Onlayn ictimai-siyasi qəzet
O gün özünü ictimai fəal-jurnalist adlandıran biri ölkə üzrə dələduzluqda ad çıxarmış şəxsi elə cani-dildən müdafiə edirdi ki, şok keçirdim. Adam az qala ekrandan barmağını gözümüzə soxaraq deyirdi ki, dələduza dələduz deməyə haqqınız çatmır. Bir az da keçsə, ağzı köpüklənərək, “nə olsun ki, çox adama pul atıb. Zato yaxşı kişidir” deyəcəkdi. Mən belə psevdo fəallardan gördüyümü görmüşəm deyə üzərində çox dayanmaq istəmirəm. Amma baxıram ki, bir az da keçsə, cəmiyyətdə dələduzları, şarlatanları, psevdo həkimləri... müdafiə edənlərin sayı artacaq. Oğrunun günahı olmadığını, ev sahibinin sadəlövh, tədbirsiz, ağılsız, maymaq... olduğunu düşünənlər çoxalıb. “Bacarana baş qurban” məsəli bəlkə də bizim ölkədəki kimi heç yerdə bu qədər çox işlənmir. Ümumiyyətlə, bilmirəm, uzaq Afrikada, Amerikada, ya da Portuqaliyada dələduzlara stimul verən, onların ağlına heyranlıq duyan el məsəlləri mövcuddurmu?
Dəli olmamaq əldə deyil. Həkimə gedirsən, onun diplomsuz, təhsilsiz biri olmadığından əmin deyilsən. Özün yoxlamalısan. “Düzgün həkim tanışın var?” bu cümləni ancaq bizim ölkədə qururlar bəlkə də. Necə yəni, düzgün, diplomlu, həqiqi həkim? Amma var axı. Adam özünə saxta diplomlar düzəldir, otaq kirayələyir, müayinələr, hətta əməliyyatlar həyata keçirir. Bir klinikada insanları şikəst edir, ordan qovurlar. Bir-iki ay sonra başqa klinikada üzə çıxır. O gün bir xəstəsini plastik əməliyyat zamanı yarıcan edən birinin o klinikanın həkimi yox, mühasibi olduğu üzə çıxmışdı. Xəstə verib klinikanı və onu əməliyyat edəni məhkəməyə. Klinikanın hüquqşünasları at kimi dirəniblər xəstənin üzünə ki, bizdə elə həkim yoxdu, o, bizim mühasibdir. İndi camaat neyləsin? Əməliyyata girmədən əvvəl detektiv tutub həkimin şəcərəsini araşdırsın, yoxsa əməliyyatın videosunu çəksin? Plastik “həkim”ə deyirsən, məni əməliyyat elə, həkim sənin narkozlu bədəninin ətrafında göbək rəqsi oynayır. Özü də hər əməliyyata uyğun, fonda fərqli musiqi olur. Məsələn, əgər xəstə sinə əməliyyatı edirsə, fonda Tatlısəsin “Tombul, tombul məmələr” mahnısı səslənir. Ya da... lənət sənə kor şeytan... Bu hadisəni eşidən orta statistik azərbaycanlı da dələduz həkimi qoyur qırağa, düşür o bədən şəkilləndirmə etmək istəyən xəstənin canına: “Əcəb olur onlara... Allahın verdiyinə niyə qane olmurlar?”. Gör heç sözdür? Bu əməliyyatı etdirmək qanunla qadağan olunmayana qədər heç bir pasiyent buna görə mənəvi-hüquqi məsuliyyət daşımır. Siz “həkim”lərinizi rəqs meydançasından yığışdırıb, diplomlarını yoxlatdırın, sonra danışaq.
Benzin alırsan, yanacaqdoldurma məntəqəsinin üstündəki adı diqqətlə oxumalısan. Çünki tanınan firmanın adında bir hərfi dəyişib, camaatı aldadırlar. Şirniyyat alırsan, üstündə Filankəsoğlu firması yazıb, Badamdarda hansısa bir sexdə istehsal edildiyi qeyd edilir. Nə təminat var, nə tərkibi barədə məlumat. Halbuki marketə yol tapıb. Hə, market demiş, piştaxtada bir, kassada başqa qiymətə satılan məhsul problemi hamımızın başına gəlib. Amma məhsulun istifadə müddəti də bir başqa dərddir. Adamlar istifadə müddəti keçmiş məhsulu qoyub satışa, sən də baxmadan almısan. Ya da gözün o mikroskopik ölçüdə yazılan yazını görməyib deyə yoxlamamısan. Qayıdıb etiraz edirsən, üzünə dururlar ki, səni aldatmamışıq ha, üstündə son istifadə müddəti yazılıb da, özün baxaydın. İzah edə bilmirsən ki, sən bir mağaza olaraq istifadə müddəti keçmiş məhsulu satışda saxlaya bilməzsən...
Sonra da deyirlər, Azərbaycan insanı niyə bu qədər gərgindir, niyə antidepresan atanların sayı ildən-ilə artır? Davamlı olaraq tətikdəsən. Bu ölkədə dələduzların hədəfi olmamaq bir sənətdir. Əlin ürəyində yaşayırsan. Süni intellekt çıxandan bəri də ümumən gərginsən. Ananın-atanın, doğmalarının səsini təqlid edib, səndən pul istəmə dönəmi başlayıb. Gəl indi sən “anana-atana” yox de. Ya da özünü bank işçisi kimi təqdim edib, bank kartının şifrəsini istəyənə necə “rədd ol başımdan” deyə bilərsən? Heç bir bəladan sığortalanmamısan. Adam tanıyıram ki, illər əvvəl torpaq sahəsi alıb, dünən gedib görüb ki, onu daha 2 nəfərə də satıblar, onlar da orda ev tikib. Heç kəsə heç nə sübut edə bilmir. Çoxmərtəbəli binalar tikən tikinti şirkətləri illərdir nə hoqqalardan çıxırlar? Qızın, pardon, mənzilin 2-3 adaxlısı olur, aləm dəyir bir-birinə...
Bayaq da oxuyuram ki, Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası ilə bağlı ən son məlumat açıqlanıb. 2026-cı ilin geridə qalan dövründə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 760 uşağa verilib. Necə də ironik bir mənzərədir. Ölkəmizdə uğur anlayışını 7 milyon cür qəbul edən insan var. Halbuki onun vahid bir izahatı mövcuddur: çalışqanlıq, dürüstlük, savad.... Bunlardır uğura aparan yol. Bizdəsə çox adamın dilinin əzbəri “bacarana baş qurban”dır. Dələduzdu, saxtakardı, şarlatandı??? Nolsun ki, aldanmayaydınız... O, sənə 9-cu mərtəbədən at desə, atacaqsan? Beləcə, mübahisə qapanır. Allah adı Uğur olan uşaqlara isə gerçək uğuru qismət etsin, nə deyək?
17 Avqust 2026
16 Avqust 2026
ŞƏRHLƏRŞƏRH YAZ