İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tarlalarla ölkənin taleyi dəyişəcəkdi – Təxmin edilməyən şeylər oldu

İndoneziyada illər əvvəl ərzaq istehsalını artırmaq məqsədilə həyata keçirilən nəhəng kənd təsərrüfatı layihəsi ölkə tarixinin ən böyük ekoloji uğursuzluqlarından birinə çevrilib. Mütəxəssislər bildirirlər ki, bataqlıq ərazilərin düyü tarlalarına çevrilməsi planı gözlənilən nəticəni verməyib və bölgədə torpaq çökmələri, quraqlıq, eləcə də genişmiqyaslı meşə yanğınları ilə nəticələnib.

Musavat.com xəbər verir ki, söhbət 1996-cı ildə Borneo adasında həyata keçirilən "Mega Düyü Layihəsi"ndən gedir. Layihə çərçivəsində təxminən 1 milyon hektar bataqlıq ərazinin kənd təsərrüfatına cəlb olunması nəzərdə tutulurdu. Bunun üçün bölgədə suyun axıdılması məqsədilə ümumi uzunluğu 4 500 kilometrə çatan kanal sistemi qazılıb.

Lakin torpaq gözlənilən məhsuldarlığı vermədiyindən layihə 1999-cu ildə dayandırılıb. Buna baxmayaraq, qazılmış kanallar torpağın təbii su balansını pozaraq bataqlıqların qurumasına səbəb olub. Nəticədə torf torpaqları çökməyə başlayıb, quraqlıq güclənib və bölgədə nəzarətdən çıxan meşə yanğınları tez-tez baş verib.

Sonrakı illərdə hökumət və ekoloqlar ərazinin bərpasına çalışıblar. Kanalların üzərində taxta bəndlər tikilərək suyun saxlanılması və bataqlıqların yenidən nəmləndirilməsi hədəflənib. Bəzi ərazilərdə su səviyyəsini qismən bərpa etmək mümkün olsa da, torpağın çökməsi və ekosistemin ciddi şəkildə zədələnməsi bərpa işlərinin effektivliyini məhdudlaşdırıb.

Mütəxəssislərin sözlərinə görə, torpaq strukturunun dəyişməsi səbəbindən sonradan əkilən ağaclar və digər bitkilər də quraq mövsümlərdə yaşamaq üçün kifayət qədər əlverişli şərait tapa bilmir.

Bütün bu uğursuz təcrübəyə baxmayaraq, İndoneziya hökuməti 2020-ci ildə Borneo adasında təxminən 900 min hektar ərazini əhatə edəcək yeni düyü layihəsi hazırladığını açıqlayıb.

Lakin pilot mərhələdə aparılan sınaqlar mütəxəssislərin narahatlığını artırıb. Belə ki, ilk 80 hektarlıq sahədə əldə olunan məhsuldarlığın ölkənin əsas kənd təsərrüfatı bölgələrindəki göstəricilərdən təxminən iki dəfə aşağı olduğu bildirilib. Ekoloqlar hesab edirlər ki, torpağın xüsusiyyətləri nəzərə alınmadan həyata keçirilən iri layihələr uzunmüddətli iqtisadi faydadan daha çox ekoloji problemlərə səbəb ola bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2026

BÜTÜN XƏBƏRLƏR