Onlayn ictimai-siyasi qəzet
İnanın, heç vaxt özümü bizim milli hərəkatın nəinki aparıcı, heç nəzərəçarpacaq bir siması kimi də sırımaq istəməmişəm cəmiyyətə, yox, bizdən xeyli öndə və əvvəldə olan adamlar vardı, hansılar ki, bu prosesdə daha böyük rol oynamışdılar və əminəm ki, tarix gec-tez onların da qiymətini verəcək – bəli, şşişirtməsiz-filansız, amma layiqli...
Özümə gəldikdə o vaxt AXC-nin, sonra da AXCP-nin az qala, bütün seçkili orqanlarını, necə deyərlər, dişimlə-dırnağımla, vuruşa-vuruşa, keçmişdim və insafən, cənhəçilərin əksəriyyəti, bir-iki qaragüruhçunu çıxmaqla, qeyri-təvazökarlıq olmasın, çox qiymətləndirirdilər məni.
Başqa partiyaya getmək ərəfəsində, sonuncu Məclisdə namizədlyimi AXC Ali Məclsinin sədr müavinliyinə də irəli sürmüşdülər, özüm geri götürdüm, etməsəydim, problemsiz-filansız keçəcəkdim...
Bunu niyə deyirəm? Başqa partiyaya getməyi həyatımın ən bağıışlanmaz səhvi hesab edirəm. Ona görə ki, sonrakı çətin durumda mən “cəbhəçi”lərin yanında olmadım. Yox, demirəm ki, nəsə fundamental şəkildə dəyişəcəkdi, yox, mənli-mənsiz, nə olmalı idisə, o, da olacqdı...
Mənimsə ən böyük səhvim nədəydi? Təsadüfən hətta rəhmətlik Mirzə Xəzərə də deyəndə ki, AXCP-dən başqa bir partiyaya keçmişəm, adam qayıtdı ki; özün bilərsən, amma AXC-AXCP Azərbaycan partiyalarının ən demokratikidir.
Özüm də başqa partiyada buna iki-üç aydan sonra təkrar, daha ciddi şəkildə əmin oldum, başa düşdüm ki, məni bu yeni təşkilatımda heç kim gözləmirmiş, əksinə dəfələrlə deyirdilər ki, AXCP-dən düz etdin çıxdın, amma gərək bizim partiyaya da gəlməyəydin.
Məsələn, az qala, hər gün “Azadlıq” radiosuna müsahibələr verirdilər, amma məni görəndə soruşurdular ki, radio hələ işləyir?..
Təkrar olaraq, hətta özümdən soruşuram: niyə bunlarla başınızı ağrıdıram? Ona görə ki, inanın, həqiqətən də bu ölkədə AXC-AXCP-dən demokratik partiya, Əbülfəz bəydən də demokrat siyasətçi yox idi.
Hamı bilir, mən liberal dəyərləri çox təbliğ edən adam olmuşam və Hikmət bəydən sonra bu işi imkan daxilində davam etdirməyə çalışan adam kimi indi demək olar, tamam tək qalımışam.
Burada rəhmətlik Hikmət bəylə bu məsələdə özüm arasındakı fərqi deyim. Hikmət bəy daha çox bir demokrat, demokratiya lideri və təbliğatçısı kimi çalışırdı. Mənsə bu problemə daha çox politoloji məqamlardan yanaşırdım, başqa ideologiyaları da diqqətdə saxlamağa, nəzərdən keçirməyə cəhd edirdim. Əlbəttə, mən də Moskva mühitində təhsil almış adam idim və bəlkə kiməsə xoş gəlməyəcək, amma özümdəki bir-iki yaxşı keyfiyyətə görə ilk növbədə Moskva Universitetinə borcluyam.
Yəni dediyim budur ki, özüm də daha çox liberal düşüncəli adam olmuşam və indi də beləyəm, hərçənd, bütün insanlar gənclikdə daha çox liberal olur, daha çox azadlıq istəyir, amma qocalanda dönüb mühafizəkara çevrilirlər. Etiraf edim ki, indi şəxsən məni də müsəlman – şərq intellektualları daha çox cəlb edir. Həm də 93-cı ilin qızmar yayında başa düşdüm ki, ölkənin müstəqilliyi, suverenliyi qalacaq, amma demokratiya, insan haqları ilə bağlı çox ciddi problemlər yaşanacaq. Həqiqətən də belə oldu. Ona görə daim deyirdim ki, insan haqlarını, liberal dəyərləri, demokratiyanı qabartmalıyıq.
Daha bir məsələni də deyim. Bizim millət, ya bir cəmiyyət olaraq gücümüz hələki yalnız Azərbaycanı müstəqil, onun ərazi bütövlüyünü təmin etməyə çatıb. Bu işdə əməyi olan cəmi insanlar qiymətlidir və mən son əsrdəki İstiqlaliyyat simalarımızı məhz bu cür cərgələyərdim: Rəsulzadə, Düdənginski, Elçibəy və Heydər Əliyev!..
Əbülfəz bəyin prezident olduğu vaxtda deyəsən, biz artıq “Paris xartiyası” kimi sənədlərə quşulmuşduq. Məncə, hətta Avropa Şurasına da müraciət olmuşdu. Bütün hallarda, adda-budda yazılanlardan belə məlum olurdu ki, bir neçə post-sovet ölkəsi Avropa Şurasına qəbul olunacaq və bu məsələ rəhmətlik Heydər Əliyevin vaxtına təsadüf etdi. Sözüm budur ki, Avropa Şurası sırf liberal dəyərlər əsasında qurulmuş bir institutdur –vətəndaş hətta öz hakimiyyətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət edir! Bundan böyük liberalizm ola bilərmi?
Yeri gəlmiş, bizi Avropa Şurasına qəbul edəndə müxalifətimizin də dəstəyi istənilmişdi və onlar bu dəstəyi verdilər və düz də etdilər: daim Qərbi, Avropanı söyən - yamanlayan nə qədər insanlar sonradan hüquqi dəstəyi məhz Avropa Məhkəməsində tapdı...
Bilirsiz, mən bütün bu prosesi yazsam sanballı kitab alınar. İndi burada iki-üç faktı gətirməklə kifayətlənirəm. Gələk Əbülfəz bəyə. Mənim onunla da bu məsələlərlə bağlı iki dəfə böyük söhbətim olub, bir dəfə Kələkidə, bir dəfə də Yasamaldakı (əgər səhv etmirəmsə!) evində. Bəy, bir daha deyirəm ki, demokratiyanın problemlərini gözəl bilirdi. Bir sözü hələ də yadımda qalıb. Adam dedi ki, bizim sosial-demokratlar məni sevmir, amma mən çox istəyirəm ki, Azərbaycanda güclü sosial-demokrat partiyası olsun, çünki sərt bazar iqtisadiyyatı insanı əzə bilər – inanın, necə demişdisə, elə də yaddaşıma həkk olubdur.
Liberalizmə gəldikdə, mənə bir dəfə dedi ki, ömrüm boyu özümə türk millətçisi demişəm, bundan sonra durub özümə libreal deyə bilmərəm. Amma nə burada maraqlıdır? Bir moskvalı politoloq vardı, Furman, yaxud da ki, Furmanov. Bu adamın azərbaycanlılarla, hətta çeçenlərlə çox maraqlı və orijinal fikirləri vardı. Onunla da iki dəfə söhbət etmişdim. Maraqlısı nə idi? O, bizim qərbçi sosial-demokratlardan da çox Əbülfəz bəyə önım verir və söyləyirdi ki, sizin Elçibəy millətçiliklə liberal dəyərləri, liberalizmi çox gözəl uzlaşdıra, birləşdirə bilir.
Bəli, Əbülfəz bəy belə adam idi. Bilirsiniz, savad-filan öz yerində, amma bəzi şeyləri başa düşmək üçün yaş da tələb olunur. İnanın, mən son dövrlərdə, altmışı keçəndən sonra anlamağa başladım ki, bəli, indi hansısa aparıcı, hətta hakimiyyət partiyasının ideoloji işini qura, onun analitik mərkəzinə rəhbərlik edə bilərəm. Bəli, 35 il qabaq yox, məhz indi, yaşım altmışı keçəndən sonra...
Beledəsə, RUHUN mübarək, Əbülfəz bəy! Sən də Mahatma kimi bir dərviş idin.
Vaxtilə yaxın dostlardan biri, gənc yazıçı həmkarımız da Kələkiyə gedib Əbülfəz bəydən müsabibə götürmüşdü. İnsan kimi də təəssüratını soruşdum. Bir cümləylə “O kişi şamandır!” dedi. Şübhəniz olsa, həmin adamın lap adını da yaza bilərəm – şükür Allaha, sağ-salamatdır, çoxdan görməsəm də əqidəsini dəyişən adam deyil məncə...
Son olaraq nə demək istəyirəm? Bəyin opponentləri də partiyalarında özlərini bəy kimi aparmaq istəyirdi. Onlardan fərqli Əbülfəz bəy sözün əsı mənasında BƏY idi. Burada da hətta AXC-dən də əvvəl onu tanıyan adamlardan konkret misal deyə bilərəm. İki alim tanıyırdım, özü də ki, təbiət elmləri sahəsində. Onlar da Bəyi Moskvadan tanıyırdılar, az qala, neçə ay bir otaqda yaşamışdılar və AXC-yə təzə sədr olanda, bəlkə də lap ilk mitinqlər zamanı (indi dəqiq xatırlamıram!) mənə onun haqqında çox danışmışdılar. Çox adam bəlkə bilmir bunu, gəl, onların dediyinə görə Əbülfəz bəy tarixçi olsa da həm də elmşünaslıqla çox ciddi maraqlanırmış, mənə bunu da danışmışdılar.
Bu marağı bəlkə ona rəhmətlik Xudu Məmmmədov aşılamışdı, çünki yaddaşım aldatmırsa, sonuncunun hətta bu haqda kitabı da vardı. Təbii, bunun indi bir önəmi yox – hər ikisinin ruhu şad olsun...
27 Iyun 2026
ŞƏRHLƏRŞƏRH YAZ