İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir əsrə yaxın yaşı olan ittifaq dağılmaq təhlükəsi ilə üz-üzə - ŞOK DETALLAR

ABŞ prezidenti Donald Trampın Qrenlandiya planlarını pozmağa çalışan ölkələrə qarşı sanksiyalar tətbiq edə biləcəyi barədə hədəsi Avropa üçün “son damla” olub.

Bu barədə “Politico” nəşri yazır.

Nəşr qeyd edir ki, Vaşinqtonun kursunda kəskin dəyişiklik baş verməsə, Qərbi radikal transformasiya gözləyə bilər ki, bu da qlobal güc balansına ciddi təsir göstərəcək.

“Politico”nun məlumatına görə, ABŞ-nin ikinci dönəmində Avropa ölkələri, Böyük Britaniya və Norveç də daxil olmaqla, “istəklilər koalisiyası” adlanan formatda ABŞ-nin iştirakı olmadan əməkdaşlığı daha fəal qurmağa başlayıblar. Bu, təxminən 35 ölkənin milli təhlükəsizlik müşavirləri arasında sıx koordinasiyanı nəzərdə tutur. Onlar müntəzəm olaraq onlayn, şəxsi görüşlərdə və qeyri-rəsmi söhbətlərdə ünsiyyət qururlar.

Bir əsrə yaxındır formalaşmış Avropa-ABŞ ittifaqı dağılırmı? Bundan itirən daha çox hansı tərəf ola bilər? Avropanın ABŞ dəstəyi olmadan təhlükəsiz yaşaması mümkündürmü?

WhatsApp Image 2026-01-19 at 12.57.00.jpeg (108 KB)

Keçmiş deputat, siyasi elmlər doktoru Elşad Mirbəşir Musavat.com-a bildirib ki, Avropa ilə ABŞ arasında gərginlik daha da dərinləşəcək. Amma müşahidələr göstərir ki, Avropa ölkələri bu məsələdə ehtiyatlıdırlar, ABŞ ilə münasibətləri tamamilə pozmaq istəmirlər:

“Bunun da çox ciddi səbəbləri mövcuddur. Birincisi, ABŞ ilə iqtisadi əlaqələr Rusiyayla iqtisadi əlaqələri demək olar tamamilə kəsilmiş Avropa üçün həyati vacibdir. Avropa ölkələrinin iqtisadiyyatında onsuz da ciddi durğunluq mövcuddur. Çünki böyük bazarını itirib. Ona görə də Avropa ölkələri ABŞ-nin iqtisadi sanksiyalar tətbiq edəcəyindən çəkinirlər. Buna baxmayaraq, Avropa ölkələri ABŞ-yə təzyiq imkanlarını da nəzərdən keçirirlər. Çox güman ki, gələcəkdə ABŞ-də demokratların mövqelərinin güclənməsinə ümid edirlər. Buna görə də güman ki, Avropa proseslərin uzadılmasına çalışacaq”.

E.Mirbəşir qeyd edib ki, “İstəklilər koalisiyası”nın ABŞ-nin iştirakı olmadan təhlükəsizlik təminatı formalaşdırması çətin mümkün olsun:

“ABŞ-nin iştirakı olmadan hər hansı təhlükəsizlik təminatlarını, tədbirlərini həyata keçirməyin mümkün olmayacağını Britaniyanın baş naziri də bəyan edib. Qərbli ekspertlər də etiraf edirlər ki, Avropa İttifaqı təkbaşına - ABŞ-nin iştirakı olmadan özlərinin gələcək təhlükəsizlik məsələləri ilə bağlı müstəqil addım atmaq iqtidarında deyil. Odur ki, ABŞ ilə Avropa arasında müşahidə olunan konfrontasiyada ABŞ-nin mövqeləri kifayət qədər güclü görünür”.

Ekspertin sözlərinə görə, bu konfrontasiyanın NATO daxilində ciddi fikir ayrılığına gətirəcəyi də mümkündür:

“Çünki bir NATO ölkəsi başqa bir ölkəsinin ərazisinə iddia edir. Qrenlandiyaya iddia NATO üzvü olan Danimarkaya ərazi iddiası hesab olunur. Bu vəziyyət NATO üçün ciddi problemlər vəd edir. NATO-nun 5-ci maddəsi işə düşməlidir ki, bu da ABŞ tərəfindən kəskin reaksiya ilə qarşılanacaq. Beləliklə, bu vəziyyət NATO-da ciddi parçalanmaya da gətirib çıxara bilər”.

Etibar Seyidağa,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR