İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük ürək sahibi olan sadə kəndlilər və tanınmış sənətkarın alqışalayiq təşəbbüsü

O, bir el sənətkarıdır, Azərbaycanın kifayət qədər tanınmış xanəndələrindəndir, geniş səs diapazonuna və özünəməxsus ifa tərzinə malik sənətkarlardandır, mahir muğam və mahnı ifaçılarındandır. Bu ilin fevral ayında 75 yaşı tamam oldu, amma indiyədək heç zaman şöhrət ardınca yürüməyib, efirlərə də nadir hallarda çıxır. Hesab edir ki, sənətkar həm də özünün sambalını, çəkisini qorumalı, özünə rəğbətlə sənətinə hörmət arasında balans yaratmağı bacarmalıdır. Adının qarşısında hər hansı fəxr ad olmasa da, onu çoxu tanıyır. Söhbət Xanhüseyn Hüseynovdan gedir.

Bir neçə gündür onun haqqında mediada yazılır. Mən də yaxından tanıdığım və son təşəbbüsündən kifayət qədər məlumatlı olduğum üçün yazmağı özümə borc bildim. Həm də Xanhüseyn müəllimin timsalında bir kəndin, bir elin gözəl bir nümunəsindən bəhs etmək istəyirəm...

xanhuseyn-huseynov.jpg (64 KB)

Əvvəlcə qeyd edim ki, muğam sənətini sevənlər Xanhüseyn Hüseynovun özünəməxsus “Çahargah” və “Segah”ını unutmayıb. Düzdür, bu sənət inciləri Qızıl Fondda yoxdur və buna görə çox təəssüflənir, həmçinin edə bilmədiklərinə görə kədərlənir. Təsəvvür edin ki, vaxtilə bir toy məclisində gecədən səhər açılanadək sənətkara 4 dəfə “Çahargah” oxutdurublar. Gecə saat 4-də! Deyir, kaş o zaman səsinin qədrini bilərdi... Onun ifasında təsniflər bir başqa idi...

Mən ilk dəfə Xanhüseyn Hüseynovu əmimin toyunda görmüşdüm. İşıqlar sönsə də, mikrofonsuz elə oxuyurdu, səsi dağlara yayılırdı. Belə sehirli səs sahibidir Xanhüseyn müəllim. 80-ci illərin sonlarında televiziyada “Ya nəsib, ya qismət”ini (“Səadət”) dinləmişdim. “O qara gözlərinin qəmzəsi yandırdı məni” dillər əzbəri idi. “Sən şamsan əgər”, “Mədinə” kimi mahnılar da onun kimi...Yadımdadır, toy məclislərinə qonşu kəndlərdən hətta çağırılmayan qonaqlar axışırdılar ki, orada Xanhüseyn Hüseynov oxuyacaq deyə...El sənətkara belə dəyər verirdi. O zaman toylar nəinki bir axşam, azı iki gün davam edirdi, bəzən bir neçə gün də çəkirdi. Özü də sənətkar heç zaman toy sahibinə qiymət oxumazdı, buna heç ehtiyacı da yox idi, “şabaş” sel kimi ələnərdi...Amma gözütox insan olub hər zaman Xanhüseyn müəllim, toyda yığılanları bütün musiqiçilər arasında bərabər bölüşdürməyi tövsiyə edərdi.

WhatsApp Image 2026-08-14 at 16.23.31.jpeg (203 KB)

Xanhüseyn Hüseynov əslən bizim kəndin qonşuluğunda yerləşən, Lerik rayonunun Gendov kəndindəndir. Ona görə də ad-sanı barədə eşidəndə hər zaman fəxr etmişik ki, bizim el-oba da belə sənətkarlar yetişdirib. Halal ocağın övladları olan Hüseynovların demək olar ki, hamısı musiqiyə bağlı insanlardır, əksəriyyətin məlahətli səsi var. Sənətçi İlham Xanhüseynoğlu sənətkarın böyük oğludur, maşallah, məclislər, efirlər yaraşığıdır. Xanhüseyn müəllimin qardaşı Şahin Hüseynov da şirin, məlahətli səsi ilə ürəkləri fəth edib. Xanhüseyn müəllim Rusiyada kifayət qədər məşhur olan müğənni-xeyriyyəçi Jony-nin - Cahid Hüseynovun əmisidir. Maşallah bu nəsildə hər kəsin özünəməxsus zənguləsi var, Allah vergisidir. Heç birinin fəxri adı olmasa da, öz adları ilə hər zaman tanınanlardan olublar. Bu günlərdə isə ailənin ağsaqqalı Xanhüseyn Hüseynov elə bir ad qoydu ki, elə fəxri adlara bərabərdir...

WhatsApp Image 2026-08-14 at 16.23.32.jpeg (137 KB)

Sevimli sənətkarımız günün birində zəng etdi ki, bəs kəndimizin yolunu abadlaşdırmaq niyyətimiz var, bunun üçün kənd sakinləri, harada yaşamasından asılı olmayaraq, vəsait toplayıblar, istəyirik heç olmasa yolu texnika ilə təmizlətdirək, daş, çınqıl döşətdirək. Bildirdi ki, sakinlər ağsaqqal kimi bu işin təşkilatçılığını ona həvalə ediblər, məsuliyyətli də olsa, razılaşıb. Açığı, bir daha fəxr elədim, özü uzun illərdir Biləsuvar rayonunda yaşasa da, doğma kəndində qapılarından bir-birinin ardınca qıfıl asılmasından daim nigaranlığını dilə gətirən, insanların öz yurdunda qalıb, yaşaması, ocağını kor qoymaması üçün əlindən gələni edən bir sənətkar növbəti dəfə təşəbbüs göstərdi. Amma bir sıra texniki problemlərin həlli lazım idi. Axı, kənd sakinlərinin topladığı vəsait hesabına işləri ərsəyə gətirməkdən ötrü texnika, yük maşınları lazım idi. Elə bu mənada kəndlilərə köməklik göstərməsi xahişini etməkdən ötrü AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli ilə kənd sakinlərinin, ağsaqqallarının görüşmək istəyi barədə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfliyə dediyimiz zaman həmkarımız yaxşı bir təklif verdi. Bildirdi ki, elə xoşbəxtlikdən qurumun rəhbəri cənub bölgəsində vətəndaşları qəbul edəcək, orada qəbula yazılıb xahişi çatdırmaq olar.

WhatsApp Image 2026-08-14 at 16.23.32 (1).jpeg (155 KB)

Beləliklə, vətəndaşlar qəbulda oldular, hörmətli AAYDA rəhbərliyi bu təşəbbüsü çox məmnunluqla qarşılayıb, qurumun Yardımlı rayonu üzrə səlahiyyətli təmsilçisinə müvafiq taşırıqlar verdi və bir müddət sonra işlərə başlanıldı. Daha sonra hamarlanmış, ətrafından su axarı üçün arxlar qazılmış yolun daş-çınqılla döşənməsindən ötrü də müvafiq icazənin alınması lazım idi. Sağ olsun Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova, bu barədə sakinlərin təşəbbüsünü eşidəndə bildirdi ki, belə nəcib təşəbbüsə hər hansı maneçilik yaradılmasını təsəvvürünə gətirmir. Dediyi kimi oldu, bir müddət sonra cənab nazir sakinlərin təşəbbüsünə dəstəyini ifadə etdi və yaxınlıqdakı Alar çayından qum-çınqılın götürülməsinə rəsmi icasə verildi. Eyni zamanda hər iki rayonun icra hakimiyyəti başçıları, yol-istismar idarələri, xüsusilə də Yardımlı rayonunun əlaqədar şəxsləri bu işdə əllərindən gələni etdilər, həm də iki rayon arasında tarixən mövcud olmamış abad yolun tikintisinə dəstək verdilər. Bir neçə ay ərzində Xanhüseyn Hüseynovun, həmçinin onunla birgə fədakarlıqlar göstərən Misir Novruzov, Emin Həşimov, Zeynal Fətullayev və digər dəyərli insanlar necə həyəcanla bu işlərin yekunlaşması üçün çalışırdılar, orada yaşayan hər kəs müşahidə edirdi.

Sosial şəbəkələrdəki kadrlardan baxırdıq ki, Xanhüseyn müəllim və digər təşəbbüskar insanlar bəzən əlləri ilə daşları yerbəyer edir, nəvazişlə el yolunun ərsəyə gəlməsi naminə səy göstərirdilər.

Beləliklə, enişli-yoxuşlu Bilnə-Gendov yolu texnikanın köməyi ilə hamarlandı, rahat şəklə gətirildikdən sonra daş-çınqıl döşəndi və texnika ilə bərkidildi. Eyni zamanda Gendov çayının üstündəki köhnə körpünün yerində yenisi, daha müasiri tikildi və istifadəyə verildi. Bütün bun işlər təkcə bir kənd üçün müstəsna əhəmiyyət kəsb etmir. İki rayon arasındakı bu yolla bağlı Musavat.com illər öncə yazılar yazıb. Hətta millət vəkili Aqil Abbas AAYDA-nın keçmiş rəhbəri Saleh Məmmədova media vasitəsilə müraciət etmişdi. Daha sonra Aqil bəy bildirdi ki, S.Məmmədov yolun tikintisinə söz verib, lakin sonrakı illərdə baş verənlər bu layihənin gerçəkləşdirilməsinə imkan vermədi. Amma istənilən halda, fədakar insanlar əl-ələ verərək böyük bir nümunə göstərdilər və yol elə bir vəziyyətə gətirildi ki, artıq bundan sonra onun asfaltlanması elə də çətin olmayacaq, görüləsi xeyli işlər həyata keçirilib. Bu yol təqribən 40 km-lik məsafədə yerləşən Lerikin mərkəzinə getməyə çətinlik çəkən, yaxud Lerik-Lənkəran marşrutu ilə uzun məsafə qət edib Bakıya gəlmək məcburiyyətində qalan vətəndaşlar üçün çox əlverişli və xeyli qısa marşrut imkanı yaradacaq. Eyni zamanda Lerikin onlarla kəndi Yardımlıya 20-30 dəqiqə vaxt sərf etməklə yetişə biləcəklər. Bu, həm tibbi xidmət imkanı əldə etməkdir, həm bankomatlara əlçatanlıqdır, həm də alış-veriş baxımından işləri asanlaşdırır. Həm də axı, yol mədəniyyətdir. Bölgənin turizm imkanlarının geniş olması, burada Bülüdül suyu kimi turş suyun, minerallarla zəngin bulaqların mövcudluğu, saf iqlimi, dağları, meşələri, çayları məhz abad yolların sayəsində əlçatan olacaq bundan sonra. Daha mərkəzdən gələn qonaqlar avtomobillərini asfaltın son dayanacağında, Yardımlı rayonunun Bilnə kəndində saxlayıb, Lerikin kəndlərinə, yaxud Yardımlının dəniz səviyyəsindən 2 min metr hündürlükdəki Alar və Şıxhüseynli kəndlərinə yük maşınları ilə getməyəcəklər.

Xanhüseyn Hüseynovun ağsaqqallığı, zəhmətkeş kənd sakinlərinin birgə fəaliyyəti ilə başlayan və uğurlu şəkildə həyata keçirilən bu işlər həm də digər kəndlərə stimul verdi. Bu nümunədən bəhrələnən Lerikin digər kəndləri, Şivlə, Osyedərə, Geskon, Biləvər, Zövnə kəndləri də yolların şəxsi vəsaitləri hesabına abadlaşdırılması istiqamətində hərəkətə keçdilər və xeyli işlər gördülər. Çox gözəl və ibrətamiz addımlardır. Bu, həm dövlətə vətəndaş dəstəyi, həm də kəndlərimizin həyatında dönüş nöqtəsidir. Yolu abad olan kəndin sakini öz ocağını söndürüb, qapısını qıfıllayıb, başqa yerlərə üz tutmaz. Gendov kənd sakini dil-ədəbiyyat müəllimi İlkin Əzizli yolun keçdiyi Keronidən bəhs edərkən bu yolu “birlik simvolu” adlandırıb. Çox gözəl tapıntıdır, həm sakinləri birləşdirdi, böyük ürək qoydular bu yol üçün, həm də iki rayon arasında tarixi körpü atıldı... “El bir olsa, dağ oynadar yerindən”, əbəs yerə deyilməyib. Biz də xeyirli-uğurlu və davamlı olsun, deyirik!

LERİKK.jpeg (336 KB)

Zəruri qeyd: Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçımız çox önəmli bir məsələyə toxunaraq demişdi: “Biz isə elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın”. Bəli, bu, çox vacib strategiyadır və paytaxtı ağır yüksən qurtarmağın da yolu buradan keçir. Lerik rayonunun bir sıra kəndlərinin timsalında görülən işləri həm də cənab Prezidentin çağırışına vətəndaşın reaksiyası olaraq dəyərləndirmək olar. İnanırıq ki, bu kimi işlərin ardı gələcək və kəndlərimizin qazlaşdırılması, iş yerlərinin açılması istiqamətində də işlər görüləcək, ölkə başçısının tapşırıqları icra olunacaq.

WhatsApp Image 2026-08-14 at 16.23.33.jpeg (158 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR