaşlıq mövcuddur:
“2022-ci ildə “Azərbaycan Respublikası ilə Avropa Komissarı tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Eyni zamanda iqtisadi, ticari, yaşıl enerji kimi məsələlərlə bağlı əməkdaşlıq mövcuddur. Ortaq maraqlar əsasında qurulan əməkdaşlığı dərinləşdirmək üçün potensial və imkanlar böyüdür. Həm Aİ, həm də Azərbaycan prosesə bu kontekstdən yanaşır. 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədinin imzalanacağını düşünürəm. Əsas məsələ isə hərtərəfli sazişin imzalanmasıdır. Uzun illərdir bu istiqamətdə danışıqlar aparılır. Hələ ki, danışıqların yekunlaşmamasının, sazişin imzalanmamasının bir çox mühüm səbəbi var. Xüsusilə, iqtisadi sahədə tərəflərin fərqli yanaşmalarını qeyd edə bilərik. Aİ daha sərt iqtisadi vahid qaydaların, daha geniş normativ uyğunlaşmanın tərəfdarıdır. Azərbaycan isə milli iqtisadi modelə, müstəqil qərarverməyə üstünlük verir. Bu, iqtisadi məsələlərdə fikir ayrılıqlarının olduğunu deməyə əsas var. Danışıqların daha da intensivləşməsi ilə bağlı qərar qəbul edilib. Hər iki tərəf münasibətlərin dərinləşməsində maraqlıdır. Buna görə də düşünürəm ki, gələcəkdə Azərbaycanla Aİ arasında hərtərəfli saziş imzalana bilər”.
Mətin Məmmədlinin sözlərinə əsasən, münasibətlərin inkişafı eyni zamanda tərəflərin mövqeyindən asılıdır:
“Azərbaycan çoxvektorlu siyasətində Aİ ilə münasibətlərə geniş yer verir. Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Siyasi, ticari, iqtisadi məsələlərlə bağlı əməkdaşlıq mövcuddur. Eyni zamanda Aİ-nin bir çox məsələ ilə bağlı mövqeyi ikitərəfli münasibətlərin dərinləşməsinə ciddi təsir göstərəcək. Aİ və Azərbaycan arasında problemli məsələlərdə kompromis əldə olunacaqsa, tərəflər arasında münasibətlərin dərinləşməsi mümkün olacaq. Hərtərəfli saziş layihəsi və 2026-2030-cu illəri əhatə edən Tərəfdaşlıq Prioritetləri sənədi hər iki tərəf üçün olduqca vacibdir”.
Qeyd edək ki, görüşdə Xarici İşlər Nazirliyi ilə yanaşı, Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyası, İqtisadiyyat, Ədliyyə, Energetika, Rəqəmsal İnkişaf və Nəqliyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Elm və Təhsil Nazirliklərinin, habelə Mərkəzi Bank, Dövlət Gömrük Komitəsi, SOCAR, Antiinhisar və İstehlak Bazarına Nəzarət, Əqli Mülkiyyət və Medianın İnkişafı Agentliklərinin nümayəndələri iştirak ediblər.
Nigar Həsənli
Musavat.com
05 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ