İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir arvadlı təhsil eksperti

Yaxud şabalıd alveri üçün xüsusi təyinatlı avadanlıqlar

16 dekabrda fövqəladə hallar idarəmizin yaranmasının 20 illik yubileyi təntənəli şəkildə qeyd olundu. Mən bu istiqamətdə keçirilən tədbirlərdən reportajları maraqla izlədim. Məsələn, fövqəladə hallarda istifadə edilən xüsusi təyinatlı texnika və avadanlıqların sərgisi nümayiş etdirildi. Burada hündür binalarda yanğın söndürmə qurğuları, həmçinin ağacın başındakı şabalıdı salmaq üçün elektronik selbələr göstərildi. Güman edirik ki, dələduzların qurbanı olmuş və 3 milyon dollarını qapdırmış eks-general Rail müəllim həyat və yaradıcılığı zamanı məhz bu qurğulardan yararlanırmış. 

Həmçinin fövqəladə hallar generallarımız xurma alveri və qoyunçuluqla da məşğul idilər. Xüsusi texnikalar sırasında yetişməmiş xurmanı yeyib boğulan, “öldüm-öldüm”ə düşən vətəndaşın həyata qaytarılması üçün oksigen balışları, qoyunu Gürcüstandan gətirmək üçün avtofurqon, sürünü canavardan qorumaq məqsədli it səsi çıxaran, süni intellekt əsaslı robotlar və sairəyə də sıra baxışı keçirildi. 

Tədbirlər yubiley xarakteri daşıdığı üçün xaricdən qonaqlar da çağırılmışdı. Bu sırada Qırğız Respublikasının fövqəladə hallar naziri general-leytenant Boobek Ajikeyev, Özbəkistanın fövqəladə hallar nazirinin birinci müavini Sanjar Zuparov, Rusiya fövqəladə hallar nazirinin müavini Roman Kurınin kimi hörmətli yoldaşlarla yanaşı Avropada şabalıd bazarına nəzarət edən iş adamları xüsusi diqqətimizi çəkmişdir. 

Ona görə də atalarımız “şabalıdı ver generala, xurmanı da üstəlik” demişlər. Hər kəs öz sahəsində uğur qazanır. Bunun üçün ali təhsil sektorumuz da müvafiq kadrlar yetişdirir. Hər il nə qədər gənc çalışır universitetə girsin (sanki bitirəndə iş tapacaqlar, yel əsib qoz tökülüb - ancaq indi bu cür temaların vaxtı deyil). Elə Dövlət İmtahan Mərkəzinin salonlarına xüsusi qurğular keçirərkən ifşa olunan təhsil ekspertləri və abituriyentlərdən ibarət şanlı dəstənin əhvalatı bu baxımdan diqqətə layiqdir. 

Əlaqədar orqanların informasiyasını oxuyanda sanki casus filmlərinin qısa xülasəsini izləyirik, bircə Ceyms Bond çatışmır: qulağa yerləşdirilən gizli mikrofon, düymə formalı video çəkən, ayaqqabının altında telefon, nə bilim, ancaq zəng gələndə ekranı açılan kart tipli qurğu... İstər-istəməz düşünürsən ki, bu gənclər türməyə salınsa dövlətçiliyimizə faydası olmayacaqdır. Yaxşısı onları kəşfiyyat qurumlarına cəlb etmək, düşmən ölkələrə casusluğa göndərməkdir. İstedad niyə batsın? Dünən təhsildən ekspert idi, sabah kəşfiyyatçı işləsin. Paraşütlə Zəngəzur dəhlizinə atmaq lazımdır. 

Bir məsəl də yadıma düşdü, deyir, başın yaxşı başdı, heyf qarpıza işlədirsən. Bax, bizim universitetlərə girmək üçün insanların bu qədər əzab-əziyyətə düçar olmağı, hətta kriminal üsullara əl atmağı məni həmişə təəccübləndirib. Xüsusilə də Narxozun hansı zibil qabının dibində çürüdüyü yadıma düşməyən diplomunun daşıyıcısı olaraq mənə bu əməllər qəribə gəlir. Azərbaycanda 4-5 il ali təhsil almaqdansa, hansısa santexnikin şagirdliyini edib peşə öyrənmək 4-5 dəfə sərfəli addımdır. Məsələn, elə yuxarıda söz açdığım generallar da guya hansısa ali təhsil almışdılar. Axırı nə oldu? Orta məktəbi yarımçıq bitirən dələduzların qurbanına çevrildilər. 

Ortada o qədər “natamam-orta” ortababdan yuxarı səviyyədə yaşayır, di gəl, ali təhsillilərimiz acından günorta dururlar (bu cümləni DİM imtahanlarına yanıltmac sualı kimi hazırladım). Məsələn, bir yoldaş var, adını çəkməyimə ehtiyac yoxdur, maşallah, istənilən akademikdən məşhurdur, 4 illik rus-tatar məktəbini 1-ci sinifdən tərk edərək qoyun otarıb, sonra həmin qoyunların hesabına evtikmə kombinatı qayırıb, indi pula dollar demir. Hələ azı 2 dənə övrət də alıbmış, bunu jurnalistə elə həvəslə bəyan edirdi ki, pis çıxmasın, “istəsən səni də alaram” mənzərəsi yaranmışdı.

İnşallah, yaxın gələcəkdə universitetləri də orta məktəblərimiz kimi bağlayıb repetitor-rektorla birlikdə hamımız şabalıd qozası yığmağa gedərik.    

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2026

03 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR