İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan adamını Putinlə danışığa göndərir – Yeni gəlişmə

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 15-17-də Rusiyaya səfər edəcək. Onun Moskvaya gedişi regionda və dünyada mürəkkəb geosiyasi proseslərin yaşandığı bir dövrə təsadüf edir. Ankara ilə Moskva arasında münasibətlər son illərdə həm əməkdaşlıq, həm də rəqabət elementləri ilə müşayiət olunduğundan, bu səfər növbəti diplomatik təmasdan daha böyük məna daşıyır.

Rusiya-Ukrayna müharibəsinin taleyi, Yaxın Şərqdə artan gərginlik, ABŞ-İran münasibətlərindəki qeyri-müəyyənlik, Suriya və Cənubi Qafqazdakı proseslər fonunda prezident Rəcəb Tayyib Ərdoğanın ən yaxın siyasi fiqurlarından biri hesab olunan Hakan Fidanı Moskvaya göndərməsi diqqət çəkməyə bilməz. Bu səfər Türkiyənin regional güc kimi vasitəçilik imkanlarını genişləndirmək, həm də sürətlə dəyişən beynəlxalq nizamda öz maraqlarını qorumaq məqsədi daşıya bilər.

Qeyd edək ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin əvvəlindən həm Kiyevlə, həm də Moskva ilə dialoqu qoruyan yeganə NATO ölkələrindən biridir. Son aylarda Vaşinqtonla Tehran arasında artan gərginlik regionu yeni müharibə riskinə yaxınlaşdırır. Türkiyə İranla qonşu və mühüm iqtisadi tərəfdaşdır, Rusiyanın isə Tehranla strateji əməkdaşlığı var.

Ankara və Moskva regionun genişmiqyaslı müharibəyə sürüklənməsinin qarşısını almaq üçün mövqelərini uzlaşdırmağa çalışa bilər.

Bütün bunların fonunda şübhəsiz ki, Hakan Fidanın Moskva səfəri sadəcə Türkiyə-Rusiya münasibətlərinin deyil, Ukraynadan Qafqaza, Suriyadan İrana qədər uzanan geniş geosiyasi gündəliyin müzakirə ediləcəyi mühüm diplomatik missiya xarakteri daşıyır.

Politoloq Məhəmməd Əsədullazadə: "İran ABŞ-ni quru əməliyyatlarına cəlb  etməyə çalışır ki, "qonaqlar"a FPV dronları ilə zərbə endirsin"

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a bildirib ki, Fidanın Rusiyaya səfəri son illər ikitərəfli əlaqələrdə yaranan soyuq münasibətlərdən qaynaqlanır: “Türkiyə regionda kifayət qədər güclənib. Xüsusilə, Suriyada həlledici qələbə qazanıb. Bu gün Rusiyanın mövqeyi kifayət qədər zəifləyib. Fidanın Rusiyaya səfərində əsasən Ukrayna məsələsi müzakirə predmeti olacaq. Həmçinin ikitərəfli siyasi və iqtisadi əlaqələrin inkişafı əsas müzakirələr sırasında olacağı istisna deyil. Yeni regional şərtlər formalaşır. Türkiyənin yeni geosiyasi maraqları var. Rusiya ilə daim normal münasibətlər sistemi qurulsa da, Moskva Ankaranın artan geosiyasi mövqelərini qəbul etmək istəmir”.

Onun sözlərinə görə, hətta bir müddət gündəmdə olan Ərdoğan-Putin görüşü də məhz Kreml tərəfindən təxirə salınıb: “Türkiyə Ermənistanla bağlı məsələni müzakirə edəcək. Düşünürəm ki, Rusiya və Türkiyə arasında daim geosiyasi rəqabətlər olub. Tərəflər bir müddət yaxınlaşsa da, taktiki və strateji olaraq rəqibdir. İndi Türkiyə güclü tərəfdir. Hesab edirəm ki, bu görüşdə Ukrayna-Rusiya arasında yenidən vasitəçilik üzrə İstanbulda danışıqlar baş tuta bilər. Rusiya da Türkiyənin vasitəçiliyinə maraqlıdır”.

Cavanşir Abbaslı,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2026

10 Iyun 2026

BÜTÜN XƏBƏRLƏR