Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin davranışı Türkiyədə ciddi müzakirələrə səbəb olub. Qardaş ölkədəki bəzi dairələr fürsətçi davranış nümayiş etdirərək, hərəkətə keçiblər. Ölkələrarası qardaşlıq münasibətlərinə kölgə salmaq üçün bəzi media quruluşlarında və sosial şəbəkələrdə kampaniya başladıblar.
Burada diqqətdən qaçırılmamalı çox mühüm bir məqam var. Bilərəkdən və ya bilməyərəkdən bu dairələr həmin nüansın üzərinə getmirlər. Belə ki, Azərbaycan nümayəndə heyətinin altı üzvündən beşi zalı tərk edib. Yalnız Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Məqsəd Hüseynov zalda qalıb. Buna görə də məsələnin yalnız “Azərbaycan nümayəndəsi zalda qaldı” formasında təqdim edilməsi mənzərəni tam əks etdirmir. Üstəlik, BMT-də hər hansı ölkə nümayəndəsinin çıxış zamanı zalı tərk etməsi məcburi diplomatik prosedur deyil, siyasi etiraz jestidir. Məhz bu səbəbdən Türkiyədən gələn reaksiyalarda da hadisənin bütün detalları nəzərə alınmalıdır. Azərbaycanla Türkiyə arasında münasibətlər adi diplomatik əlaqələrdən çox-çox kənardadır. İki ölkə strateji müttəfiq və qardaş dövlətlərdir. Ancaq qardaşlıq Azərbaycanın müstəqil dövlət olması reallığını dəyişmir. Bakı hər hansı məsələdə öz xarici siyasət xəttini, diplomatik davranışını və milli maraqlarını özü müəyyənləşdirir. Bu məsələnin Türkiyədə Azərbaycan əleyhinə emosional kampaniyaya çevrilməsi isə iki qardaş ölkə arasında arzuolunmaz və xoşagəlməyən durum yaradır.

Nə üçün Azərbaycan nümayəndə heyətinin digər üzvlərinin zalı tərk etməsi faktı müzakirələrin böyük hissəsində nəzərə alınmır? Məqsəd Hüseynovun zalda qalması bütövlükdə Azərbaycanın mövqeyi kimi təqdim edilməlidirmi? Qardaşlıq qarşılıqlı hörməti, Azərbaycanın isə müstəqil dövlət olduğunu nəzərə almağı tələb etmir?
“Azərbaycanla Türkiyə arasındakı münasibətləri BMT zalında bir diplomatın oturub-oturmaması ilə ölçmək ən azı siyasi ciddiyyətdən uzaq yanaşmadır. İki dövlət arasında münasibətlərin arxasında yüzillik tarixi bağlar, Şuşa Bəyannaməsi ilə təsbit olunmuş müttəfiqlik və ən çətin günlərdə sınaqdan çıxmış qardaşlıq dayanır. Belə münasibətləri sosial şəbəkədə bir foto və ya bir neçə saniyəlik görüntü üzərindən müzakirəyə çıxarmaq doğru deyil”.
Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O qeyd edib ki, Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı çoxsaylı ölkələrin nümayəndələri zalı tərk ediblər:
“Bu, diplomatik protokolun məcburi tələbi deyil. Zalı tərk etmək siyasi etiraz formasıdır. Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin I katibi Məqsəd Hüseynovun zalda qalması isə avtomatik şəkildə “Azərbaycan İsrailin bütün siyasətini dəstəklədi” mənasına gətirilə bilməz. Diplomatiya sosial şəbəkə məntiqi ilə işləmir. Diplomatın zalda olması hələ dövlətin həmin tribunadan səslənən hər fikrə şərik olması demək deyil. Dövlətlərin mövqeyi onların rəsmi bəyanatları, səsvermələri və həyata keçirdikləri xarici siyasətlə müəyyən olunur”.
Parlamentari burada məsələnin başqa və daha vacib tərəflərinə toxunmağının vacibliyini xüsusi olaraq önə çəkib:
“Azərbaycan müstəqil dövlətdir və öz xarici siyasətini milli maraqları əsasında müəyyənləşdirir. Bakı həm Türkiyə ilə strateji müttəfiqdir, həm İsraillə münasibətlərə malikdir, həm də Fələstin məsələsində uzun illərdir öz mövqeyini ortaya qoyub. Bunların bir-birinə qarşı qoyulması diplomatiyanın mahiyyətini sadələşdirməkdir. Türkiyə bizim üçün sadəcə qonşu və tərəfdaş deyil, qardaş dövlətdir. Məhz buna görə də qardaşlıq münasibətlərinə münasibətdə məsuliyyət daha böyük olmalıdır. Qardaşlıq o demək deyil ki, iki müstəqil dövlət hər beynəlxalq məsələdə eyni diplomatik davranışı nümayiş etdirməlidir. Qardaşlıq ilk növbədə qarşılıqlı hörmət, etimad və bir-birinin milli maraqlarına həssas yanaşmaqdır. Türkiyədə ayrı-ayrı media qurumlarının və sosial şəbəkə istifadəçilərinin bu epizoddan Azərbaycan əleyhinə kampaniya yaratmağa çalışması isə ilk növbədə Azərbaycan-Türkiyə münasibətlərinin ruhuna uyğun deyil. Bir kadrı götürüb bütöv dövlət siyasəti kimi təqdim etmək jurnalistika deyil, manipulyasiyadır. Unutmayaq ki, Azərbaycan-Türkiyə qardaşlığı bir BMT iclasında yaranmayıb ki, bir BMT iclasında da zədələnsin. Bakı ilə Ankaranın münasibətləri emosional sosial media dalğalarından qat-qat böyükdür. Bu münasibətlərin arxasında iki dövlətin siyasi iradəsi və iki xalqın qardaşlığı dayanır. Fürsət axtaranların isə bu münasibətlər arasında çat yaratmaq cəhdi əvvəllər də nəticə verməyib, bundan sonra da verməyəcək”.
Cavanşir Abbaslı
Musavat.com
13 Oktyabr 2026
00:33 Böyük Britaniyadan İrana qarşı SANKSİYA ZƏRBƏSİ: Baş nazir SEPAH-ın partlayış planını açıqladı
12 Oktyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ