İnsanlara hürriyət, millətlərə istiqlal!

Bayramovun Ukrayna səfərinin pərdəarxası - Enerji, təhlükəsizlik, yeni ittifaqlar...

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynada rəsmi səfərdədir. Səfər çərçivəsində onunla ukraynalı həmkarı Andrey Sibiqa arasında təkbətək formatda danışıqlar və geniş tərkibdə görüş keçirilib.

Danışıqlar zamanı Cənubi Qafqaz və Yaxın Şərqdə regional təhlükəsizlik, eləcə də Ukraynada sülhün əldə olunması kimi məsələlər müzakirə edilib.

Ukrayna XİN başçısı Andrey Sibiqa Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əməkdaşlığın Ukrayna üçün önəmli olduğunu vurğulayıb. C.Bayramov isə öz növbəsində qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır, xüsusilə 12 Avropa ölkəsinə qaz tədarük edir: “Zərurət yaransa, Ukraynaya da qaz tədarük etməyə hazırıq, - nazir bildirib.

C.Bayramov həmçinin vurğulayıb ki, regionun enerji təhlükəsizliyini möhkəmləndirmək üçün Ukraynanın yeraltı qaz anbarlarından istifadə olunması ikitərəfli əməkdaşlığın çox perspektivli istiqaməti kimi nəzərdən keçirilir.

Ekspert: TDT-nin beynəlxalq nüfuzu artır və daha təsirli qlobal platformaya  çevrilir - AZƏRTAC

Beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə Musavat.com-a səfəri şərh edib. Onun sözlərinə görə, Azərbaycan-Ukrayna münasibətləri Rusiya işğal müharibəsinə başlamadan xeyli əvvəl inkişaf etməyə başlayıb, lakin müharibə fonunda bu münasibətlər yeni çalar qazanıb: “2017-ci ilin yanvar ayında tərəflər iqtisadi-ticari sahələrdə yeni əməkdaşlıq üçün mühüm razılaşmalar imzalayıblar. 2016-dək iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 300 milyon dollar olmuşdusa, sonrakı illərdə bu rəqəm müvafiq olaraq 2-3 dəfə artıb, müharibədən öncəki, 2021-ci ildəki rəqəmi - 900 milyon dolları ötüb. Müharibə illərində qarşılıqlı ticarət zəifləsə də, iki ölkə 2025-ci ili 600 milyon dollar ticarət dövriyyəsi ilə başa vurub.

2018-ci ildə Ukraynada Azərbaycan Ticarət Evinin açılması isə “Made in Azerbaijan” brendlərinin Ukrayna bazarına daha çox çıxışı üçün yeni imkanların yaradılması demək idi. SOCAR 2010-cu ildən Ukraynada öz təsislərini qurmağa başlayıb, lakin ötən ildən Ukraynanın “Naftogaz”ı ilə əldə olunan saziş əsasında Azərbaycan həm də Ukraynaya Trans-Balkan xətti ilə qaz tədarük etməyə başlayıb. Rusiya bu xətti ötən il hədəf almışdı, lakin xətt tezliklə bərpa olundu, hətta bərpasına SOCAR da vəsait ayırdı.

Azərbaycan Cənub Qaz dəhlizi ilə 12 Avropa ölkəsini enerji ilə təmin edir. Bu, Rusiyadan asılılığın azaldılması və enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın etibarlı tərəfdaş olması ilə əlaqədardır. Artıq yeni interkonnektorlar şəbəkəsi ilə Azərbaycan qazı Yunanıstandan Balkanlara çatdırılıb, ordan isə vertikal (şaquli) xətlə Ukraynaya yeni interkonnektorun çəkilişi planlaşdırılır. Başqa sözlə, Azərbaycan gələcəkdə Ukrayna ilə qaz sahəsində əməkdaşlığı daha da dərinləşdirəcək. Ceyhun Bayramovla Sibiqanın görüşündə əsas müzakirə mövzularından biri də məhz bu idi. Həm də Ukraynada yeraltı qaz saxlama məntəqəsi Azərbaycanla Ukraynanın qaz sahəsində əməkdaşlığında yeni istiqamət olacaq.

Enerji sahəsində əməkdaşlıqla yanaşı, Ukrayna-Azərbaycan həm də Orta Dəhlizdə yeni imkanların inkişaf etdirilməsində birgə fəaliyyətini artırmağı planlaşdırır. 2018-ci ildən etibarən Ukraynanın Azərbaycanla birgə gəmiqayırma sahəsində əməkdaşlığı müzakirə olunur. Azərbaycanın Trans-Xəzər Multimodal Marşrutunu inkişaf etdirməsi, Çindən Avropaya uzanacaq qlobal nəqliyyat-logistika şəbəkəsinin orta hissəsində çoxsaylı birgə əməliyyatlar Ukrayna və Azərbaycana əməkdaşlığı genişləndirməyə imkan yaradır. Ukrayna bunu həm də öz milli təhlükəsizliyi, alternativ marşrutlardan faydalanmaq istəməsi ilə əlaqələndirir. Beləliklə, qlobal layihələr çərçivəsində çoxtərəfli və ikitərəfli əməkdaşlıq Ukrayna-Azərbaycan münasibətlərində yeni dövr üçün yeni formatlar yaradır”.

Ş.Cəlilzadə həmçinin, xatırladıb ki, Azərbaycan-Türkiyə-Ukrayna hərbi sahədə üçtərəfli əməkdaşlıq formatı yaratmaqdadır: “Bütün bunların əsasında Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyi kimi prinsipial mövqeyi dayanır. Hazırda dövlətlərin suverenliyi, sadəcə, ərazi bütövlüyü ilə deyil, həm də xarici təsirlərdən azad, müstəqil istiqamətlər yaratmaq qabiliyyəti ilə də ölçülür. Bu mənada Azərbaycan Orta Dəhlizdə Ukrayna üçün əməkdaşlıq imkanları yaratmaqla onun suveren dövlətçiliyinə töhfə verir. Bu dəstək əvəzolunmazdır. Elə buna görə də Avropa Azərbaycanın siyasi çəkisini, əhəmiyyətini daha çox dərk etməyə başlayır”.

Nigar Həsənli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR