İnsanlara hürriyət, millətlərə istiqlal!

“Donald Tramp tərəfindən ona verilmiş mandatla Bakıya gəlir, çünki…”

ABŞ-nin vitse-prezidenti Ceyms Vensin Bakıya gözlənilən səfəri əlamətdar və tarixi hadisədir.

Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin iclasında deputat Kamran Bayramov deyib.

KAMRAN.jpg (48 KB)

Deputat əlavə edib ki, ənənəvi olaraq, Ağ Evin yeni administrasiyası işə başlayanda onun səlahiyyət müddətinin ilk ayları xarici siyasət istiqamətlərinin formalaşması ilə bağlı olur:

“Ölkənin ikinci şəxsinin Azərbaycana göndərilməsi qərarı isə Tramp komandasının Cənubi Qafqazla, xüsusən də Azərbaycanla bağlı nümayiş etdirdiyi prioritetlərdən xəbər verir. Bu cür səfərlərin simvolizmi nadir hallarda təsadüfi olur. Ceyms Vens respublikaçıların Ağ Evə qayıtmasından sonra Azərbaycan-ABŞ münasibətlərində transformasiyanın baş verdiyi bir dövrdə Bakıya gəlir. Bu dəyişikliklərin dinamikası iki liderin avqust görüşündən əvvəl də telefon danışıqları və məktub mübadiləsi yolu ilə yaranmağa başladı, bu təmaslar zamanı liderlərin qlobal və regional məsələlər üzrə mövqeləri müəyyən edildi”.

Kamran Bayramov bildirib ki, Bayden administrasiyası dövründə pisləşən Azərbaycan-ABŞ münasibətlərinin bərpasında Donald Trampın şəxsi rolu xüsusi diqqətə layiqdir:

“ABŞ prezidenti beynəlxalq məsələlərə praqmatik yanaşması ilə tanınır və burada digər ölkə liderləri ilə şəxsi münasibətlər mühüm rol oynayır. İlham Əliyevlə Donald Tramp arasında Vaşinqtonda, Misirdə və Davosda keçirilən görüşlər və təmaslar iki dövlət başçısı arasında maraqların uzlaşmasına əsaslanan işgüzar dialoqun qurulduğunu nümayiş etdirdi.

Ceyms Vensin ölkəmizə səfəri isə bu yüksək səviyyəli təmaslar ardıcıllığına uyğun gəlir. Sirr deyil ki, ABŞ-nin vitse-prezidenti Donald Tramp tərəfindən ona verilmiş mandatla Bakıya gəlir, çünki Ceyms Vens Azərbaycanla münasibətlərin dərinləşməsinə dair xarici siyasət qərarlarını qəbul edən komandanın mövqeyini təmsil edir”.

Deputat vurğulayıb ki, bu gün Cənubi Qafqaz regionu dönüş dövrünü yaşayır:

“Qarabağ münaqişəsinə son qoyulması, regionda sülhün bərqərar olması, güclər konfiqurasiyasının dəyişilməsi və yeni nəqliyyat dəhlizlərinin açılması xarici oyunçuların regiona marağını əhəmiyyətli dərəcədə artırır. Tramp administrasiyası isə abstrakt və ideoloji mövqelərə deyil, iqtisadi maraqlara və geosiyasi reallıqlara əsaslanan münasibətlər qurmağa hazır olduğunu nümayiş etdirir.

Beləliklə, ABŞ vitse-prezidentinin Bakıya səfəri Tramp administrasiyasının sələflərindən miras qalmış xarici siyasət prioritetlərini fəal şəkildə yenidən nəzərdən keçirdiyi bir vaxta təsadüf edir. Bununla da Cənubi Qafqaz regionu əvvəlki illərdə toplanmış stereotiplər və qərəzli yanaşma yükündən azad olunaraq obyektiv və ədalətli qiymət almaq şansını əldə edir.

Azərbaycan isə alternativ yanaşmaları dinləməyə və nəzərdən keçirməyə hazır olan bir administrasiyaya qlobal və regional məsələlərlə bağlı mövqeyini sərgiləmək, qəbul etdirmək imkanını qazanır”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2026

05 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR