Onlayn ictimai-siyasi qəzet
Rusiyanın ötən gecə Ukraynaya həyata keçirdiyi kütləvi raket və dron hücumu nəticəsində azı 17 nəfər həlak olub, daha 44 nəfər yaralanıb.
Musavat.com "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski məlumat verib.
Onun sözlərinə görə, hücum olduqca ağır olub. Rusiya Ukraynaya qarşı 24 ballistik raket, 4 ədəd "Zirkon" və "Oniks" tipli raket, həmçinin əhəmiyyətli hissəsi reaktiv olan 115 pilotsuz uçuş aparatı (PUA) tətbiq edib.
Zelenski bildirib ki, hücumun əsas hədəfi mülki müəssisələrin anbarları olub. Bundan əlavə, infrastruktur obyektləri və dəmir yolu stansiyası da zərbələrə məruz qalıb.
Prezident qeyd edib ki, hücuma məruz qalan obyektlər arasında müharibə ilə heç bir əlaqəsi olmayan pivə istehsalı müəssisəsi, tikinti materialları anbarları və mülki logistika obyektləri də var.
Zelenski çoxsaylı insan itkilərinin qarşısının antiballistik raket əleyhinə sistemlərlə alına biləcəyini vurğulayıb. O bildirib ki, bu sistemlərin Ukraynaya tədarükünün gecikdirilməsi və ya onların verilməsindən imtina edilməsi məhz belə ağır itkilərə və dağıntılara səbəb olur.
Ukrayna lideri əlavə edib ki, raket əleyhinə vasitələrin göndərilməsində daha fəal olmaq istəməyən tərəfdaşlar heç olmasa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməklə Kiyevə dəstək verə bilərlər. Onun sözlərinə görə, Rusiyanın ballistik raket istehsalının əhəmiyyətli hissəsi hələ də sanksiyalara məruz qalmayıb.
Zelenski G7 ölkələrini, Avropa İttifaqını və Ukraynanı dəstəkləyən bütün tərəfdaşları Rusiyaya qarşı yeni sanksiyalar qəbul etməyə çağırıb.
Bu arada, avqustun 5-də Kiyev və vilayətə endirilən zərbələrdən sonra yaşayış binalarında, anbarlarda və ofis binasında yanğınlar baş verib. Xilasedicilər dağıntılar altında axtarış-xilasetmə işlərini davam etdirirlər.
Məlumata görə, Kiyev vilayətində ölənlərin sayı 14 nəfərə, yaralananların sayı isə 30-a yaxın çatıb.
Bundan başqa, Brovarı rayonunda dəmir yolu platformasında 8 nəfər həlak olub. Bildirilir ki, onlar son qatarlarına çata bilməyiblər.
Musavat.com
27 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ