Onlayn ictimai-siyasi qəzet
Nizami rayonunun Rüstəm Rüstəmov küçəsində hər gün yüzlərlə avtomobilin keçdiyi çuxurlar uzun müddət sakinlərin həyatının ayrılmaz hissəsinə çevrilmişdi. İndi isə həmin mənzərə dəyişir – yol asfaltlanır. Küçənin bir neçə yol ayrıcında, eləcə də həyətlərə gedən girişlərin düz ortasında yaranmış iri çuxurlar həm sürücülərin, həm də piyadaların narahatlığına səbəb olurdu. Xüsusilə avtomobillə həmin ərazilərdən keçmək sürücülər üçün ciddi sınağa çevrilmişdi. Çuxura düşən avtomobil silkələnir, təkərlər və digər yürüş hissələri zədələnir, sürücülər isə hər dəfə eyni problemlə üz-üzə qalırdılar.
“Bir dəfə maşınımızın təkəri bu çuxurda elə zədələndi ki, dəyişməyə məcbur olduq. Az qala hər gün eyni narahatlıqla yola çıxırıq. Yolun üstünün örtülməsini gözləməkdən yorulmuşuq”, – sakinlərdən biri Musavat.com-a bildirmişdi.
Musavat.com olaraq məsələni dəfələrlə gündəmə gətirmiş, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) və Nizami Rayon İcra Hakimiyyətinə müraciət etmişdik. Nəhayət, sakinlərin gözlədiyi iş görülür. Rüstəm Rüstəmov küçəsində problemli ərazilərdən biri asfaltlanır.

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı Musavat.com-a bildirib ki, ərazidə 160 metr uzunluğunda yol asfaltlanıb. Bu isə uzun müddətdir çuxurlardan əziyyət çəkən sürücülərin narazılığının müəyyən qədər aradan qalxması deməkdir.
Sakinlər deyirlər ki, hər gün avtomobillərini həmin yoldan keçirərkən yaşadıqları əziyyət artıq geridə qalır. İcra Hakimiyyətindən bildirilib ki, növbəti mərhələdə “8-ci kilometr” bazarına gedən yolun təmiri nəzərdə tutulur. Lakin ərazidə problem yalnız əsas küçə ilə məhdudlaşmır. Məhəllədaxili yolların vəziyyəti də ürəkaçan deyil. Yağıntılardan sonra dərin çuxurlar su ilə dolur və ərazi sanki kiçik gölməçələrə çevrilir. Bu isə xüsusilə uşaqlar üçün təhlükə yaradır.
Valideynlər bildirirlər ki, azyaşlı övladlarının həmin ərazilərdə yıxılaraq xəsarət almasından narahatdırlar. Həyətyanı yollara daxil olan avtomobillərin çuxurlar səbəbindən silkələnməsi, təkərlərin və avtomobillərin digər hissələrinin sıradan çıxması isə artıq sakinlərin gündəlik həyatının bir hissəsinə çevrilib.
Sakinlərin əsas gözləntisi isə məhəllədaxili yolların da mərhələli şəkildə təmir olunmasıdır.
Görünən odur ki, Rüstəm Rüstəmov küçəsində uzun müddət davam edən problemin həlli istiqamətində ilk addım atılıb. İndi sakinlər “8-ci kilometr” bazarına gedən yolun və məhəllədaxili küçələrin də eyni aqibəti yaşayacağı günü gözləyirlər.


Şahanə Rəhimli
Musavat.com
08 Sentyabr 2026
ŞƏRHLƏRŞƏRH YAZ