Onlayn ictimai-siyasi qəzet
Bir kənd uşağı idi. Qarşısında nə hakimiyyət, nə saray, nə də onu gələcəyin dövlət başçısı kimi təsəvvür edənlər var idi. Ailəsi yoxsul, yaşadığı Qərdəha kəndi Suriyanın siyasi mərkəzlərindən uzaq, həyat isə onun üçün sadə və ağır idi. Amma tarix bəzən ən böyük dönüşləri məhz belə səssiz yerlərdə hazırlayır.
6 oktyabr 1930-cu ildə dünyaya gələn həmin uşaq illər sonra Dəməşqin ən güclü adamına çevriləcək, Suriyanı təxminən 30 il idarə edəcək, özündən sonra hakimiyyətə gələn oğlu da ölkəni tərk edəcəkdi. Bu təzadlı şəxs Hafiz Əsəd idi...
O, Latakiya yaxınlığındakı Qərdəha kəndində, maddi imkanları məhdud kəndli ailəsində böyüyürdü. Ailəsi Ələvi icmasına mənsub idi və həmin dövrdə bu icma Suriyanın siyasi həyatında dominant mövqedə deyildi. Atası Əli kənd təsərrüfatı ilə məşğul olurdu, ailə böyük idi, dolanışıq isə asan deyildi. Sonralar Dəməşqdə sarayların, generalların və təhlükəsizlik strukturlarının arasında ölkənin taleyini müəyyənləşdirən Əsədin uşaqlıq illəri isə kənd həyatının sadəliyi və yoxsulluğu içində keçmişdi. Onun ailəsi bir vaxtlar “Vəhş” soyadını daşıyırdı. Sonradan bu soyad “Əsəd”lə əvəzləndi. Ərəb dilində “Əsəd” “şir” deməkdir. Bəlkə də bu, sadəcə bir soyad dəyişikliyi idi, amma illər keçdikcə həmin ad Suriyada gücün, qorxunun və sərt hakimiyyətin simvoluna çevriləcəkdi.

Hafiz əvvəlcə həkim olmaq istəyirdi. Lakin ailəsinin maddi vəziyyəti onun bu arzusunun qarşısında ciddi maneə idi. Həyat onu başqa istiqamətə apardı. 1951-ci ildə Homs Hərbi Akademiyasına daxil oldu və hərb onun üçün yalnız peşə deyil, həm də yoxsulluqdan çıxış yolu oldu. Gənc Əsəd təyyarəçi kimi yetişdi, Suriyanın Hərbi Hava Qüvvələrində sürətlə yüksəldi və çox keçmədən başa düşdü ki, ölkədə hakimiyyətə aparan ən qısa yolların bir hissəsi kazarmalardan keçir.
Baas ideologiyası da onun siyasi dünyagörüşünün formalaşmasında mühüm rol oynadı. Ərəb millətçiliyi, Suriyanın xarici təsirlərdən azad olması və güclü dövlət ideyası gənc zabitin düşüncələrində getdikcə daha böyük yer tutdu. 1963-cü ildə Baasçıların hakimiyyətə gəlməsi Əsədin yüksəlişini sürətləndirdi. O, hərbi sistemdə mövqeyini möhkəmləndirdi, 1964-cü ildə Hərbi Hava Qüvvələrinin komandanı oldu, 1966-cı ildə isə müdafiə naziri təyin edildi. Artıq kənddən çıxan həmin gənc Dəməşqin siyasi elitasının içində idi.
Lakin Hafiz Əsədin həyatının yalnız bir tərəfi vardısa, o da hakimiyyət deyildi. Onun şəxsi dünyasında ailə xüsusi yer tuturdu. 1958-ci ildə Ənisə Məxlufla evləndi. Bu nikah sonradan Suriya tarixinin ən məşhur siyasi ailələrindən birinin təməlini qoydu. Onların beş övladı dünyaya gəldi-Buşra, Bassil, Bəşər, Məcid və Mahir. Əsədin siyasi gücü artdıqca ailəsinin də ölkənin dövlət və təhlükəsizlik sistemində çəkisi böyüməyə başladı. Amma ailənin içində qurulan gələcək planlar heç vaxt həyatın yazdığı ssenariyə tam uyğun getmədi.

Hafiz Əsədin böyük oğlu Bassil atasının ən böyük ümidi idi. Hərbçi idi, atasına yaxınlığı ilə seçilirdi, ictimaiyyət qarşısında görünür, dövlət tədbirlərində ön plana çıxırdı. Onun Suriyanın gələcək prezidenti olacağına dair gözlənti getdikcə güclənirdi. Bəşər isə tamam başqa həyat yaşayırdı. O, Londonda oftalmologiya üzrə təhsil alır, həkim olmağa hazırlaşır və siyasətdən uzaq görünürdü. Əsəd ailəsinin gələcək üçün qurduğu plan sadə idi: ata hakimiyyətdən getdikdən sonra oğul Bassil onun yerini tutacaqdı. Sonra bir gecə həmin plan dağıldı.
1994-cü ildə Bassil Dəməşqdə avtomobil qəzasında həlak oldu. Bu ölüm Hafiz Əsədin həyatında ən ağır sarsıntılardan birinə çevrildi. O, sadəcə oğlunu itirməmişdi, həm də illərlə hazırladığı siyasi varislik planını itirmişdi. Hakimiyyətin gələcəyi üçün başqa yol tapılmalı idi. Bu yol isə Londonda sakit həyat yaşayan, həkim olmağa hazırlaşan Bəşərə gedib çıxırdı. Bəşər Suriyaya çağırıldı. Bir zamanlar xəstəxanalarda işləməyə hazırlaşan gənc birdən-birə hərbi və siyasi hazırlığın içinə atıldı. Onun həyatının istiqaməti bir anda dəyişdi. Ağ xalatın yerini hərbi forma, tibbi gələcəyin yerini isə prezidentliyə hazırlıq aldı. Atasının qurduğu sistemdə növbəti varis artıq Bəşər idi. Həmin vaxt Hafiz Əsəd artıq Suriyanın ən qüdrətli adamına çevrilmişdi. 1970-ci ildə “Düzəliş hərəkatı” adlandırdığı çevrilişlə hakimiyyəti ələ keçirdi, 1971-ci ildə isə prezident oldu. Bundan sonra Dəməşqdə yeni siyasi dövr başladı. Əsəd təxminən üç onillik ərzində dövlətin əsas siyasi, hərbi və təhlükəsizlik strukturlarını öz nəzarətində saxladı. Onun hakimiyyəti yalnız prezident sarayından idarə olunan bir sistem deyildi. Ordu, xüsusi xidmət orqanları, partiya və dövlət aparatının əsas dayaqları bir-birinə bağlanaraq Əsəd hakimiyyətinin möhkəm sütunlarına çevrilmişdi.

Bu hakimiyyətin ən sərt üzlərindən biri isə müxalifətə münasibətdə görünürdü. 1982-ci ildə Həma şəhərində Müsəlman Qardaşları ilə bağlı silahlı üsyanın yatırılması zamanı böyük insan itkisi baş verdi. Ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər mövcuddur və bəzi qiymətləndirmələr on minlərlə insanın öldürüldüyünü bildirir. Həma hadisələri Əsəd hakimiyyətinin mahiyyətini bütün sərtliyi ilə göstərdi. Dövlətə və hakimiyyətə qarşı ciddi müqavimətə güzəşt edilməyəcəkdi.
Xarici siyasətdə isə İsrail amili onun hakimiyyətinin əsas mövzularından biri olaraq qaldı. 1967-ci il müharibəsindən sonra Colan yüksəkliklərinin itirilməsi Əsəd üçün yalnız hərbi məğlubiyyət deyildi. Bu məsələ onun siyasi yaddaşında və Suriyanın dövlət siyasətində uzun illər yaşadı. O, hakimiyyəti boyunca Colanın qaytarılmasını əsas tələblərindən biri kimi saxladı. İsraillə qarşıdurma, Livandakı Suriya təsiri və İranla yaxın münasibət onun regional siyasətinin əsas istiqamətlərinə çevrildi.
Bütün bu sərt siyasi mənzərənin arxasında isə daha qapalı bir insan dayanırdı. Hafiz Əsəd şəxsi həyatını ictimaiyyətə çox açmırdı. O, təmkinli danışır, emosiyalarını asanlıqla göstərmir, ailəsini mümkün qədər diqqətdən kənarda saxlayırdı. Onun yaratdığı obraz sakit və soyuqqanlı lider obrazı idi. Lakin bu sakitliyin arxasında son dərəcə hesablanmış siyasi iradə dayanırdı. Əsəd hakimiyyəti yalnız əldə etməyi deyil, onu özündən sonra da yaşatmağı düşünürdü. Bəlkə də onun ən böyük siyasi arzusu elə bu idi,qurduğu sistemin özündən sonra da dağılmaması...

Bassilin ölümü bu arzunu sarsıtdı, amma məhv etmədi. Əsəd son illərində Bəşəri yeni həyata hazırlamağa başladı. Artıq ailə sadəcə ailə deyildi. Buşra, Bəşər, Mahir və digər ailə üzvlərinin taleyi Suriyanın siyasi sistemində müxtəlif şəkildə görünməyə başlamışdı. Hakimiyyət yavaş-yavaş bir dövlət institutundan daha artıq məna daşıyırdı. Bir ailənin taleyi ölkənin siyasi gələcəyi ilə iç-içə keçirdi.
10 iyun 2000-ci ildə isə uzun hakimiyyətin son səhifəsi yazıldı. Hafiz Əsəd Dəməşqdə ürək tutmasından öldü. 70 yaşında idi. Onun ölümü Suriyada hakimiyyət boşluğu yaratmadı, çünki sistem artıq varis üçün hazırlanmışdı. Bəşərin prezidentliyə keçməsinin qarşısındakı əsas hüquqi maneələrdən biri də aradan qaldırıldı. Parlament prezidentliyə namizəd üçün minimum yaş həddini 40-dan 34-ə endirdi. Bəşər həmin vaxt 34 yaşında idi. Ardınca referendum keçirildi və atasının qurduğu hakimiyyət sistemi bir nəsildən digərinə ötürüldü.
Beləliklə, Qərdəhanın yoxsul kənd evlərindən çıxan Hafiz Əsəd Dəməşqdə dünyanın diqqətini üzərinə çəkən hakimiyyət qurdu. Onun həyatı sadəcə bir siyasətçinin yüksəliş hekayəsi deyildi. Bu, yoxsulluğun içindən çıxan bir gəncin orduya sığınaraq hakimiyyətin zirvəsinə qalxmasının, ailə qurmasının, övlad böyütməsinin, ən böyük oğlunu faciəli şəkildə itirməsinin və sonda başqa oğlunu öz siyasi mirasının daşıyıcısına çevirməsinin hekayəsi idi.
O, özündən sonra yalnız prezidentlik kreslosu qoymadı. Bir sistem, bir ailə hakimiyyəti və illərlə davam edən siyasi miras qoydu. 2000-ci ildə onun ürəyi dayandı, amma qurduğu mexanizm işləməyə davam etdi. Bəşər Əsəd atasının yerinə keçərək Suriyanın prezidenti oldu və illər boyu həmin hakimiyyəti davam etdirdi. Lakin tarix bir daha göstərdi ki, ən möhkəm görünən sarayların da qapıları bir gün bağlana bilər.
Bəşər Əsəd də atasının qurduğu hakimiyyətin əbədi olmadığını gördü. 2024-cü ilin dekabrında üsyançı qüvvələrin Dəməşqə daxil olması ilə onun hakimiyyəti süqut etdi və Bəşər Əsəd ölkədən qaçaraq Rusiyaya sığındı. Beləliklə, bir vaxtlar atasının qurduğu və oğluna miras qoyduğu siyasi sülalənin Suriyadakı hakimiyyət dövrü sona çatdı.

1930-cu ildə Qərdəhada başlayan həyat 2000-ci ildə Dəməşqdə başa çatdı. Amma Hafiz Əsədin hekayəsi onun ölümü ilə bitmədi. Onun adı oğlu ilə birlikdə daha uzun illər Suriya tarixinin ən mübahisəli və təsirli səhifələrində yaşadı. Kənddən çıxan bir uşağın qurduğu hakimiyyət ailəsi nəhayət dağıldı, amma onun qoyduğu iz Suriya tarixindən asanlıqla silinmədi.
Bir vaxtlar yoxsul bir kənd evində gələcəyi belə görünməyən Hafiz Əsəd Dəməşqə gəldi, ölkəni üç onillik idarə etdi və hakimiyyəti oğluna verdi. Oğlu isə illər sonra həmin hakimiyyətin dağıldığı gecə ölkədən qaçdı. Beləcə, Qərdəhada başlayan və Dəməşq sarayına qədər uzanan bir ailə hakimiyyətinin hekayəsi yenə bir qaçışla, bir süqutla və tarixin sərt hökmü ilə başa çatdı.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ